“Azərbaycan İrana qarşı güc tətbiqi üçün münasib məkan kimi nəzərdən keçirilir” – ABŞ-da yaşayan POLİTOLOQ

Baxış sayı:
4345

Avqustun 5-də Dağlıq Qarabağda Ümumerməni İdman Oyunlarının açılışında çıxış edən Ermənistanın baş naziri Nikol Pashinyan deyib ki, "Arsax" Ermənistandır, vəssalam". "Biz məsələnin sülh yolu ilə həllinə tərəfdarıq. Bizim üçün Ermənistanın və Arsaxın təhlükəsizliyinin möhkəmləndirilməsi mütləq prioritet olaraq qalır", - baş nazir deyib.Onun çıxışı Azərbaycanda mediada və sosial şəbəkələrdə geniş müzakirə olunur.Azərbaycan Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, Rəsmi Bakı Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində "Qarabağ Ermənistandır" sözlərini qəti şəkildə rədd edir. "Dağlıq Qarabağ Azərbaycandır! Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissəsidir" deyə H.Hacıyevin şərhində qeyd edilir.Paşinyan bu bəyanatı ilə nə demək istəyir? Politoloq Ərəstun Oruclu bu barədə ASTNA-nın suallarını cavablandırıb.
 
-Ərəstun bəy, Dağlıq Qarabağda Ümumerməni İdman Oyunlarının açılışında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, "Arsax" Ermənistanındır. Bu bəyanat Azərbaycanda xeyli səs-küyə səbəb olub. Sizcə, Paşinyanın bu bəyanatı nəyə hesablanıb?
 
-İlk növbədə, onu qeyd edim ki, Paşinyanın Dağlıq Qarabağdakı erməni icması ilə münasibətlərində kifayət qədər ciddi problemlər var və bu da həm Ermənistan siyasətindəki Qarabağ klanları ilə onun arasındakı mübarizənin, həm də Rusiyanın Dağlıq Qarabağdakı qondarma rejim vasitəsilə Ermənistanı ram etmək istəyinin təzahürləridir. Unutmayaq ki, Paşinyan hakimiyyəti təxminən son 20 ildə Ermənistana rəhbərlik etmiş Qarabağ klanının əlindən alıb və üstəlik də hakimiyyətə gələn kimi təqiblərlə, həbslərlə həmin klanların mövqelərini sarsıtmağa çalışıb. Mən təsadüfən klanlar demədim, çünki əslində söhbət 2 klandan - Köçəryan və Sarqsyan klanından gedir və onlar da öz aralarında xeyli məsələlərə yanaşmalarında heç də yekdil deyillər. Belə ki, Robert Köçəryan və onun klanı daha çox Rusiya prezidentinin administrasiyası ilə yaxın əlaqələrə malikdirsə, Serj Sarqsyan və onun tərəfdarları əsasən Rusiyanın hərbi dairələri ilə əlaqəlidirlər. Moskvadakı hakimiyyətin bu iki qanadı arasında mübarizə və ya ən azı rəqabət olması isə heç kəsdən sirr deyil. Ermənistan siyasətinin bu mənzərəsi fonunda Nikol Paşinyanın hakimiyyətə gələn kimi ölkəsini Qərblə yaxınlaşdırmaq və ya Avropaya inteqrasiya etmək niyyəti bir qədər sadəlövh görünürdü və bu da təbiidir. Paşinyan populist siyasətçidir, populizmin ən qorxulu təzahürü isə belə siyasət yürüdənlərin özünün onun qurbanı olmasıdır. Populizmin digər fəsadı isə imkanlarla və real şəraitlə ayaqlaşmayan vədlər verməkdir, çünki belə vədlərə görə əldə olunan etimad krediti çox qısa zamanda "devalvasiya"ya uğrayır. Bu mənada Nikol Paşinyan öz populizminin girovuna çevrildi. İslahatlar aparmaq əvəzinə ölkədəki dərin sosial-iqtisadi böhranı ya görməyərək, ya da düzgün dəyərləndirməyərək daxili və xarici siyasi məsələləri ön plana çəkməyə çalışdı. Bu da öz növbəsində həm daxildən, həm də xaricdən adekvat reaksiyalar doğurdu. Başqa sözlə, Paşinyanın qeyri-realist xarici siyasət cəhdləri həm Moskvanı, həm də ona istinad edən Paşinyan əleyhdarlarını səfərbər elədi. Bundan da düzgün nəticə çıxara bilməyən baş nazir keçdi daha təhlükəli populizmə - Qarabağ kartı ilə oynamağa. Amma ədalət naminə bunu da qeyd edim ki, Qarabağdakı qondarma rejimin dəstəyini qazana bilmək onun üçün həyati əhəmiyyət kəsb edir və bu baxımdan da Qarabağ populizmi 2 məqsədə xidmət edir: öz hakimiyyətini təhlükəsizləşdirmək və Qarabağ kartını əlində saxlamaqda davam edən Kremlə mesaj vermək ki, o da Köçəryanın və Sarqsyanın Qarabağ siyasətini davam etdirməyə hazırdır. Bunun nə qədər effektiv olacağını isə zaman göstərəcək, amma artıq indidən bir şeyi dəqiq deyə bilərəm ki, Moskva üçün Paşinyan nə Köçəryan ola biləcək, nə də Sarqsyan.
 
- Azərbaycan tərəfinin bu bəyanata münasibətini qənaətbəxş hesab etmək olarmı? Bu bəyanatın qarşılığında Azərbaycan tərəfi hansı addımları atmalı idi?
 
-Fikrimcə, indiki mürəkkəb geosiyasi durumda emosional və daxili auditoriyanın əhvalına hesablanmış populist yanaşmalar yalnız Paşinyanın təxribatçı hərəkətlərinə uymaq demək olardı. Bir şeyi demək həqiqətən çox çətindir: İran ətrafında beynəlxalq gərginliyin artdığı bir vaxtda Qarabağ cəbhəsində sabitliyin pozulması və hərbi əməliyyatların təzələnməsi kiməsə lazımdırmı? Təəssüf ki, bu suala biz yalnız ehtimallarla cavab verə bilərik ki, burada da yanılmaq ehtimalı olduqca yüksəkdir. Məsələn, məntiq deyir ki, İrana qarşı başlana biləcəyi istisna olunmayan hərbi əməliyyatlar ərəfəsində Rusiya Cənubi Qafqazda mövqelərini daha da möhkəmləndirməlidir. Belə olduğu halda da bunun üçün ən ideal zəmini bölgədə alovlanacaq hərbi qarşıdurmalar yarada bilərdi. Azərbaycan isə hərbi xarakterli addımlar atmaqla özünü təkcə beynəlxalq təcridə deyil, həm də ümumiyyətlə, suverenliyini riskə ata bilər. Bu baxımdan Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin balanslı və daha çox beynəlxalq hüquq normalarına diqqət çəkməyə yönəlmiş bəyanatı məncə, adekvat reaksiya idi.
 
-Bəzi ekspertlər deyirlər ki, Paşinyan bu addımı ilə hərbi münaqişəni alovlandırmağa çalışır. Onların fikrincə, Paşinyan Qərbin dəstəyini itirmək üzrədir. Qərb ondan Rusiyadan birdəfəlik qopmağı tələb edir. O isə hərbi münaqişəni alovlandırmaqla Rusiyadan üz çevirib, Qərbin dəstəyini yenidən qazanmağa çalışır. Bu versiyalar nə qədər ağlabatandır?
 
-Bu, bir qədər çoxşaxəli və mürəkkəb kombinasiya olardı və Ermənistan diplomatiyasının belə bir kombinasiyanı həyata keçirmək iqtidarında olduğunu düşünmürəm. Yuxarıda qeyd etdiyim kimi, hərbi münaqişənin alovlanması bölgəyə Rusiyanın təsirini yalnız artıra bilər və bu, fikrimcə aksiomdur. Qaldı Qərbin Ermənistan üzərində guya hansısa planlar qurmasına, məncə, bu, Ermənistanın əhəmiyyətini artırmaqdır. Qərbə ən azı bu gün Ermənistan yalnız bölgə ölkələrinə təzyiq vasitəsi kimi lazım ola bilər ki, buna görə də onu öz təsir dairəsinə götürmək - bu isə ona milyardlarla dollar həcmində yardımlar etmək deməkdir - və ya Rusiyadan qoparmaq vacib deyil və heç mümkün də deyil. Ermənistan bu rolu onsuz da böyük məmnuniyyətlə həyata keçirir. Ermənistanın son yüz ildə mövcudluğu və dövlət kimi qalması bu tip xidmətlər göstərmək üzərində qurulub. Təəssüf ki, Ermənistan siyasəti belə "strategiya"dan ayrıla bilməməklə təkcə qonşuları üçün başağrısı yaratmır, özünü də bunun girovluğunda saxlayır.
 
-Bəzi Rusiya KİV-ləri erməni politoloqlarına istinadən bildirirlər ki, Paşinyan bu addımı ilə 7 rayonu Qarabağa dəyişmək istəyir. Bəs bu, nə dərəcədə məntiqlidir?
 
-Ermənistanın Paşinyandan əvvəlki rəhbərlərinin demək olar ki, hamısı belə bir sövdələşməyə cəhd edib, amma bu, Azərbaycan üçün heç vaxt məqbul olmayıb və olmayacaq da, çünki bunun adı təslimçilik olardı. Mən Azərbaycanda kiminsə belə bir "sülh planı"na təkcə bu gün deyil, ümumiyyətlə, nə zamansa razılıq verə biləcəyini təsəvvür eləmirəm. İstər Dağlıq Qarabağ, istərsə də onun ətrafındakı işğal olunmuş ərazilər Azərbaycan dövlətinin ərazisidir və bu da heç bir zaman, heç bir halda müzakirə predmeti ola bilməz.
 
-Gah Gürcüstanla sərhəd məsələsi qabarır, gah da Ermənistan Qarabağ məsələsi ilə bağlı belə bəyanatlar səsləndirir. Yəni, ümumi olaraq regionda nə baş verir? Azərbaycandan nə istənilir?
 
-Sualınızın sonuncu bəndindən başlamalı olacağam, çünki əslində siz bu sualın strukturu ilə deyə bilmərəm, məqsədlimi, yoxsa qeyri-iradi olaraq, baş verənlərin hamısının Azərbaycanın başı üzərində dolaşdığını göstərdiniz və mən də bunun belə olduğuna əminəm. Regionda baş verənlərə təkcə regional prizmadan baxmaq yanlış olardı, çünki Azərbaycan bu gün ən azi 3 səbəbdən diqqətçəkən olub. Əvvəla, yuxarıda qeyd etdiyim İran məsələsi və bu problem ilk baxışdan göründüyündən qat-qat mürəkkəbdir. Azərbaycan İrana qarşı bu və ya digər güc aksiyaları üçün münasib məkan kimi nəzərdən keçirilir. Elə buradaca deyim ki, belə bir missiyaya qoşulmaq təkcə Azərbaycan dövlətçiliyi üçün deyil, ümumiyyətlə, millət kimi azərbaycanlılar üçün fəlakətli nəticələr verə bilər. Bu gün bizim üçün milli ideya - harada yaşamasından, hansı siyasi və ya digər baxışlara malik olmasından asılı olmayaraq, azərbaycanlıların milli birliyi və həmrəyliyi prioritet olmalıdır, çünki gələcəyimiz yalnız bu ideya üzərində qurula bilər, çünki buna alternativ yoxdur. Bu mənada İranda yaşayan on milyonlarla azərbaycanlıya təhdid yarada biləcək hər hansı aksiyaya qoşulmaq istənilən şərtlər çərçivəsində yolverilməzdir.
 
İkinci, Azərbaycan öz coğrafi movqeyilə bügünkü geosiyasətin mərkəzi predmeti olan bir məsələdə - kommunikasiya və logistikada ciddi əhəmiyyət kəsb edir. Belə ki, həm Şimal - Cənub, həm də Şərq - Qərb nəqliyyat-kommunikasiya dəhlizləri məhz Azərbaycan ərazisində kəsişir ki, bu da ölkənin əhəmiyyətini bir qədər də artırır. Amma belə bir çoğrafi mövqe həm də həmin layihələrdə rəqib olan güclərin və supergüclərin də ölkəyə diqqətini, müdaxilə istəyini artırır ki, burada da həmin qlobal oyunçular öz ənənələrinə sadiq qalaraq məqsədlərinə nail olmaq üçün iqtsadi, siyasi, diplomatik və hərbi vasitələrdən istifadə etməyə çalışırlar. Həm Ermənistan, həm də Gürcüstan tərəfindən Azərbaycana qarşı olan fəallığın artmasının səbəbini mən bunda görürəm və onların hər ikisinin vahid mərkəzdən idarə olunduğuna da şübhəm yoxdur.
 
Üçüncü, Azərbaycana və azərbaycanlılara bir çox həm siyasi, həm də akademik dairələrdə marağın artması mədəniyyətlərin qovuşması təcrübəsinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir bu gün və bu da təsadüfi deyil. Müxtəlif sivilizasiyaların və inkişaf modellərinin, etnosların və inancların qovuşduğu, bir-birindən qarşılıqlı şəkildə zənginləşdiyi və əmin-amanlıq şəraitində yaşaya, inkişaf edə bildiyi bir məkanın təcrübəsini mənimsəmək bütün bu parametrlər üzrə sürətlə qütbləşməkdə olan dünyanın gələcəyi üçün çox ciddi əhəmiyyət kəsb edəcək. Görünür, elə buna görə də Gürcüstanla dini zəmində gərginlik yaratmaq, Ermənistanla isə etnik-ərazi zəminində mövcud münaqişəni alovlandırmaq üçün zaman heç də təsadüfən seçilməyib. Yuxarıda qeyd elədiyim kimi, bu halda hər 3 ölkəyə həm aktiv müdaxilə imkanları artacaq, həm də onun nəticəsi olaraq Azərbaycanda və Gürcüstandakı kommunikasiya vasitələrini, ilk növbədə də dəniz limanlarını ələ keçirmək daha asan olacaq. Gördüyümüz kimi, perspektiv heç də ürəkaçan görünmür, amma fikrimcə, ümidsiz də deyil. Bölgəyə yönəlmiş qlobal maraqların müxtəlifliyi və oyunçuların çoxluğu fəaliyyət məkanını genişləndirir və manevr imkanlarını artırır. Odur ki, həm daxili, həm də xarici siyasətdə planlı, korrelyasiya olunmuş və çevik addımlar atılarsa, yaranmış vəziyyətdən qalıb kimi olmasa da, hər halda məğlub olmadan çıxmaq mümkündür, amma bunun üçün zəruri olan siyasi iradə hələ ki görünmür.