AZƏRBAYCAN HÜCUM DİPLOMATİYASINI GENİŞLƏNDİRİR... – Bakıdan dünyaya hansı mesajlar verildi?

Baxış sayı:
427

Ermənistanın növbəti təxribatlarının qarşsının alınması prosesinin gedişi həm də Azərbaycanın hücum diplomatiyasını genişləndirməsi ilə müşayət olunur. Düşəmənin cəbhə xətti boyunca fəallığına qarşı tədbirlər görən Azərbaycan rəhbərliyi onun niyyətləri ilə bağlı beynlxalq ictimaiyyəti ətraflı məlumatlandırır.

Bu məqsədlə Xarici işlər naziri, Milli Məclis sədri və ölkə prezidenti bütün tribunalardan maksimum istifadə etməyə çalışırlar.

Bu mesajlarda bir neçə məqam xüsusi ilə diqqət çəkir. İlk növbədə Ermənistanın sülh danışıqlarında vasitəçi rolunu oynayan Rusiya Federasiyası tərəfindən davamlı olaraq silahlandırması faktı ilə bağlı Bakının ciddi narahatlığı qeyd olunur.

Prezident BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları zamanı bu barədə bildirib: "Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra. Dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatıb. Növbəti gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik".

Eyni zamanda düşmənin növbəti təxribatlara hazırlaşdığı barədə əldə olunan informasiyalar Qərb ictimaiyyətinə ötürülür.

Prezident İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən ona deyib: "Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm".

Prezidentin nitqində Ermənistanın təxribatçı fəaliyyətinin növbəti istiqaməti kimi Baş nazir N. Paşinyanın Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılması qabardılır. Bunula yanaşı Müdafiə naziri Tonanyanın “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırışına diqqət yönldilir.

Dövlət başçısı Avropa İttifaqının nümayəndəsi ilə görüşdə də bu məslənin üzərində geniş dayanıb: "Bildiyiniz kimi, bir müddət əvvəl sərhəddən ordumuz çıxarılıb və indi Ermənistanla dövlət sərhədinin böyük bir hissəsi sərhəd xidməti tərəfindən mühafizə olunur. Bu, bizim Ermənistanla dövlət sərhədində heç bir hərbi niyyətlərimizin olmadığını göstərir. Ola bilsin ki, bu, onlara yanlış bir mesaj idi. Onlar bizə hücum edə biləcəklərini, dövlət sərhədini keçə biləcəklərini və yeni əraziləri işğal edə biləcəklərini düşündülər. Bu, Ermənistanın müdafiə nazirinin bəyanatına müvafiqdir. O, bu bəyanatı Amerika Birləşmiş Ştatlarında olarkən verərək deyib ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə başlayacaq. Bu, Ermənistanın təcavüzkar davranışının davam etməsini aydın nümayiş etdirir..."

Prezidentin qaldırdığı növbəti məsələ Ermənistanın Azərbaycanın strateji obyektlərinə zərbə endirəcəyi barədə hədələri olub: "Düşmən Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna – Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir.

İlham Əliyev BMT trubunasından Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb etməsini, onları Azərbaycana qarşı istifadə olunması faktlarını da səsləndirirb.

"Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib. Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var" - deyə dövlət başçısı çıxışında vurğulayıb.

Azərbaycan rəhbərliyi həmçinin beynəlxaq ictimaiyyətin diqqətini Ermənistanın işğal olunmuş torpaqlarda apardığı məskunlaşma siyasətinə və Qarabağda oyuncaq dövlət quruculuğu prosesinə çəkmək istəyir.

"Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur. Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz" - deyə İlham Əliyev BMT tribunasından bəyan edib.

Eyni zamanda dövlət başçısı Avropa İttifaqının rəsmisi ilə görüşdə Ermənistanın separatçı rejimin danışıqlar masasında oturması üçün göstərdiyi səylərin situasiyaya tamamilə qeyri-adekvat olduğunu vurğulayıb: "...Onların danışıqlar prosesini bilərəkdən pozmasının daha bir göstəricisi Dağlıq Qarabağdan olan separatçıları danışıqlar prosesinə cəlb etmək üçün ardıcıl səylər göstərməsi idi. Bu da tərəfimizdən dərhal rədd edilib və Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənməyib. Başqa sözlə, onlar artıq uzun illərdir ki, mövcud olan danışıqların formatını dəyişmək istəyirdilər. 

Bildiyiniz kimi, iyul təxribatlarından sonra, avqust ayında onlar təmas xəttinə diversiya qrupunu göndərmişdi və bu diversiya qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən yaxalanmışdı. O, etiraf etdi və ifadə verdi ki, o və onun dəstəsi mülki əhaliyə hücum etmək, terror aktlarını törətmək və hərbi qulluqçularımıza hücum etmək üçün göndərilib. Bu, onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Onu da göstərir ki, Ermənistan müharibəyə hazırlaşır..."

Prezident xüsusi olaraq Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etməsinə diqqət çəkib.

"Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub" - deyə İlham Əliyev vurğulayıb.

İlham Əliyev çıxışında ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə vermədiyini bildirməklə yanaşı danışıqlar prosesinin imitasiya naminə aparılmamasını, nəticəyönümlü və məzmunlu olmalı olduğunu qeyd edib. O, Azərbaycanın real addımlara ehtiyacı olduğunu vurğulayıb: "Otuz ilə yaxın danışıqlar prosesində iştirakımız sülhə sadiqliyimizin bariz nümunəsidir. ATƏT-in Minsk qrupunun bütün 11 üzvü prosesdə fəal iştirak etməlidir.

BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafiki tərtib edilməlidir. BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir".

Prezident yekunda bəyan edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: "Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!"

Elçin

AzPolitika.info