“AZƏRBAYCAN HƏRBÇİLƏRİ TƏSLİM OLMAQ ÜÇÜN 20 DƏQİQƏ VAXT VERDİ...” - Hadrut ətrafında ələ keçən erməni silahlılarının komandiri məhkəmə qarşısında

Baxış sayı:
9441

Ötən ilin dekabrında, Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatın imzalanmasından təxminən bir ay sonra Hadrut ətrafındakı Çaylaqqala və Köhnə Tağlar kəndlərinə sızıb orada mövqe tutmuş bir qrup erməni hərbçisinin komandiri Arsen Kazaryan Ermənistanda mühakimə olunur.
Erməni KİV-ləri xəbər verir ki, podpolkovnik Arsen Kazaryan erməni hərbi qulluqçularının əsir alınması işinə görə əsas təqsirləndirilən şəxsdir. Həmin hərbi qulluqçular noyabrın sonlarında Ermənistanın Şirak və Armavir vilayətlərindən gətirilərək Laçın dəhlizindən keçməklə azad edilmiş ərazilərin içərilərinə sızdırılmışdı. Onlar hərbi əməliyyatların başa çatmasından sonra tutulduqları üçün hərbi əsir sayılmırdı.

Xatırladaq ki, Çaylaqqala və Köhnə Tağlar kəndləri ətrafında Azərbaycan xüsusi təyinatlıları tərəfindən tutulmuş 62 erməni hərbçisinin işi üzrə Bakıda bir neçə mərhələdə məhkəmə prosesi keçirilib. Azərbaycan tərəfi bu qrupun üzvlərindən bir qisminə yüngül cəza verməklə həbsdən buraxıb. Bakının bu humanitar jestinə cavab olaraq erməni tərəfi işğaldan azad edilmiş ərazilərin mina xəritələrinin bir qismini təqdim edib. Dəstə üzvlərindən bir qismi isə 6 il həbs cəzası alıblar.

Bu erməni hərbçilərinin işi üzrə məhkəmə prosesində təqsirləndirilənlər həmin Arsen Kazaryanın adını dəfələrlə çəkiblər. Onları Hadrut ətrafına Kazaryanın gətirdiyini deyiblər. Bildiriblər ki, Kazaryan onlara postda növbə çəkənləri əvəzləmək üçün Azərbaycan ərazilərinə gətirildiklərini deyib. Amma daha sonra özü onları tərk edərək aradan çıxıb.

İndi Kazaryan Yerevan məhkəməsində bildirir ki, ona qarşı irəli sürülən ittihamı qətiyyən qəbul etmir. Çünki 44 günlük müharibə zamanı əmrləri “qüsursuz” yerinə yetirib və əlindən gələni edib ki, tabeçiliyində olanlar ölməsinlər və əsir alınmasınlar.

Kazaryan deyir ki, onun bölməsini Çaylaqqala kəndinə hansısa döyüş vəzifəsi olmadan göndərmişdilər. Onlar kəndin ətrafında mövqe tutmalı və əvəzlənəcəklərini gözləməli idilər. Rəhbərlik isə onları əmin edibmiş ki, Azərbaycan tərəfi hücum etməyəcək.

“Rəhbərliklə əlaqə ancaq mobil rabitə ilə mümkün idi. Dekabrın 13-də Azərbaycan tərəfi onqat üstün qüvvələrlə hücum etdi. Bizə 20 dəqiqə vaxt verildi ki, silahlarımızı təhvil verib təslim olaq. Rəhbərliklə əlaqə saxlaya bildik, amma bizə dedilər ki, danışıqlar gedir və azərbaycanlılar hücum etməyəcək. Kömək gəlmədi, düşmən hücum etdi və sursatımız qurtaranda biz geri çəkildik”,-o deyir.

Kazaryan bildirir ki, onu Köhnə Tağlar kəndində hərbçilərin əsir alınmasına görə günahlandırırlar. Amma həmin bölmə onun komandanlığı altında deyildi və necə əsir düşdüklərini bilmir.

Kazaryanın vəkili Vaan Ovanisyan isə bildirib ki, hakimiyyət onun müdafiə etdiyi şəxsi “günah keçisinə” çevirmək istəyir. Onun sözlərinə görə, podpolkovniki dairəvi müdafiənin təşkili barədə əmri yerinə yetirməməkdə günahlandırırlar. Hansı ki, Kazaryan belə əmr almayıb və belə yazılı əmr mövcud deyil.

“Biz baş nazir Nikol Paşinyanın və bəzi XİN nümayəndələrinin dindirilməsi üçün vəsatət qaldıracağıq. Çünki onlar insident barədə cinayət işində olmayan informasiyalar haqda danışırlar, istintaq orqanı isə düşmənin hücum etməsi barədə bizim dediklərimizə skeptik yanaşır”,-vəkil deyib.

Kazaryanın sabah məhkəmə zalında həbs olunacağı gözlənilir./virtualaz.org