Azərbaycan həbsxanalarında məhkumlarla görüş dayandırıldı - KORONAVİRUSA GÖRƏ

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulu dayandırılıb.
 
Bunu virtualaz.org-a açıqlamasında Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.
 
O bildirib ki, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə Penitensiar Xidmətin müəssisələrində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir: “Bununla əlaqədar olaraq Penitensiar Xidmətin müəssisələrində saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu dayandırılıb”.
 
Qeyd edək ki, Azərbaycanda 6 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb və həmin şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.