“Azərbaycan hakimiyyəti Avropa Birliyi ilə sazişi imzalamayacaq”

Baxış sayı:
8752

"Ərazi bütövlüyü məsələsi Avropa Birliyindən uzaq durmaq üçün bir bəhanədir”

İki gün öncə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən və Brüsseldə keçirilən yubiley toplantısı zamanı Azərbaycan nümayəndə heyətinin yubiley bəyannaməsinin mətnindən narazılıq ifadə etməsinə və sənədə imza atmamasına siyasi çevrələrdə fərqli baxışlar var.
Qeyd edək ki, “Şərq tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən və Brüsseldə keçirilən yubiley toplantısı zamanı diplomatik qalmaqal yaşanıb. Məlumata görə, toplantıda Avropa İttifaqı ölkələrinin və “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamə imzalamalı idilər. Lakin sənəddə tərəfdaş ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunmayıb və nəticədə Azərbaycan nümayəndə heyəti sənədi imzalamaqdan imtina edib. Bununla belə, bəyannamənin mətnini dəyişdirməyiblər və əvəzində statusunu aşağı salmağa qərar veriblər. Belə ki, bəyannaməni nazirlər yox, təkcə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Federiko Mogerini imzalayıb.

“Qabaqcadan bilmirdilər ki, Avropa Birliyi bunu qəbul edə bilməz?”

Azərbaycan nümayəndə heyətinin sözügedən sənədə imza atmaması ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Hürriyyət”ə dedi ki, Şərq Tərədaşlığı proqramına qoşulmamışdan qabaq Azərbaycan bir çox sənədlərə qol çəkib, Avropa Birliyinin fəaliyyət prinsiplərini qəbul edib: “Bizim dəqiq məlumatımız var ki, o vaxt həm Azərbaycan ictimaiyyəti, həm də hökumət adından Dağlıq Qarabağla bağlı məsələnin Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində gündəmə gətirməyəcəkləri ilə bağlı öhdəlik götürülüb. Yəni bir var iş başlanmamışdan Azərbaycan o şərti qoyardı, bir də xeyli yol gediləndən sonra o şərti qoyub. Bu, nəyi göstərir? Əgər əvvəlcədən siz buna razılaşıb, sonra da bundan imtina edirsinizsə, bu, o deməkdir ki, sizin bu imtinanızın arxasında heç də ərazi bütövlüyü məsələsi durmur. Avropa Birliyi 4 məsələdə əsas fəaliyyət istiqaməti tutub. Bu, insan hüquq və azadlıqlarının qorunmasıdır, demokratiyadır, iqtisadiyyatın inkişafıdır, bir də stabillikdir. Bu 4 məsələni Avropa Birliyi prioritet seçib. İnsan haqları və demokratiya məsələsində Azərbaycan Avropa Birliyi ilə heç vaxt uyğun gələ bilməz. Avropa Birliyinin əsas prioritetlərindən biri pis idarəetməyə qarşı vətəndaşları və hüquqi şəxsləri qorumaqdır. İndi Azərbaycanda həm vətəndaşlara, həm də hüquqi şəxslərə qarşı hər cür anti-konstitutsion, qeyri-qanuni münasibət var. Belə bir vəziyyətdə Azərbaycan hökuməti o sazişə qol çəkərdimi? Sadəcə olaraq ərazi bütövlüyü məsələsi Avropa Birliyindən uzaq durmaq üçün bir bəhanədir. Halbuki, Azərbaycan hökuməti Avropa Birliyi ilə əməkdaşlığa başladığı andan bilirdi ki, Avropa Birliyinin əsas prinsiplərindən biri Avropa Birliyi ilə əməkdaşlıq edən dövlətlər arasında münasibətlərin ümumi Avropa dəyələrinə uyğun olmasıdır, yəni münaqişələrin olmamasıdır. İndi Ermənistanla Azərbaycanın eyni vaxtda Avropa Birliyinə gedib və bunların da arasında münaqişə var. Qabaqcadan bilmirdilər ki, Avropa Birliyi bunu qəbul edə bilməz? Sadəcə olaraq bunlar razılaşmışdılar ki, biz bu münaqişə məsələsini Ermənistanla Azərbaycan arasında həll edəcəyik, bunu ümumi Avropa-Azərbaycan-Ermənistan əlaqələrinə müncər etməyəcəyik. Amma o işi pozmaq üçün qəsdən bu şeyi ortalığa atdılar. Mən belə düşünürəm”.

“Rusiya tam arxayındır ki, Azərbaycan heç vaxt Gürcüstan və Ukrayna kimi Avropaya yaxınlaşmayacaq”

S. Cəlaloğlu xatırlatdı ki, Avropa Birliyi ilə əməkdaşlıq istiqamətində Gürcüstan addım atarkən Rusiya Gürcüstanı işğal elədi: “Ukrayna həmin qərarı qəbul edəndə getdi Krımı işğal etdi, Ukraynaya müharibə elan etdi, ərazisinin yarısını işğal etdi. Azərbaycan hansısa bir sənədi imzalamağa gedir, amma Rusiyadan reaksiya yoxdur. Bu, onu göstərir Rusiya tam arxayındır ki, Azərbaycan heç vaxt Gürcüstan və Ukrayna kimi Avropaya yaxınlaşmayacaq. Sadəcə olaraq Azərbaycan hökuməti kifayət qədər Avropanın ayrı-ayrı strukturları ilə iqtisadi əlaqələr qurub. Bu əlaqələri də ikitərəfli strateji əməkdaşlıq kimi təqdim edir. Halbuki, Avropa Birliyinin strateji əməkdaşlıq anlayışına neft kontraktlarının heç bir aidiyyatı yoxdur. Əslində, strateji əməkdaşlıq həm də siyasi əməkdaşlıq tələb edir. Siyasi əməkdaşlıq isə Avropa dəyələrinin bölüşdürülməsini tələb edir. Çünki Avropa Birliyi həm vahid dövlət, həm də ittifaq prinsipləri ilə işləyir. Əgər Azərbaycan Avropa Birliyinə daxil olmaq istəyirsə, burada vahid gömrük birliyinə, vergi, korrupsiya siyasəti sisteminə daxil olacaq. Bunların da heç biri Azərbaycan hakimiyyətinin maraqlarına uyğun deyil. Deməli, Azərbaycan qabaqcadan imtina edəcəyi bir sazişi imzalama prosesinə qoşulub. Azərbaycan açıq şəkildə ilk gündən desəydi ki, mən Avropa Birliyi ilə hər hansı bir əməkdaşlığa getmirəm, onda birincisi, Azərbaycanla Avropa arasındakı iqtisadi layihələr ortalığa çıxır ki, bunların gələcəyi necə olacaq? İkincisi də Azərbayacan dünyada elan edəcəkdi ki, mən Avropa dəyərlərinə zidd bir siyasət aparıram”.

“Azərbaycanda iqtidara yaxın olan müəssisələrin 99%-i vergi qaçaqçılığı ilə məşğuldur”

S. Cəlaloğlu onu da nəzərə çatdırdı ki, ilk dəfə Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlər 2014-cü ildə Avropa Birliyi Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı qətnamə qəbul etdikdən sonra pisləşdi: “Həmin qətnamədən sonra Azərbaycan hökuməti Avropa Birliyi ilə əməkdaşlığı demək olar ki, dayandırdı. Sonra Azərbaycanda birinci Avropa oyunları keçirilən ərəfədə Avropa Birliyi 2015-ci ildə ikinci bir bəyanat verdi. Bundan sonra, Azərbyacan Milli məclisi qərar qəbul etdi ki, Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıq danışıqlarından çıxsın. Hələ ki, Azərbaycan parlamentinin bu qərarı qüvvədədir. Onda necə inana bilərsiniz ki, Azərbaycan Avropa Birliyi ilə əməşdaşlığa etməyə gedir? Yəni bu məsələdə çox dolaşıqlıq var. Görünən tərəf odur ki, Azərbaycan ərazi bütövlüyü prinsipini ortaya qoyur. Amma görünməyən tərəf odur ki, Avropa Birliyinin fəaliyyət istiqamətlərinin heç biri Azərbaycanı təmin etmir. Xüsusən Avropa Birliyinin əsas şərtlərindən biri vətəndaşları pis idarəetmədən qorumaqdır. Azərbaycanda da klassik pis idarəetmə var və Avropa Birliyi ilə əməkdaşlıq edəcəyi təqdirdə Avropa Birliyi Azərbaycan vətəndaşının yanında duracaq. Avropa Birliyinin xüsusi ədalət məhkəməsi var. İnsanlar o məhkəmələrə müraciət edəcək. Maliyyə məhkəməsi var, insanlar öz iqtisadi hüquqlarının pozulması ilə bağlı bu iqtisad məhkəməsinə müraciət edəcək və beləliklə Azərbaycan hökuməti daha böyük beynəlxalq basqıda qalacaq. Azərbaycan hökuməti səmimi şəkildə Avropa Birliyi ilə əməkdaşlıq edəcəyi təqdirdə gərək, Avropa Birliyini daxili administrasiyanın fəaliyyətinə buraxsın. Azərbaycan hökuməti bunu heç vaxt buraxa bilməz. Məsələn, Avropa Birliyi vergiləşdirmə siyasəti aparır. Azərbaycanda iqtidara yaxın olan müəssisələrin 99%-i vergi qaçaqçılığı ilə məşğuldur. Avropa Birliyinin əsas prioritet istiqamətlərindən birir budur. Azərbaycan bunu özünün vergi sisteminə buraxar? Yox, buraxmaz. Avropa Birliyinin Ombudsmanını özünün idarəetmə sisteminə buraxar? Buraxmaz. Buraxmayacaqsa, onda necə onunla əməkdaşlıq edəcək? Deməli, bu əməkdaşlığı pozmaq üçün bir bəhanə lazımdır. Bəhanə də budur. Azərbaycan iqtidarı neçə ki, bu siyasəti aparır, heç vaxt o sazişi imzalamayacaq. Hərdən bir bəhanə gətirəcək”.

“Bunlar qabaqcadan bilirdilər ki, belə bir şərt qoyub aradan çıxacaqlar”

“Bəs, bu sazişin imzalanması üçün həm Avropa İttifaqının rəsmiləri, həm də Azərbaycan hökumətinin rəsmiləri mayın sonunda danışıqların yükunlaşacağını bildirir” dedikdə S. Cəlaloğlu belə cavab verdi: “Özlərini belə aparırdılar. Bunlar qabaqcadan bilirdilər ki, belə bir şərt qoyub aradan çıxacaqlar. Ona görə də deyirlər, biz hər şeyə hazırıq. Çünki birdən-birə buradan çıxmaq üçün xalqa deyə bilməz ki, “mən ədalətsiz bir rejim qurmuşam. Bu rejimi saxlamaq üçün Avropa Birliyindən uzaq durmalıyam. Ona görə də Avropa Birliyi ilə əməkdaşlıqdan imtina edirəm”. Bunu deyə bilməz, axı. Ona görə də buna bir “siyasi don” geyindirmək lazımdır. Bu “siyasi don” da odur ki, “Avropa Birliyi bizim ərazi bütövlüyümüz tanımır. Ona görə də biz Avropa Birliyi ilə əməkdaşlıq etmirik”. Əgər Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, onda Avropa Birliyi ölkələri ilə necə ikitərəfli əməkdaşlıq edirsən? Avropa Birliyi tanmırsa, demək həmin ölkələr də tanımır. Yəni Fransa da, İngiltərə də tanımır. Bəs, bunlarla niyə əməkdaşlıq edirsən? Səfirlikləri, iqtisadi əlaqələri var”.

“Avropa Birliyinin tələb etdiyi islahatların heç biri Azərbaycanda aparılmayıb”

(Ardı var)
Şamo EMİN, Hurriyyet.org