​Azərbaycan futbol ölkəsidir - FİFA prezidenti

Azərbaycan sözün əsl mənasında, futbol ölkəsidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri FİFA prezidenti Canni İnfantino Prezident İlham Əliyevlə görüşündə bildirib.
FİFA prezidenti Canni İnfantino deyib: “Azərbaycan sözün əsl mənasında, futbol ölkəsidir. Mən hələ FİFA prezidenti olmamışdan öncə UEFA-da çalışdığım dövrdə biz AFFA ilə birgə əməkdaşlıq etmişik. Biz hələ o zaman irəliyə baxaraq Azərbaycanla birgə layihələr üzərində düşünürdük. Mən və baş katib Fatma Samoura Azərbaycanda ümumilikdə futbolun və futbol hərəkatının inkişafının şahidiyik. Siz artıq 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsini Bakıda təşkil etmisiniz”.
Canni İnfantino Bakının “Avro-2020”yə ev sahibliyi edəcək 13 şəhərdən biri olmasının əhəmiyyətini qeyd edib. O bildirib ki, ölkəmizdə futbol infrastrukturunun yaradılmasına və uşaq futboluna böyük önəm verilməsi Azərbaycanda futbolun inkişafına gətirib çıxarıb. Canni İnfantino eyni zamanda, bildirib ki, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı Azərbaycanda futbolun inkişafının nəticəsidir. Canni İnfantino futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” futbol klubunun uğurlar qazandığını vurğulayıb və AFFA-nın fəaliyyətinin bir çox ölkələr üçün nümunə olduğunu qeyd edib.