​Azərbaycan Ermənistana beşqat ZƏRBƏ ENDİRƏCƏK - Professor AÇIQLADI

Baxış sayı:
8002

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında bildirib ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni çətinliklər yaradır. Ermənistan müdafiə nazirinin səsləndirdiyi “yeni ərazilər uğrunda yeni müharibə” fikrinə toxunan nazir qeyd edib ki, bu cür yanaşma çaşqınlıq yaradır:
“Biz bu yaxınlarda Vyanada görüş keçirdik və “3+2” formatında bəyanat verdik, 3 saat keçəndən sonra isə Ermənistanın müdafiə naziri dedi: “Mənim formulam var: “ərazilər müqabilində sülh” yox, “yeni ərazilər uğrunda yeni müharibə”. Bu isə çaşqınlıq yaradır. Bir tərəfdən bizim əhvalımız müsbətdir, digər tərəfdən isə Ermənistanın müdafiə naziri yeni çətinliklər yaradır. Bu, üzərində işləməli olduğumuz problemlərdən biridir. Fikrimcə, onlar tezliklə başa düşəcəklər ki, ilhaq siyasəti, separatçılıq beynəlxalq münasibətlərdə işləmir”.
Məsələyə dair fikirlərini Publika.az-la bölüşən siyasi şərhçi, professor Fikrət Sadıqov qeyd edir ki, Vyana görüşündən sonrakı vəziyyət Ermənistanın maraqlarına uyğun olmadığı üçün hədə üsuluna əl atırlar:
“Ermənistan indiyə qədər çalışırdı ki, danışıqlardan yayınsın. Müxtəlif bəhanələr irəli sürürdü. Üçüncü tərəfin münaqişənin həll prosesində iştirakını tələb edirdi. Bu iddialar tutmadı və baş nazir Nikol Paşinyan dövlət başçımızla Vyanda görüşə getdi. Təbii ki, o, başa düşürdü ki, işğalçı tərəfdir. Çünki Azərbaycanın torpaqları işğal altındadır, özü də Ermənistanın qoşunları tərəfindən işğal olunub. Vyana görüşündən sonra mənzərə dəyişildi ki, bu da İrəvan rəhbərliyinin maraqlarına cavab vermir. Onlar indi başqa bəhanə axtarırlar ki, danışıqlardan yayınıb beynəlxalq hüquq normalarına əməl etməsinlər. Bununla bağlı müxtəlif bəyanatlar verirlər. Müdafiə nazirləri Amerikada sərsəm çıxışlar edir, özbaşınalıqla məşğul olur. Özü heç hərbçi də deyil, amma hərbi yolla bizə hədə-qorxu gəlməyə çalışır. Başa düşmür ki, Ermənistanın hər bir addımına Azərbaycan 5 qat zərbə ilə cavab verə bilir. Biz indi bunu etmiriksə, o demək deyil ki, heç vaxt etməyəcəyik.
Bir tərəfdən də başa düşürük ki, Nikol Paşinyan hələ tam mənada ölkədə nəzarətini qura bilməyib. Müxtəlif qruplaşmalar, siyasi qüvvələr ona qarşı çıxış edən Qarabağ klanının nümayəndələri ona problemlər yaradırlar. Paşinyanı tənqid edir, sorğuya çəkirlər. Danışıqların məzmununu açıqlamağı tələb edirlər. Müəyyən məsələlərdə günahlandırırlar. O da bu vəziyyətdən çıxmaq üçün aqressiv ritorikaya əl atır. İrəvan belə düşünür ki, nə qədər aqressiv bəyanatlar səsləndirilsə, xeyirlərinə olacaq. Lakin bu, həqiqəti əks etdirmir. İrəvan reallığı dərk etməli və onunla uzlaşmalıdır”.