Azərbaycan elektriklə işləyən avtomobil istehsal edəcək? – VİDEO

Baxış sayı:
625

Elektriklə işləyən avtomobillər gələcəyin avtomobilləridir. Ona görə də yaxın gələcəkdə benzinlə, dizellə, qazla işləyən avtomobillərin yerini elektrik avtomobilləri tutacaq.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, Azərbaycanda da elektriklə işləyən avtomobillərin nə vaxt olacağına münasibət bildirən ekspert Elməddin Muradlı deyib:
“Bizdə elektriklə işləyən avtomobillərin sayı olduqca azdır. O cür avtomobillərin ölkəmizdə geniş yayılmamasına səbəb, onların detallarının və ustalarının az olması ilə əlaqədardır”.
Elməddin Muradlı qeyd edib ki, ölkəyə gətirilən avtomobillərin mühərrikinin gücü yoxlanılıb hesablanır. Ona uyğun gömrük tətbiq olunur.
“Elektrik mühərrikinin gücü yoxdur. Qanunvericilikdə bir balaca boşluq qalır”.
Ekspert Azər Allahverənov isə bildirib ki, məsələnin görünməyən tərəfləri var:
“Həmin tip avtomobillərin istifadə olunması dövlətin ekoloji sahəyə ayırdığı vəsaitə qənaətinə səbəb ola bilər. Məsələnin görünən və görünməyən tərəfləri var. Bizdə istehsal olunan avtomobillərdə green-car gündəmə gətirilə bilər”.
Qeyd edək ki, Böyük Britaniyada 2040-cı ildən etibarən benzin və dizellə işləyən avtomobillərin satışı qadağan ediləcək. İnsanlar elektriklə işləyən avtomobilləri alacaqlar. Böyük Britaniya ilə yanaşı Fransa, həmçinin Çin də benzin və dizellə işləyən avtomobillərə qadağa qoyacaq.
Azərbaycanın 3 bölgəsində avtomobil zavodları var.
Təklif edilir ki, bu avtomobillərin elektrik mühərrikli versiyaları da hazırlansın.
Bununla yanaşı, elektrik avtomobillərin enerji yükləmə məntəqələri də inkişaf etdirilməlidir.