Azərbaycan dövlətinin pulları “havaya sovrulur” – STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİNƏ AYRILAN PULLAR ƏHƏMİYYƏTSİZ TƏDBİRLƏRƏ XƏRCLƏNİR

Baxış sayı:
6037

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi (Türk XİN SAM) birgə əməkdaşlıq çərçivəsində 26-30 noyabr tarixlində Ankarada “Azərbaycan həftəsi” keçirib.
Muxalifet.az xəbər verir ki, Azərbaycan jurnalistlərinin bir qrupunun da dəvət edildiyi səfər zamanı "Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi" mövzusunda konfrans keçirilib. Bu konfransda iştirak edən jurnalistlərdən biri – “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün özünün “Facebook” səhifəsində maraqlı status paylaşıb. Həmin statusu olduğu kimi oxucularımıza təqdim edirik:
“Ankarada bizi bir tədbirə apardılar. Nəymiş, əfəndim?
"Türkiyə - Azərbaycan münasibətlərinin gələcəyi" mövzusunda konfrans idi.
Təşkilatçılara bir baxın: AK Parti iqtidarına bağlı olan Siyasət, Ekonomi və Toplum Araşdırmaları Vəqfi! Onlarla bərabər, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM)!
Mövzu və təşkilatçıların adları möhtəşəm, tədbir biabırçı. Zal bomboş, Türkiyə mediası yox!
Bakıdan gedən 15 media rəhbərini bəlkə də zalı bir az da olsun, dolu göstərmək üçün dəvət etmişdilər. Bizdən başqa zalda 10-12 adam olardı...
Təsəvvür edin, Musa Qasımlı danışır, bizsə onu dinləmək zorunda idik(((
İşgəncə kimi bir şey...
Kimi aldadırıq? Nəyə lazımdır, bu oyuncaq konfranslar? Mən niyə Bakıdan Ankaraya gedib, Musa Qasımlını və SAM -çı Cavid Vəliyevi dinləməliyəm?
O konfransa yəqin ki, müəyyən qədər vəsait sərf olunub. Amma nə üçün? Axı, hamı şahid oldu ki, tam boşuna bir tədbir idi. Nə media vardı, nə də dəvətlilər. Türkiyə Avropa deyil ki, oraya dəvət məsələsində problem ola. Deməli, işləməyiblər, sadəcə, fiksiyadır!
SAM rəhbəri Fərhad Məmmədov və digər məsuliyyətli şəxslər bu biabırçılığa cavab verməlidir. Onlar dövləti və prezidenti aldadırlar.
Bə bizə də bir üzür borcludurlar...”.
Əlbəttə, Rauf Arifoğlunun iradları tamamilə haqlı və yerindədir. Ən azı ona görə ki, dövlət büdcəsindən maliyyələşən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) bu konfrasın təşkilinə ayırdığı vəsaiti daha səmərəli tədbirlərə xərcləmək olardı. Bir halda ki, Türkiyədə təşkil olunan bu tədbirdə özümüz danışıb, özümüz dinləmişik, belə bir toplantının keçirilməsinə nə ehtiyac vardı?! Əgər bu səfər sadəcə 4 günlük gəzinti məqsədilə təşkil olunmuşdusa, o zaman adını da mahiyyətinə uyğun qoymaq lazım idi. "Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi"ni birtərəfli qaydada müzakirə etmək axmaqlıq deyilmi?!
Ümumiyyətlə, bu iki qardaş ölkənin gələcəyini müzakirə etməyin özü yanlışdır. Axı, ağzımızda “qardaş” deyiriksə və tərəflər arasındakı münasibətlər hər zaman olduğu kimi yüksək səviyyədədirsə, bu münasibətlərin gələcəyini müzakirə etmək nə dərəcədə ağıllı bir davranışdır?! Strateji Araşdırmalar Mərkəzi Türkiyə və Azərbaycan arasında müzakirə edəcək başqa bir mövzu tapmadımı?! Buradan da göründüyü kimi, məqsəd sadəcə iş görüntüsü yaratmaq adı altında büdcə vəsaitini havaya sovurmaqdan ibarətdir.
Yeri gəlmişkən, Muxalifet.az-a Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovla bağlı bəzi maraqlı informasiyalar da daxil olub. Mənbə deyir ki, özünü nazir statusunda görən F.Məmmədov bu kimi xarici səfərlərə gedərkən xüsusi olaraq müşayət olunmasını təşkil etdirir. Məsələn, o, xarici səfərlər zamanı heç bir zaman təyyarədə sıravi vətəndaşlarla yanaşı uçmaz, ona mütləq “biznes klass”da yer ayrılmalıdır. Elə sonuncu Türkiyə səfəri zamanı da nümayəndə heyətinin digər üzvlərindən fərqli olaraq F.Məmmədov qardaş ölkəyə “biznes klass”da uçub və bununla özünün statusunun daha yüksək olduğunu nümayiş etdirməyə çalışıb. Həmçinin, digərlərindən fərqli olaraq, qayıdarkən hava limanında onun üçün xüsusi qarşılanma mərasiminin təşkil olunması da çoxlarının diqqətindən qaçmayıb...
 



Muxalifet.az