“Azərbaycan dövlətinin 5 milyon manatını alıblar, ortada heç nə yoxdur…” – HÜSEYN YUSUBOV

Baxış sayı:
12982

Hüseyn Yusubov: “Azərbaycanı bir tərəfə qoyaq, erməni qatilə heykəl qoyulması Gürcüstan üçün doğru deyil”

Gürcüstanın Axalkalaki rayonunun Buqaşeni kəndində anadan olmasına baxmayaraq, Ermənistanda yaşayıb və Qarabağ müharibəsi zamanı Qubadlı, Cəbrayıl, Füzuli rayonunun işğalında, habelə Xocalı qətliamında iştirak edən, 1994-cü ilin Horadiz döyüşləri zamanı öldürülən Mixail Avaqyana doğulduğu kənddə abidə qoyulması Azərbaycan ictimaiyyətinin kəskin etirazına səbəb olub. Bu məsələ günlərdir istər mətbuatda, istər də sosial şəbəkələrdə müzakirə olunur və bunu Gürcüstanın Azərbaycana arxadan zərbəsi hesab edənlər də var.
Maraqlıdır ki, azərbaycanlıların qatilinə abidə qoyulmasına icazə verilməsi Azərbaycan-Gürcüstan münasibətlərinə nə dərəcədə zərbə vura bilər? Bu və digər suallara cavab almaq üçün Gürcüstan Azərbaycanlıları Konresinin (GAK) sədri Hüseyn Yusubovla söhbələtşdik:

 
- İlk növbədə, mən bu hadisəni eşidəndə doğrudan da bir sarsıntı keçirdim. Belə olmamalıydı. Azərbaycanı bir tərəfə qoyaq, hələ Gürcüstan üçün bu, doğru deyil. Çünki Gürcüstanın iki böyük regionu həmin etnik separtçıların işğalı altındadır. O bölgənin birində də ermənilərin Baqramyan batalyonu aktiv şəkildə Gürcüstana qarşı iştirak edib.
 
Bilirsiniz, Gürcüstan-Azərbaycan münasibətləri o qədər biri-birinə üzvi surətdə bağlıdır ki, mən ömrümün yarısını dövlət vəzifəsində çalışan bir adam kimi deyirəm ki, amma Gürcüstan-Ermənistan münasibətləri heç nədən bir gündə dayana bilər. Çünki Gürcüstanı iqtisadi, hərbi-strateji cəhətdən Ermənistanla bağlayan heç nə yoxdur. Ermənistanın bütün iqtisadiyyatı Gürcüstandan asılı vəziyyətdədir, Gürcüstanın isə Emənistandan asılı heç nəyi yoxdur. Bunun əksinə olaraq, qeyd etdiyim kimi, Gürcüstan Azərbaycanla böyük layihələrlə bir-birinə bağlıdır. Bu ölkələri bir-birinə ən azı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TANAP xətləri bağlayır. Yəni bu qədər böyük münasibətlər var. Üstəlik, Gürcüstanda yarım milyon Azərbaycan türkü var. Bir dığaya görə bu münasibətlərin kritik vəziyyətə düşməsi nə düzgündür, nə də mümkün olandır. O münasibəti quran dədə-babalarımız, xüsusən də müasir dövrdə Heydər Əliyevin Gürcüstanla qurduğu münasibətlər elə bir anda pozulsun, bu, mümkün olan iş deyil.
 
- Qeyd etdiyiniz kimi, Gürcüstan Azərbaycanla bir sıra layihələrlə bağlı olduğu halda, rəsmi Tiflis bilə-bilə ki, bu abidənin qoyulması Azərbaycana, azərbaycanlılara yumşaq desək, xoş gəlməyəcək, o halda nədən icazə verib?
 
- Azərbaycanda yaşayan azərbaycanlılar tərəfindən anlaşılmayan bir məqam var. Gürcüstanın yerli özünüidarəetmə qanunlarına görə, hansısa bölgədə hər hansı bir heykəl qoyulursa, binaya ad verilirsə, kəndin adı dəyişdirilirsə, bunu yerli özünüidarəetmə orqanı, yəni Bələdiyyə Məclisi müstəqil şəkildə, mərkəzi hökumətin rəyi olmadan qərar verir. Amma burada bir nüans var. Yəni Axalkalaki rayonunun bələdiyyə rəhbərlərinin hamısı ermənidir, məclis üzvlərinin də 80%-i ermənilərdir. Bu bələdiyyə rəhbərlərinin, məclis üzvlərinin də hamısı iqtidar partiyasının tərkibində seçilmiş adamlardır. Bilirik ki, inkişf etmiş, demokratik ölkələrdə partiya xətti ilə müəyyən strategiyalar hazırlanır, partiya hansı rayonda hansı işləri həyata keçirəcək, bunlar tənzimlənir. Yəni, partiya liderlərinin də bu haqda məlumatı olmalıydı. Partiyanın ali orqanı olan Siyasi Şurada olan azərbaycanlılar da buna reaksiya göstərməliydilər. Hansı ki, o azərbaycanlılar Nazim İbrahimovla bərabər Azərbaycan dövlətinin 5 milyon manatını layihə üçün alıblar, ortada da heç nə yoxdur, heç bir iş görməyiblər. Millət, xalq patriotizimdən danışanda elə təkcə puldan danışılmır ki, əməli iş də görülməlidir. Yəni demək istədiyim odur ki, burada bələdiyyə qərar verməklə yanaşı, Cavaxetiyada Quberniya rəhbərliyi var, orada gürcülər də var, onlar bu məsələyə başısoyuq, etinasız yanaşıblar, ona görə də məsuliyyət daşıyırlar.
 
- Azərbaycanlıların qətlində iştirak edən bir şəxsə abidə qoyulmasını Gürcüstan hökümətinin səhv addımı kimi qiymətləndirmək olarmı?
 
- Yox. Çünki qərarı verən Gürcüstan hökuməti deyil. Qərarı verən strukturun adı bələdiyyədir. Bələdiyyə Gürcüstan hökuməti demək deyil. Bələdiyyə yerli özünü idarəetmə orqanıdır. Amma yenə deyirəm, burada bələdiyyə özbaşına deyil. Bələdiyyənin başı mənsub olduğu partiyaya bağlıdır. Çünki hər bələdiyyəni bir partiya qazanır. Həmin bələdiyyə də iqtidar partiyasının bələdiyyəsidir. Bələdiyyədə nə iş görülür, həmin partiyada hazırlanmalıdır. Bu abidə bir toyuq yumurtası deyil ki, buradan götürüb, ora qoyasan.
 
- Belə çıxır ki, bələdiyyə iqtidar partiyasını təmsil etdiyi üçün, dolayısı ilə burada hazırkı iqtidarın da rolu var...
 
- Bəli, o baxımdan var. Ona görə də biz Gürcüstan Azərbaycanlıları Konqresi olaraq hüquqşünaslarla məsləhətləşmələr keçiririk. Biz bu məsələni Gürcüstanın Konstitusiya Məhkəməsinə vermək üçün sənədləri hazırlayırıq. Mən bir neçə dəfə hüquqşünaslarla müzakirə aparmışam. Bizim yanaşmamız budur ki, Konstitusiyada təsbit olunan müəyyən qanunlar var, yəni ölkədə separatizim təbliğ, təşviq olunmamalıdır. Bir sepratçıya heykəl qoymaq da bunun ən bariz nümunəsidir. Ona görə də biz bu məsələni Konstitusiya Məhkəməsinə çıxardacağıq. Ancaq subut etmək lazımdır ki, bu adam doğrudan da separatçı olub, Azərbaycanın ərazi bütövlüyünə qarşı vuruşub. Bunu sübut etmək üçün bizim hamının köməyinə ehtiyacımız var. Kimlər onunla bağlı faktları bilirsə, kömək etsin. Erməni mətbuatında bu gün onunla bağlı nələr yazılır, onlar da hamısı sübut, dəlil kimi istifadə oluna bilər, onları da toplamağa çalışırıq. Fürsətdən istifadə edib, sizin qəzet vasitəsilə hamıya müraciət edirik ki, bu məsələlərdə bizə yardımçı olsunlar.
 
- Xatırlayırsınızsa, Gürcüstan prezidenti Salome Zurabişvili pezident seçkiləri vaxtı Cavaxetiyaya səfər etmişdi, orada ermənilərə dəstək olacağını bəyan etmiş, azərbaycanlılarla bağlı isə xoşagəlməyən fikirlər səsləndirmişdi. Erməni qatilinə orada abidə qoyulmasını bu dəstəyin nəticəsi hesab etmək olarmı?
 
-Yox, mən düşünmürəm ki, elə olsun. Birincisi, bizdə prezidentin bələdiyyə ilə bağlı heç bir səlahiyyəti yoxdur. İkincisi də, prezident seçkisi bir ay öncə başa çatıb, amma bu abidənin hazırlanması ən azı 4 ay çəkir. Yəni, bu xeyli uzağa gedir, ikisi bir-biri ilə üstə düşmür.
 
- Maraqlıdır ki, abidənin qoyulmasından 5 gün öncə Ermənistanın baş naziri Paşinyan Bolnisiyə qeyri-rəsmi səfər edərək, orada Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə görüşmüşdü. Bu görüşlə abidənin qoyulmasının bir əlaqəsi ola bilərmi?
 
- Doğrudur, onlar bir həftə öncə Bolnisi rayonunda görüşüblər. Amma abidə 5 gündə hazırlanmır, axı, 5 aya hazırlanır. O şeylər mənə inandırcı gəlmir.
 
- Bəs, abidənin açılışının 20 Yanvar gününə təyin olunması təsadüfidir, yoxsa...
 

-Bunu nə təsdiq, nə də təkzib etmirəm, amma ola bilər. Məntiqlə belə bir şey ola bilər. Əslində, heykəl deyəndə həmişə böyük tarixi şəxsiyyətlər yada düşür. “Heykəl” və “separatçı” bu iki kəlmə bir araya gəlmir. Bunu biz məhkəmədə çalışacağıq ki, sübut edək.
 
- Cavaxetiyada qatil bir erməniyə abidə qoyulması soydaşlarımızı çox ağrıdıb, sosial şəbəkələrdə müzakirələr gedir və Borçalıdan olan şəhidlərimizə də orada heykəllər qoyulmasını istəyirlər. Bu fikirlərə münasibətiniz necədir?
 
- Mən başa düşməyə çalışıram ki, bizim soyadaşlarımızı bu hadisə çox ağırıdıb, hərə öz emosiyalarını bir cür idarə edir, hamı eyni cür idarə edə bilməz. Amma baxırsan, sosial şəbəkələrdə yazırlar ki, onlar o itə heykəl qoyublarsa, biz də Borçalıdan olan qəhrəmanlarımıza gərək heykəllər qoyaq. Bu fikirlər məni ağrıdır. Çünki biz öz qəhrəman oğullarımızı o itlərlə əvəz edəsi deyilik. Biz 10, 20 qəhrəmanımıza heykəl qoyasıyıqsa, bu, o deməkdir ki, onlara da izn vermiş oluruq, onlar da o qədər heykəl qoysunlar. Bu mövzular bir tərəziyə qoyulub, ölçülən mövzular deyil. Bunlar tamamilə mənim ruhuma yad olan mövzulardır. Borçalıdan olan milli qəhrəmanlarımızın kəndlərimizdə heykəlləri var, yox deyil. Amma bəs, yetəri qədərdirmi? Xeyr, hər birinin ruhu şad olması üçün onlar tarixdə əbədləşdirilməlidir. Çünki onları canlarını vətən uğrunda veriblər. Onun isə qarşılığı olmur. Ona görə, hamıdan xahiş edirəm, yazanda bir az emosiyalarını saxlasınlar. Diqqət versinlər ki, nələri necə yazırlar. Bəzən bizim hörmətli qardaşlarımızı təhqir etməyə başlayırlar, bəzən partiya mövqeyindən çıxış edirlər. Mən bir neçə dəfə fikirlərimi yazıb paylaşmışam ki, bu, partiyalardan üstün olan bir məsələdir. Biz partiyalılığı bir kənara ataraq, yığışıb, birləşməyi bacarmalıyıq. Hərənin öz partiya mənsubiyyəti var, onu partiyasında davam etsin. Amma bu məsələlərlə bağlı kim partiya mövqeyindən çıxış edirsə, istər iqtidar, istərsə də müxalifət nümayəndəsi olsun, fərqi yoxdur, mən onlara sizin qəzet vasitəsilə sözümü çatdıraram. Hansı partiya olur-olsun, heç bir partiya rəhbərliyi bu məsələ ilə bağlı heç bir reaksiya verməyib. Ona görə, o partiyların hamısı mənim gözümdə sıfırdır. Heç kim döşünə döyməsin ki, mən filan partiyanın flan rayonunun sədriyəm, deməli, sən ciddi adam deyilsən, ciddi şəkildə rəhbərliyə çıxmağı bacarmırsan və yaxud rəhbərliyin səni ciddi qəbul etmir.
 
- Deyirsiniz ki, biz orada neçə azərbaycanlı şəhidin heykəlinin qoyulmasını tələb etsək, onlar da tələb edəcəklər ki, o qədər heykəl qoyulsun. Fakttiki olaraq ermənilər qoyurlarsa, biz niyə tələb etməyək ki?
 
- Dediyim odur, bu söhbət eyni müstəviyə çıxarılmasın ki, orada ona heykəl qoyulub, burada da bizim filan şəhidimizə heykəl qoyulsun. Mən şəhidimizi onunla bir tərəzidə görmək istəmirəm. Bu şəhidlərimizə təhqirdir. O cür olmamalıdır. Gürcüsutan hökuməti separatizim qurbanı olan bir hökumətdir. Biz siyasi partiyada, parlamentdə, qeyri-hökumət təşkilatlarında olan yoldaşlar hamımız bir masa arxasında oturmağı və sübut etməyi bacarmalıyıq ki, Azərbaycanın milli qəhrəmanlarına heykəl qoymaq Gürcüstanın maraqları ərazi bütövlüyü ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanlar eyni statusda olan qəhrəmanlardır. Amma onlara qarşı vuruşan qüvvələr separatistlər, terroristlər olub. Ona görə də onlar bizim səviyyəyə çıxarılmamalıdır.
 
- Hüseyn müəllim, azərbaycanlıların qatilinə Axalkalakidə adbidə qoyulandan sonra, Marenuli rayonunda mədəniyyət evinin qarşısında Azərbaycanın dövlət xadimi Nəriman Nərimanovun heykəlinin götürülməsi ilə bağlı xəbərləri yayılıb. Onun yerinə Merat Kostavanın heykəlinin qoyulması gündəmdədir. Hətta iki gün öncə bununla bağlı Gürcüstan azərbaycanlıları tədbir keçirib. Bu məsələyə münasibətiniz necədir?
 
- Gürcüstanda bolşevizimin təbliğinə qarşı qanun var. Yəni bolşeviklər və onların rəhbələrinin adlarına küçə adları, meydanlar və onların heykəlləri var, qanun bunları qadağan edir. Bu məsələ dəfələrlə gündəmə gəlib, bir dəfə də gündəmə gəlmişdi, onda iqtidar partiyası toplaşdı, mən orada getdim məruzə etdim. Bildirdim ki, Nərimanovu bolşevik kimi tanımaq lazım deyil, Nərimanovu bir həkim, müəllim, dramaturq kimi tanımaq lazımdır. O, sanballı əsərlər yazıb, onu bolşevik kimi tərəziyə qoymaq düzgün deyil. Biz onu vaxtında başa salmağı bacardıq. Bir neçə ay bundan əvvəl hansısa gənclər təşkilatının üzvü olan operator bir qız – Xaşiladze, indi isə Kveladze soyadlı bir oğlan Nərimanov mövzusunu ortaya atıb, guya, Nərimanovun heykəlinin götürülməsi ilə bağlı gəlib rayonda imza toplayacaq. Aygül İsayeva  isə buna qarşı imza kampaniyasına başlayıb. Rayonun 95%-i azərbaycanlılardır, getsin, nə qədər istəyir imza toplasın, onun topladığı imza bəs etməyəcək ki, məsələ gündəmə gəlsin. Azərbaycanlılar istəsə, imza toplayıb, rayon bələdiyyəsinə etimadsızlıq göstərə bilərlər. Ona görə, mən bu məsələdə həyacanlı deyiləm ki, Nərimanovun heykəli götürülə bilər. Marneuli rayonunda yaşayan əhalinin 95%- azərbaycanlıdırsa, burada hansı imza ilə Nərimanovun heykəli götürülə bilər? Azərbaycanlıların imzası ilə heykəl nəinki yerində qalar, lazım gəlsə, bələdiyyə istefaya göndərilər. Ona görə, mən bu məsələ ilə bağlı həyacan görmürəm, kimlərinsə təxribatçılığı ilə bu fikirləri ortaya atıblar. Mən nə hökuməti, nə də müxalifəti təmsil edirəm. Mən Gürcüstan azərbaycanlılarını təmsil edirəm. Həmin şəxs hökumət demək deyil, hansısa bir gənclər təşkilatını təmsil edir, nə qədər istəyir, imza toplasın, onun topladığı imza 7%-i keçməyəcək, ən azı 90% faiz azərbaycanlıdır, qalanı da ermənilərdir.
 
Şamo EMİN, Hurriyyet.org