Azərbaycan çox nadirdir - Tusk

Baxış sayı:
5362

Azərbaycan özünü nəqliyyat və logistika qovşağına çevirmək üçün mühüm addımlar atıb.
Muxalifet.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk iyulun 9-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.
"Bakıya qayıtmaq məndə həqiqətən də məmnunluq hissi doğurur. Kağızımda “küləklər şəhəri” yazılıb, mən bilirəm, bu, Bakının ənənəvi adıdır, lakin bu gün şəhər çox sakit görünür. Azərbaycan çox nadirdir. Ölkəniz özündə ənənə və müasirliyi birləşdirir. Bu günün mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinizə görə Azərbaycan həm Şərqə, həm də Qərbə doğru baxır", - deyə o qeyd edib.
D.Tusk bildirib ki, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir:
"Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır. Münasibətlərimiz intensivləşib və mənim bugünkü səfərim buna aydın işarədir. 2018-ci ildə biz tərəfdaşlıq üzrə prioritetləri müəyyən etdik və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq və bizim siyasi, biznes və mədəni münasibətlərimiz dərinləşəcək. Əlbəttə ki, biz bizi sözün həqiqi mənasında birləşdirən Cənub Qaz Dəhlizini unutmamalıyıq. Bu müsbət məqam tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalı, bütün xalqlarımız üçün birbaşa faydalı olmalıdır, Azərbaycanın islahatlar və iqtisadi şaxələnmə prosesini müşayiət etməlidir".
"Azərbaycan özünü nəqliyyat və logistika qovşağına çevirmək üçün mühüm addımlar atıb. Mən Azərbaycanın Şərq və Qərblə, eyni zamanda, Şimal və Cənub tərəfdaşları üçün iddialarının təcəssümü olan Bakı limanına səfər etməyi səbirsizliklə gözləyirəm. Bu gün Prezident Əliyevlə apardığım müzakirələrdə mən Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək üçün Avropa İttifaqının hazır olduğunu bir daha təsdiq etdim və eyni zamanda, bizim qanunun aliliyi, insan hüquqları və əsas azadlıqlara nə qədər böyük önəm verdiyimizi vurğuladım. Avropa İttifaqı hesab edir ki, həqiqətən açıq olan cəmiyyət uzunmüddətli sabitliyin və bütün vətəndaşlar üçün yaxşı həyatın ən gözəl təminatıdır", - deyə Avropa İttifaqı Şurasının Prezidenti vurğulayıb.