“Azərbaycan bu haqqı tanısa, kompromislərdən danışmaq olar” - PAŞİNYAN / YENİLƏNİB

Baxış sayı:
8707

Ermənistandakı etiraz hərəkatının lideri, baş nazir postuna namizəd Nikol Paşinyan parlamentdə bu günkü çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə mövqeyini izah edib. Paşinyan bildirib ki, “Dağlıq Qarabağ xalqının” öz müqəddəratını təyin etmə haqqının həyata keçirilməsi zəruridir. Habelə münaqişə dinc yolla nizamlanmalıdır.

“Bizim üçün Dağlıq Qarabağ xalqının öz taleyini müstəqil həll etmək haqqı vacibdir, bu haqqın reallaşması vacibdir” - Nikol Paşinyan deyib.

Baş nazir postuna namizəd bildirib ki, münaqişənin həllinin kökündə xalqların bərabərhüquqlara malik olması və öz müqəddəratını təyin etməsi dayanmalıdır. “Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasına yeni impuls verilməlidir” - o əlavə edib.

“Əgər Azərbaycan bəyan edəcəksə ki, Dağlıq Qarabağ xalqının (Paşinyan qondarma “artsax” kəlməsi işlədir) öz müqəddəratını təyin etmə haqqını tanımağa hazırdır, o zaman münaqişənin kompromis həlli barədə danışmaq olar. Bu reallıqdır. Azərbaycanın bu haqqı tanımaqdan imtina etməsi kompromislər haqda danışmağa yer qoymur” - Paşinyan bildirib.

Paşinyan əlavə edib ki, Dağlıq Qarabağa dair indiyədək aparılan danışıqlar formal xarakter daşıyıb və ancaq danışıqlar xatirinə aparılıb. Onun fikrincə Azərbaycan “hər fürsətdə Ermənistanı və Dağlıq Qarabağı hədələdiyi üçün” danışıqlar prosesi formaldır.

***

Bu dəqiqələrdə Ermənistan parlamentinin xüsusi iclasında ölkənin baş nazirinin seçilməsi məsələsi müzakirə olunur.

Bu vəzifəyə yeganə namizəd Nikol Paşinyandır. Lakin Paşinyanın rəhbərlik etdiyi fraksiyanın və onu dəstəkləyən digər fraksiyaların parlamentdə cəmi 47 səsi var. Baş nazirin seçilməsi üçünsə 53 səs tələb olunur.

İqtidarda olan Respublikaçılar Partiyası parlamentdə 58 mandata sahibdir.

Əgər bu gün parlament baş naziri seçə bilməsə, bir həftədən sonra yenidən seçkilər keçiriləcək. Bu dəfə də baş nazir təyin oluna bilməsə, Ermənistan qanunvericiliyinə görə, 30-45 gün ərzində ölkə prezidenti parlamenti buraxmalı və növbədənkənar parlament seçkiləri təyin edilməlidir.

***
Etirazçılar İrəvanın mərkəzi meydanına toplaşır - CANLI YAYIM

Yüzlərlə etirazçı İrəvanın Respublika meydanına toplaşıb.
Muxalifet.az xəbər verir ki, etirazçılar meydandakı iri monitorların qarşısına toplaşıb. Həmin monitorlarlarda parlamentdə baş tutacaq baş nazirin seçilməsi ilə bağlı canlı yayımı izləyəcəklər.
Hazırda meydana insan axını davam edir.
Qeyd edək ki, bu gün Ermənistan Milli Məclisi (parlamenti) növbədənkənar iclasda ölkənin baş naziri seçkilərini keçiriləcək. Bu posta yeganə namizəd Ermənistanın müxalifət lideri Nikol Paşinyandır.