Azərbaycan böyük qıtlığın astanasında

Ərzaq məhsullarının toptansatışı dayandı; ölkədə qiymətlər və gömrük rüsumu yenidən qaldırıldı

Son günlərdə satış mərkəzlərində və iri marketlərdə ərzaq məhsullarının qiyməti bahalaşıb. Fins.az xəbər verir ki, satışla məşğul olan şəxslər bunu Azəzbaycanda dolların manata nisbətən məzənnəsinin artması ilə izah edirlər.
Müşahidələr isə göstərir ki, qiymət artımı təkcə xaricdən gətirilən mallarda deyil, yerli istehsal olan məhsullarda da baş verib. Bu siyahıda “Azərsun Holdinq”in istehsal etdiyi məhsullar da var.

“Azərsun” da məhsulları bahalaşdırıb

Şirkətin ictimaiyyətlə əlaqələr departamentnin rəhbəri Afiq Səfərov qiymət artımını inkar etməyib. Bildirib ki, son günlərdə “Azərsun”un məhsullarında 5-6 faizlik bahalaşma baş verib. Bu da xammalın maya dəyərinin artması ilə bağlıdır. Şirkət rəsmisi qiymət artımı ilə bağlı rəsmi açıqlama yayacaqlarını da qeyd edib.

Qiymətlər nə qədər artıb?

Qeyd edək ki, şəkər tozu əvvəl marketlərdə 1 manat 10 qəpiyə satılırdısa, indi 1 manat 30 qəpiyədək bahalaşıb.
Gündəlik tələbat məhsulu olan yumurta isə 11 qəpikdən 14 qəpiyədək bahalaşıb. Kənd ymurtasının qiymətində də artım bu qədərdir – 14 qəpikdən 18 qəpiyə qalxıb.
Daha bir gündəlik tələbat məhsulu olan ərzaqın – yağların qiymətində də ciddi bahalaşma baş verib. Məsələn, “Westgold” yağının 1 k q-nın topdansatış qiyməti 6,7 manatdan 7,1 manata qalxıb.
Qiymət artımı sərinləşdirici içkilərdə də müşahidə edilir. 0,5 litrlik qablaşmada “Coca Cola” əvvəl 34 qəpiyə satılırdısa, indi 51 qəpik olub. Həmin içkinin 1 litrlik qablaşması isə 82 qəpiyə satılır. Buna qədər isə 60 qəpik idi.

Topdansatış dayanıb

Qiymətlərin artımı ilə yanaşı, mağazalara mal buraxılması da məhdudlaşdırılıb. Bəzi topdansatış mərkəzləri son günlər marketlərə mal vermirlər. Topdansatıçılar mağazalara ancaq əvvəl satdıqları malların pulunu almaq üçün gəlirlər. Mağazalarda bunu qiymət artımının gözlənilməsi ilə izah edirlər. Topdansatış şirkətlərində isə bildirirlər ki, belə hallar varsa, bu marketlərin indiyədək aldıqları malı satıb pulunu verməməsi ilə bağlıdır.

Siqaretlər yenidən bahalaşdı

Dünən səhər Bakıda siqaretlərin son 10 gün ərzində ikinci dəfə bahalaşması da qeydə alınıb. Hurriyyet.org-un müxbiri xəbər verir ki, markasından asılı olaraq, budəfəki bahalaşma 20-40 qəpik olub.
Ümumilikdə, dalbadal iki bahalaşmadan sonra siqaretlərin qiyməti təxminən 30% qalxıb.
Bəzi mağazalarda qiymətlər qalxmasa da, topdan satış mərkəzlərində satışın dayandırıldığı bildirilir. Bir sıra köşklərdə isə əməkdaşımıza siqaretlərin yeni qiymətlərinin əks olunduğu qaimələr təqdim edilib:
– LD (nazik qutu) – 2.80 AZN (əvvəlki satış qiyməti – 2.60 AZN)
– LD (qalın qutu) – 2.50 AZN (2.30 AZN)
– LD (göy qutu) – 2 AZN (1.70 AZN)
– LD (ağ qutu) – 1.80 AZN (1.60 AZN)
– Winchester (compact) – 1.70 AZN (1.50 AZN)
– Winchester (qalın qutu) – 1.60 AZN (1.40 AZN)
– Winston – 3 AZN (3 AZN)
– West (qalın qutu) – 1.70 AZN (1.50 AZN)
– West (compact) – 2 AZN (1.70 AZN)
– West (nazik qutu) – 2.90 AZN (2.60 AZN)
– Sobranie – 3.70 AZN (3.30 AZN)
– Kent (qalın) 3.30 AZN (3 AZN)
– Kent (nazik ) – 3.30 AZN (3 AZN)
– More – 1.40 AZN (1.20 AZN)
– Yava – 1.40 AZN (1.20 AZN)
– Viceroy (compact) – 1.70 AZN (1.50 AZN)
– Viceroy (nazik qutu) – 2.50 AZN (2.30 AZN)
– Rothmans (compact) – 2.50 AZN (2.30 AZN)
– Rothmans (nazik qutu) – 2.80 AZN (2.60 AZN)
– Classic (compact) – 1.70 AZN (1.50 AZN)
– Classic (uzun) – 1.80 AZN (1.60 AZN)
– Classic (qalın qutu) – 1.60 AZN (1.40 AZN)
– Prima – 1.40 AZN (1.20 AZN)
– P&S – 2.50 AZN (2.30 AZN).

Gömrük rüsumu da qaldırıldı

Yeri gəlmişkən, bu gündən Azərbaycandan ixrac edilən latun və tunc üçün ixrac rüsum dərəcəsi 20 dəfəyə qədər artırılır.
Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” qərarında əksini tapıb.
İndiyə qədər Azərbaycandan ixrac edilən bütün mis və mis məmulatlarına 1000 kq üçün 15 dollar olmaqla ixrac rüsum dərəcəsi tətbiq edilib.
Dəyişikliyə əsasən, ixrac edilən mis və mis məmulatlarının bir qismi üçün fərqli ixrac rüsum dərəcəsi tətbiq ediləcək.
Başqa sözlə, saflaşdırılmamış mis (elektrolitik saflaşdırma üçün mis anodlar), mis və sink əsasında ərintilər (latun), mis və qalay əsasında ərintilər (tunc), digər mis ərintiləri (liqaturalardan başqa), mis tullantıları və qırıntılar (saflaşdırılmış misin və miss ərintilərinin) ixracı zamanı həmin malların gömrük dəyərinin 10 faizi, lakin 1000 kq-a 300 dollardan az olmamaqla ixrac rüsum dərəcəsi tətbiq ediləcək.
Beləliklə, Azərbaycandan ixrac edilən bu növ mis və mis məmulatları üçün ixrac rüsum dərəcəsi 20 dəfəyə qədər artırılır.
Bu qərar 5 il müddətində qüvvədədir.