“Azərbaycan bilsin ki, Ermənistan heç vaxt buna icazə verməyəcək..” - Paşinyan

Baxış sayı:
8212

“Azərbaycanın Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatına qoşulmaq kimi bir istəyi yoxdur. Bu təşkilata qoşulmaq istəsə, ən yaxşı halda müşahidəçi statusunu daşımaq istəyər ki, bunun üçün konsensus yox, iştirakçıların əksəriyyətinin səs çoxluğu tələb edilir”.
Bu sözləri politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli Nikol Paşinyanın “Ermənistan heç vaxt Azərbaycanın Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatı”nda üzvlüyünə imkan verməyəcək” bəyanatına şərh verərkən deyib.
Politoloq bildirirb ki, Azərbaycan ən yaxşı halda bir müddət əvvəl təşkilatda yaradılmış müşahidəçi statusunu almaq istəyər:
“Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatında qərarlar konsensus, yəni üzvlərin hamısının razılığı əsasında qəbul edilir. Üzvlərdən biri etiraz edirsə, qərar qəbul edilməmiş sayılır. Paşinyan cənabları özünü əziyyətə salıb Azərbaycanın bu təşkilata qəbul edilməsi istiqamətində düşüncələr yayır. Çünki onsuz da Azərbaycanın bu təşkilata daxil olmaq fikri yoxdur. Bu təşkilata qoşulmağı düşünsə, ən yaxşı halda müşahidəçi statusunu daşımaq istəyər. Bunun üçün isə hətta təşkilat üzvlərindən ikisi etiraz etsə də, Azərbaycana təşkilatda status əldə etməsinə mane yarada bilməz”.
Q.Hüseynli bildirib ki, bu təşkilatın nüvəsində dayanan Rusiya Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində obyektiv mövqe tutacağı, Minsk qrupunun üzvü kimi lazımi dəstək verəcəyi halda Azərbaycan bu təşkilata qoşulmaq barədə düşünə bilər:
“Bundan başqa, Azərbaycan Qoşulmama təşkilatının üzvüdür. Hazırkı statusu ona başqa bir hərbi təşkilata qoşulmağa imkan vermir. Bu mənada Azərbaycan yalnız Qoşulmama Hərəkatından çıxdıqdan və ərazi bütövlüyünün təmin edəndən sonra hər hansı təşkilata qoşula bilər. Hələ ki, bu təşkilata üzvlük barədə düşünmür”.
Politoloq qeyd edir ki, Ermənistan bu gün təşkilat qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir:
“Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının şərtlərindən biri qoşulan ölkələrin öz silahlı qüvvələrindən müəyyən kontingent ayırması və müəyyən vəsait ödəməsidir. Lakin Ermənistanın nə belə bir mliyyə imkanı, nə də qoşun kontingenti var. Əksinə Ermənistan ancaq bu təşkilatının köməyindən yararlanmağa çalışır. Hazırda təşkilatın hava hücumundən vahid müdafiə sistemi yaradılır. Təşkilata heç bir ödəniş etməyən Ermənistanda hava hücumundan müdafiə sistemi yaradılır”./Publika.az/