Azərbaycan Avropa Birliyi ilə gizli danışıqlar aparır? – POLİTOLOQ AÇIQLADI

Baxış sayı:
7711

“Mən burada gizlilik elementinin olduğu fikrində deyiləm”
 
Son günlər ölkə ictimaiyyəti arasında Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq saziş geniş müzakirə olnur. Bir neçə gün əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında deyib ki, Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq haqqında sazişə müxtəlif məsələlərin həllinə imkan yaradan mühüm, baza sənədlərindən biri kimi baxır: “Biz fəxrlə deyə bilərik ki, sazişin mətninin 90 faizdən çoxu artıq razılaşdırılıb, qalan hissənin razılaşdırılması üzrə iş aparılır. Bütün sənədin gələn ay razılaşdırılacağını gözləyirik”.
E.Məmmədyarov vurğulayıb ki, sazişlə bağlı həll olunmamış məsələlər var və bunların həlli üçün təkcə Azərbaycandan deyil, Aİ-dən də çeviklik tələb olunur.
Müsavat Partiyasının sədri Arif Hacılı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalancaq sazişlə bağlı öz fikilərini bölüşüb: “Aİ ilə Azərbaycan arasında bağlanacaq saziş Avropa Şərq Tərəfdaşlığı Proqramında iştirak edən ölkələrlə bağlanılan sazişlərlə oxşar olsa da, bir sıra fərqli cəhətlər də var.Bu saziş layihəsi Aİ-nin bundan əvvəlki ənənəsindən fərqli olaraq Aİ tərəfindən deyil Azərbaycan tərəfindən hazırlanıb. Buradan o nəticəyə gəlmək olar ki, siyasi, insan haqları və demokratiyaya aid olan məsələlər mümkün qədər məhdudlaşdırılıb.
Sazişlə bağlı müzakirələr xalqın xəbəri olmadan qapalı aparılır”.
Maraqlıdır ki, Avropa Şərq Tərəfdaşlığı Proqramında iştirak edən ölkələrlə bağlanılan sazişlərdə nə fərqli cəhətlər ola bilər ki?
Avropa Şərq Tərəfdaşlığı Proqramında iştirak edən ölkələrin hamısı üçün bu şərtlər hamı üçün eyni deyilmi ki, müxalifət bu detalların açıqlanmasını istəyir?
 
“Şərq Tərəfdaşlığı Proqramı bütün ölkələr üçün eyni nəzərdə tutulub və eyni öhdəliklər götürülür”
 
“Hürriyyət”in sualını cavablandıran keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli deyib ki, o, hansısa bir fərqli cəhətlərin olacağını təxmin etmir: “Şərq Tərəfdaşlığı Proqramı bütün ölkələr üçün eyni nəzərdə tutulub və eyni öhdəliklər götürülür, amma müəyyən fərqliliklər ola bilər. Lakin vizasız gediş-gəliş və yaxud asanladırılmış viza sitemi bunlar hamısı bütün ölkələr üçün eynidir, seçki sistemi, demokratik qaydalar
Şərq Tərəfdaşlığı Proqramı uyğun olaraq hamıda eyni standartlardır. Müxalifətin bir bildiyi varsa, gərək, açıqlasın. Mənim bildiyim bu qədərdir. Əsas diqqət mərkəzində dayanan məsələ Seçki Məcələsidir və seçkilərin keçirilməsi ilə bağlı olan məsələlərdir ki, Azərbaycan bu məsələdə Avropa Birliyi ilə ümumi razılığa gəlib”.
 
“Bu, Rusiya ilə də bağlı ola bilər”
 
“Sazişin detallarının açıqlanmaması Rusiya ilə bağlı olar bilərmi, bəlkə ona görə ehtiyat edib açıqlamırlar” sualına Q. Hüseynli belə cavab verdi: “Əlbəttə, bu, Rusiya ilə də bağlı ola bilər. Amma Azərbaycan tərəfi sazişin detallarını açıqlamasa da, Avropa tərəfi açıqlayacaq. Avropa İttifaqı şəffaf qurumdur. Mən burada gizlilik elementinin olduğu fikrində deyiləm. Kimlərsə şübhələnirsə, Avropa qaynaqlarından və yaxud Avropa ölkələrinin buradakı səfirliklərindən gedib öyrənə bilər. Arif müxalifət partiyasının sədridir, onu deyə bilər. Amma mən onu deyə bilərəm ki, ən çətini bu sazişi imzalamaqdır. Geridə qalan məsələlər öz yolu ilə gedəcək”.
 
“Əvvəl-axır hamı biləcək”
 
“Razılaşdırılmayan 5% nələr ola bilər” sualına isə Hüseynlinin cavabı belə oldu: “Bu detallar açıqlanmayıb, ona görə deyə bilmərəm, təxmini şeyləri də söyləmək istəmirəm. Amma imzalanmış saziş açıqlanacaq, ən azından Avropa tərəfindən açıqlanacaq. Və yaxud biz hansı sənədə qol atırıq, bilməliyik, ya yox, əvvəl-axır hamı biləcək”.
 
Şamo EMİN, Hurriyyet.org