Azərbaycan alimləri arasında “Maygülü” qarşıdurması - BU, ƏSL TƏXRİBATDIR, YOXSA BEKARÇILIQ?

Baxış sayı:
10582

Azərbaycan alimləri arasında “bəzi quşlara” görə əsl qarşıdurma yaranıb.  Belə ki, ötən gün AMEA Zoologiya İnstitutunun Elmi Şurası bəzi quş növlərinin adlarının dəyişdirilməsi məsələsini müzakirəyə çıxarıb.

Müzakirəyə çıxarılan 140 növün adları arasından 20 quş növünün yerli adları ornitoloqların təklifi ilə dəyişdirilib. Qərara əsasən, maygülü – batağan, böyük qartalça və ya çığırğan qartalça – böyük xallı qartal, ördəktutan qızılquş – sərçəçalan, cek və ya gözəl cek – gözəl dovdaq, qəşəng durna – telli durna, trinqa – otluq cüllütü, bekas – meşə cüllütü, sterna – sümrü, adi sitta – adi fitçi, qırmızıqanad tixodrom – qırmızqanad qaya quşu, kölgəlik yarpaqgüdəni – sin-sin yarpaqgüdəni, ilanboyun – adi buruqboyun, alacəhrə – alaçöhrə, toğlugötürən – saqqallı kərkəs, leşyeyən qartal – leşyeyən ağkərkəs, sultan toyuğu – sultan quşu, torağay – turağay, sarıdimdik qarğa – sarıdimdik dolaşa, tuvik – tüviy, anqut – qırmızı ördək adlandırılıb.

Lakin Zoologiya İnstitutunda oturan “quşbazların” bu qərarı AMEA-nın digər institutunda-Dilçilik İnstitutunda bərk narazılıq yaradıb. İnstitutdan bəyan ediblər ki, onlar quşların adlarını dəyişdirmək üçün təklif verməyiblər və Zoologiya İnstitutunun qərarı “təxribatdır”.

AMEA-nın Nəsimi adına Dilçilik İntitutunun direktoru Möhsün Nağısoylu bildirib ki, Zoologiya İnstitutunun Elmi Şurası dəyişikliklər barədə onları məlumatlandırmayıb.

AMEA-nın Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova da dəyişikliyi təxribat adlandırıb: “Onların bizə demədən belə bir dəyişiklik etməsi yolverilməzdir. Quşların adı dəyişdirilə bilməz. Biz indi Zoologiya İntitutu ilə əlaqə saxlayacağıq”.

Bu sərt reaksiyadan sonra  Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib ki, heç bir quş növünün adı hələ rəsmi şəkildə dəyişdirilməyib.

Onun sözlərinə görə, bu məsələ mövcud prosedur qaydaları əsasında həll olunur: “Biz, sadəcə, təkliflər vermişik”.

“İnanmıram ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu məsələnin təxribat olması ilə bağlı fikir bildirsin. Ola bilsin ki, məsələ barədə məlumatlı deyil və ona görə də belə danışıb”, - institut direktoru bildirib.

E.Yusifov vurğulayıb ki, məsələ ilə bağlı müzakirələr davam edir: “İşlər yekunlaşdıqdan sonra təkliflər aidiyyəti institutlara göndəriləcək. Sadəcə, bir növ quşun bir neçə adı var və hər mütəxəssis də öz fikrini müdafiə edir. Ona görə də mübahisəli olan bütün adlarla bağlı məsələni həll etmək üçün komissiya yaradılıb. Prosedur qaydalarına görə alimlər təkliflər irəli sürəcək, daha sonra təkliflər bölmədə yaradılan komissiyaya göndəriləcək, ardınca yekun qərar Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına gedəcək. Odur ki, bunu təzə problem kimi qəbul etmək düzgün deyil”. 

Bəs Zoologiya İnstitutunun alimlərinin beyninə bəzi quşların adlarını dəyişdirmək ideyası haradan gəlib? Bu barədə fağır quşların özündən soruşan olubmu? Ümumiyyətlə, “Maygülü” quşunun adını “Batağan” qoysalar bu yeni ad meşə sakinləri arasında necə qarşılanacaq? Bütün bu suallar cavabsız qalır.

Hərçənd quşların adlarına “quş qoymaq” qərarına sərt etiraz edib bunu “təxribat” adlandıran Dilçilik İnstitutunun özü də vaxtaşırı olaraq Azərbaycan dilinə “əl gəzdirməklə” məşğuldur. Məsələn, İnstitut təklif etmişdi ki, paltarları yuyandan sonra ipə sərəndə onları bərkitmək üçün istifadə olunan əşyaya (“şpilka”) “ipəzor” demək lazımdır. Sürücü qadın isə AMEA Dilçilik İnstitutunun alimlərinə görə “süranə” adlandırılmalıdır. Habelə institut qadınların saçlarını yığmaq üçün istifadə etdikləri “broşka”ya “saçazor” adı qoymuşdular. Qadınların çimərlik geyiminə isə alimlər “geyçim” adı təklif edirdilər...

Lakin bu təkliflər xeyli lağa qoyuldu və deyəsən gündəmdən çıxdı. Belə görünür ki, AMEA-nın institutlarında doğrudan da çox bekarçılıqdır.../Virtualaz