​“Azərbaycan 5-7 rayonu azad etmək istəyirsə...” – POLİTOLOQDAN TƏKLİF

Hikmət Hacızadə: “...O zaman Rusiyanın yaratdığı ittifaqlardan birinə girməlidir”

Məlum olduğu kimi, aprelin 5-də Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması əldə edildi. Laki məlum anlaşmanın üzərindən bir neçə gün keçməsinə baxmayaraq, hələ də bu razılaşmanın şərtləri haqqında ictimaiyyətə heç bir məlumat verilməyib.
Məsələ ilə bağlı açıqlama verən politoloq Hikmət Hacızadə, proseslərin görünməyən tərəfinin görünən tərəfindən daha dərin, daha mürəkkəb olduğunu bildirib: “Əgər söhbət konkret olaraq atəşkəs razılaşmasından gedirsə, burada hər hansı bir gizli məqam yoxdur. Tərəflər sadəcə bu məsələni razılaşdırır ki, filan tarixdən atəşkəs elan edilsin və əməliyyatlar dayandırılsın. Burada müzakirə edilən, razılaşdırılan ikinci bir məqam yoxdur. Lakin ola bilsin ki, arxa planda Azərbaycanın bu qələbəyə görə ödədiyi şərtlər olsun.
Baş verənlərlə bağlı maraq doğuran bir sıra məqamlar var. Məsələn, nə üçün döyüşlər zamanı Rusiya öz təyyarələrini, hərbi mütəxəssislərini kömək üçün ermənilərə göndərmədi? Ola bilsin ki, Azərbaycanın Rusiyanın yaratdı cürbəcür ittifaqlara daxil olması məsələsi ortada olsun. Bu atəşkəs əslində heç nədir. Əgər Azərbaycan 5-7 rayonu azad etməyi və bu prosesə Rusiyanın müdaxiləsinin olmamasını istəyirsə, onda ya Avrasiya İttifaqına, ya hərbi, ya da Rusiyanın yaratdığı başqa bir ittifaqa girməlidir. Hər halda ehtimallar bununla bağlıdır”.