“Azərbacanın Rusiyanın tərkibinə daxil olması mütərəqqi hərəkət kimi qəbul oluna bilməz” - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “Qacar ölməsəydi, Azərbaycan bu gün dünyanın ən inkişaf etmiş Avropa ölkələrindən biri olacaqdı”

“Azərbaycanın bütöv şəkildə İranın və yaxud da Rusiyanın tərkibində qalması bizim üçün daha əhəmiyyətlidir, nəinki bu günkü kimi parçalanmış vəziyyətdə olması”

“Səməd Vurğun texnika baxımından, qafiyə düzmək, sözlərin nizamı baxımından Azərbaycanda bənzərsiz şairdir. Amma ədəbiyyat elə qafiyə tutmaq deyil ki. “Vaqif” dramında Səməd Vurğun Qacarı fars kimi, qaniçən işğalçı kimi təqdim edir, Vaqifi isə xalqın böyük bir şairi, xilaskarı kimi. Halbuki, Vaqif Qarabağın Azərbaycandan qoparılması məsələsində vasitəçilik edib. Yekaterina ona görə ona qızıl əsa da bağışlayıb”.
Ötən həftə ADP sədri Sərdar Cəlaloğlunun Kulis.az-a müsahibəsində səsləndirdiyi bu fikirlər bəzi şəxslər tərəfindən etirazla qarşılandı. Belə ki, S.Cəlaloğlunun fikirlərinə münasibət bildirən deputat Aqil Abbas Publika.az-a açıqlamasında Vaqifin Qarabağı satması iddiasının qəbuledilməz olduğunu bildirdi. O cümlədən, “Şərq” qəzetinin baş redaktoru, əslən Qazaxdan olan Akif Aşırlı da “Bu kin küdurət hardandır, ay Sərdar Cəlaloğlu?” – deyə sual etdi. Öz növbəsində, deputat Fazil Mustafa da ““Vaqif” öz möhtəşəmliyini bu günə qədər qoruyur” deyərək, S.Cəlaloğluna etirazını bildirdi. Üstəlik, o, ADP sədrinin müsahibəsində Qacarla bağlı səsləndirdiyi müsbət fikirlərə də özünəməxsus tərzdə münasibət bildirdi: “Qacar Azərbaycanda Qori seminariyası yox, mollaxana açacaqdı”.
Bütün bunlara rəğmən Sərdar Cəlaloğlu haqlı olduğunu və Səməd Vurğun, Molla Pənah Vaqif haqda tənqidi fikirlərinin heç də əsassız olmadığını deyir. ADP sədrinin “Hürriyyət”ə verdiyi geniş müsahibəni dəyərli oxucularımıza təqdim edirik.
(Əvvəli bu linkdə: http://muxalifet.az/mn-vaqif-d-smd-vurguna-da-siyastci-kimi-baxmisam-musahib.html)
… Qarabağın Azərbaycandan qoparılmasının 200 ildən artıq tarixi var. Bu tarixin böyük bir hissəsi – 100, 150 ili siyasi separatizmdir, son 50-60 ildə ruslar buranın etnik tərkibini dəyişdirdilər və bunu etnik separatizmə çevirdilər. İndi biz məsələyə bu cür yanaşanda, məlum olacaq ki, bu problemin arxasında duran erməni deyil. Çünki bu siyasi separatizmin arxasında duran ruslar olub. Yəni Qarabağı bizdən almaq üçün əvvəlcə siyasi separatizm başladıblar, sonra da bunu etnik separatizm müstəvisinə keçiriblər. Bu zaman biz məcburuq ki, bu prosesdə iştirak edən adamların adlarını deyək. Kimlər olub? Qarabağ xanı, Vaqif və s. Biz bunu gizlədə bilmərik. Adama deyərlər ki, həmin dövrdə Qarabağın şahlıq almaq məsələsi ilə bağlı Rusiya ilə danışıqları kim aparırdı?! Bunu biz deməliyik. Vaqif vəzir olub. Məsələn, indi necə ki, Azərbaycanda müəyyən məsələlərdə Əbülfəz Elçibəy hakimiyyətinin xarici işlər naziri Tofiq Qasımov tənqid olunur və yaxud ABŞ-da xarici siyasətlə bağlı dövlət katibi, Rusiyada xarici işlər naziri Lavrov tənqid olunur, o cümlədən vəzirlər də həmin dövr üçün ölkənin siyasi həyatına cavabdehlik daşıyıblar. Vaqifin mükafatlandırılması da elə onun xidmətləri ilə bağlıdır…
-Hesab edirsiniz ki, Aqil Abbasın güman etdiyi kimi, Vaqifə heç də şeirlərinə görə qızıl əsa hədiyyə olunmayıb?
- Axı, Aqil Abbas deyə bilməz ki, Vaqifin hansısa bir şeiri rus dilinə tərcümə olunmuşdu, Yekaterina bu şeiri bilirdi, ona görə buna qızıl əsa verdi. Bu mükafat Vaqifə məhz Rusiya ilə Qarabağ arasında danışıqlarda iştirakına görə verilibdir. Bu, sovet dövründə belə də təbliğ olundu. Yəni Vaqifi bizə bu cür təbliğ ediblər. İndi üstündən bir müddət keçib, istəyirlər ki, hər şeyi ört-basdır etsinlər. Məsələn, Fazil Mustafanın maraqlı bir sözü var. Deyir ki, torpaq bizim nəyimizə lazımdır, bizə mədəni maarif lazımdır. Guya Qacar Azərbaycanı tutsaydı, hər yerdə mollaxana açacaqdı. Amma bunu vaxtilə bir Fransız ziyalısı Qacarla bağlı yazıb. Qacar 17-ci əsrdə mənim hörmətli dostum Fazildən fərqli olaraq fransız dilini, ingilis dilini mükəmməl bilib. Hətta Qacarın qardaşı oğlu Abbas Mirzə Fransa səfiri ilə həmin dövrün Fransa ədəbiyyatı və maarifçilik hərəkatının filosofları ilə bağlı söhbət edərəkən Fransa səfiri o adamların heç birini, məsələn, Molyeri, Volteri tanımayıb. Abbas Mirzə ona həmin adamlar haqqında məlumat verib ki, sizdə belə böyük şəxsiyyətlər, yazıçılar var.
1700-cü ildə Təbrizdə böyük bir mətbəə yaradılıb. Hansı ki, həmin vaxtadək hələ Rusiyada mətbəə yaradılmamışdı. Bundan əlavə, topxana qurub və s. Fazil Mustafa isə deyir ki, biz Qacarın himayəsi altında qalsaydıq, Azərbayan dönüb olacaqdı mollaxana. Hamı bilir ki, Qacardan sonrakı dövrdə də Abbas Mirzə Azərbaycanda qeyri-adi Avropa yönümlü siyasət apardı, böyük iqtisadi islahatlar həyata keçirdi. Rusiyanın Azərbaycanı işğal etməsi və sonra Abbas Mirzənin ölməsi bütünlükdə bu islahatları yarımçıq saxlayıb və tarix başqa bir istqamətdə inkiaşaf edib. Yəni Qacar, Abbas Mirzə ölməsəydi, Cənubi Azərbaycan da daxil olmaqla, Azərbaycan bu gün dünyanın ən inkişaf etmiş Avropa ölkələrindən biri olacaqdı. Biz Məmməd Əmin Rəsulzadənin o vaxtkı Azərbaycanla bağlı əsərlərini oxuyuruq ki, İranın tərkibində olan azərbaycanlılar Rusiyanın tərkibində olan azərbaycanlılardan qat-qat azad olublar. Çünki din eyni olduğuna görə, orda bir tək siyasi asılılıq olub. Amma Rusiya ilə həm dinimiz ayrı olub, həm milli kimliyimiz ayrı olub və s. Məmməd Əmini sevrisinizsə, böyük bir lider kimi qəbul edirsinizsə, nə üçün onun Azərbaycan İranla Rusiya arasında parçalanarkən, bu iki azərbaycanlıların vəziyyətinə baxıb dediyi fikirləri nəzərə almırsınız?! Demək, sizə lazım olanda Məmməd Əmin böyük şəxsiyyətdir, lazım olmayanda heç bir fikri önəm daşımır və siz öz subyektiv fikirlərinizi deyirsiniz. Azərbacanın Rusiyanın tərkibinə daxil olması heç vaxt mütərəqqi hərəkət kimi qəbul oluna bilməz. Əksinə, 1917-18-ci illərdə Bakıda sənayenin inkişaf tempi ilə rus imperiyası tərəfindən işğalından sonrakı tarixə baxın. Əgər o iki illlik müstəqillik dövründə Azərbaycanda iqtisadiyyatın inkişafı ilə sonrakı dövrü müqayisə etsək, görərik ki, Azərbaycan 1 əsr geri salınıb. Bilirsiniz ki, həmin iki il ərzində Qarabağda pambıq, Naxçıvanda duz, Bakıda neft sənayesi inkişaf edib. Yəni Azərbaycanda böyük sənayeləşmə hərəkatı başlamışdı. Bolşeviklər Azərbaycanı işğal edəndən sonra Azərbaycan yenidən dönüb kənd təsərrüfatı ölkəsi oldu, nefti xammal şəklində apardılar və belkəliklə Azərbaycan yenidən geri düşdü. Bunun Qacara yox, əksinə ruslara aidiyyatı var. Və dünyanın hansı ölkəsində görünüb ki, bir işğalçı dövlət işğal etdiyi xalqı inkişaf etdirsin? Bu nə qədər absurd fikirdir…
- Yeri gəlmişkən, Fazil Mustafa onu da deyir ki, Qacarın Azərbaycanı birləşdirməməsi bizim xeyrimizə oldu…
-Mən bilmirəm Fazil Mustafa “biz” deyəndə kimi nəzərdə tutur, amma mən bir azərbaycanlı kimi deyirəm ki, Azərbaycanın bütöv şəkildə İranın tərkibində qalması və yaxud da bütöv şəkildə Rusiyanın tərkibində qalması bizim üçün daha əhəmiyyətlidir, nəinki bu günkü kimi parçalanmış vəziyyətdə olması. Bunun belə başa düşmək lazımdır. Yəni vətənin parçalanmasına heç bir ad altında haqq qazandırmaq olmaz. Bütün ölkə bir yerdə işğal oluna bilərdi. Azad olunanda da bir yerdə olacağdıq, necə ki, Şimali Azərbaycan azad oldu. Amma parçalanma bizə imkan vermədi ki, bir xalq olaraq tam şəkildə azad olaq. Elə təcrübə də göstərir ki, Fazil Mustafa yanlış deyir. Birinci, onun Qacar haqqında dediyi fikirlər yanlışdır. Sonra isə deyir ki, bizə torpaq lazım deyil. Torpaq olmazsa, xalq necə ola bilər? Xalq özü torpaq və qan birliyi deməkdir. Etnoqrafiya elmi də xalq haqqında belə bir tərif verib ki, xalq ərazi birliyi və qan birliyində olan insan kütləsi deməkdir. Əgər bizə yalnız qan birliyi lazımdırsa, yalnız qan birliyi ilə tayfa yarana bilər, xalq, millət yarana bilməz. Millət şüur birliyi, xalq qan və ərazi birliyi, tayfa qan birliyindən yaranır. Hörmətli Fazil bəy isə deyir ki, ərazi birliyinin bizim üçün önəmi yoxdur. Məhz ərazimizin parçalanmasına görə biz hələ də vahid Azərbaycan xalqı kimi formalaşa bilməmişik. Yəni gərək ərazi bir ola ki, biz bir xalq kimi formalaşaq, Cənubi Azərbaycanla Şimali Azərbaycan bir ekul təşkil edə bilsin.
- Belə anlaşılır ki, siz Azərbaycanın parçalanmış halda ayrı olmaqdansa, bütöb halda İranın tərkibində olmasının tərəfdarısınız…
- İndi deyirlər ki, guya biz İranın tərkibində qalsaydıq, geriyə düşəcəydik. Məsələn, bütün Sovet Rusiyası dönəmini, eləcə də Çar Rusiyası dövründəki Şimail Azərbaycanı nəzərə alaq. İndi ədəbiyyatdan çox danışırlar. Bizim bütün yazıçılar birliyi bir tək Şəhriyarla bərabərlik təşkil edə bilir? Yox. Şəhriyar yeni dövrün Şərq ədəbiyyatına yeganə divan bağlamış bir şairdir. Və onun əsərləri o qədər nəhəng, böyük əsərlərdir ki, bunu Azərbaycanda da hamı bilir. Bizim ən böyük şairlərimiz də Şəhriyara şeirlər yazıblar. Yaxşı, Cənubi Azərbaycan Şəhriyarı yetişdirə bilirsə, nə əcəb sənin bu sevimli Çar Rusiyan belə bir nəhəng şəxsiyyət yetişdirə bilməyib? Yetişdirdiyi də hamısı Kommunist Parstiyasının ideologiyasını təbliğ edən sinfi şairlər olub. Bəs, millətinə, xalqına bağlı niyə bir adamı yetişdirə bilməyib? Şəhriyarın bir tək “Heydər Baba” şeiri Azərbaycan xalqının etnoqrafik bədii təsviridir, hansı ki, bütün Sovet Azərbaycan ədəbiyyatı bunun 10-dan 1-ni təsvir edə bilməyib.
(Ardı var)
Ayxan İLDIRIMTÜRK