Azər Süleymanov: “Gürcüstanı bu günə gətirənlərdən hesab soracağıq”

Baxış sayı:
8209

“Prezident seçkilərini udan kimi parlament seçkiləri tələb edəcəyik”

Gürcüstan prezident seçkilərinin ikinci turuna hazırlaşır. Dekabrın 2-dən gec olmayaraq qonşu ölkədə seçkilər bitməlidir. İkinci turda mübarizənin hakim “Gürcü Arzusu” Koalisiyasının dəstəklədiyi Salome Zurabişvili ilə müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze arasında gedəcəyi məlumdur.

Oktyabrın 28-də keçirilən ilk turdan sonra Gürcüstanda hansı proseslərin getdiyini, müxalifət və iqtidarın növbəti tura necə hazırlaşdıqlarını ölkəsinə gəlmək üçün Vahid Milli Hərəkat Partiyasının qurucusu Mixail Saakaşvilinin partiyasından olan azərbaycanlı deputat Azər Süleymanovla dəyərləndirdik.

- Azər bəy, bu nəticələri gözləyirdiniz?

- “Gürcü Arzusu” ilk turdaca məğlub oldu. Saxtakarlıqlar getdikcə aşkar olunmaqdadır. Bəzi kəndlərimiz var ki, cəmi 400 əhalisi var. Amma 450 səs yazılıb. Əllərimizdə protokollar var. Komissiya üzvlərimizin əvəzinə saxta qollar çəkilib. Məhkəməyə müraciətlər etmişik. Amma məhkəmələrin qərarlarını gözləmək gecdir. Çünki ikinci tur elan olundu. Təmiz seçki keçirilsəydi, “Gürcü Arzusu” rüsvayçı şəkildə uduzmuşdu. Bunu hər kəs bilir. Baş nazir və şəhər meri çıxış etdi və bildirdilər ki, biz gürcü xalqından “qırmızı kart” aldıq, yəqin hakimiyyətdə olduğumuz 6 ilin qiyməti idi. Söz verdilər ki, bir aya özlərini düzəldəcəklər. 6 ilə dağıtdıqları dövləti necə bir aya düzəldə bilərlər? Çox gülünc biz vəziyyətdədirlər. Düşmənimə belə onların düşdüyü vəziyyəti arzulamıram. Saakaşvili xaricdən müsahibə verdi və dedi ki, 7 pencəyə görə mənə cinayət işi açdılar. Hakimiyyətdə olduğumuz 9 il ərzində yeganə niyyətimiz dövləti düzəltmək idi. İqtidardan gedəndə büdcəyə 2 milyard pul qoymuşduq, rüşvətin kökünü kəsmişdik. Başqa gördüyümüz işləri də hər kəs görüb. Bunlar 6 ilə hamısını darmadağın etdilər, Gürcüstanı rüşvət dövlətinə çevirdilər. İvanişvili komandası hər bir gürcünü özündən asılı etdi. Ölkəmiz marixuana dövlətinə çevrildi. Gənclərimizin gələcək ümidlərini kəsdilər. İldə 80-90 min gəncimiz Gürcüstanı tərk etməyə başladı. Ölkəmiz getdikcə boşaldı. “Gürcü Arzusu” bu seçkidə 10%-dən yuxarı səs yığa bilmədi. 38% özlərinə yazdıqları rəqəmdir. Hazırda “Gürcü Arzusu”nun ofisinin qarşısındayam. Bizim ofislə onlarınkı üzbəüzdir. Ofisimizin qarşısında yüzlərlə insan var. Amma onlar ofislərinin qapısını bağlayıblar, ofisin önündə bir nəfər belə yoxdur. Onu demək istəyirəm ki, “Gürcü Arzusu” artıq ümidlərini tamam itirib. İkinci tura bu gedişlə hazırlaşmayacaqlar. Son 6 ildə bu iqtidar ancaq kirli işlərlə məşğul oldu. İnsanların problemlərini qulaqardına verdilər. Gürcüstan bu dəqiqə 90-cı illərin vəziyyətini yaşayır. Bütün bunlara görə “Gürcü Arzusu” seçkilərdə rüsvayçılıq yaşadı. Bu baxımdan nəticələr sürpriz olmamalıdır.

- Demək istəyirsiniz ki, saxtakarlıqlar olmasaydı, namizədiniz Vaşadze ilk turda lazımi nəticəni yığacaqdı?

- Bəli. Vaşadzenin səsləri 55-56% olacaqdı. Bakradze lazımi qədər səsini yığdı, yəni 10% civarında səs onun üçün normaldır. Bakradze mənimlə də çox yaxın olub, neçə illər parlamentdə bir yerdə çalışmışıq. Gürcülər onun addımını bağışlamadılar. Vahid Milli Hərəkat Partiyasını parçalamaq niyyəti boşa çıxdı. Artıq Bakradze bəyanat verib ki, Saakaşvilinin partiyasına dəstək verəcəyəm.

- Saxtakarlıqlardan daha çox danışdınız. Zəmanət verilməyib, ikinci turda saxkarlıqlar edilsə və “Gürcü Arzusu”nun dəstəklədiyi Zurabişvili qalib elan olunsa, nə edəcəksiniz?

- Açığı, inanmıram ki, İvanişvili o qədər ağılsız olsun. Bu gün “Gürcü Arzusu” tərəfindən yüzlərlə insan yanıma gəlir və açıq şəkildə deyirlər ki, biz artıq orada çalışmayacağıq. Marneulidə 15 məntəqənin 14-də biz yüksək səslə qalib gəldik. Digər yerlərdə də bu cür oldu. Bunların gücləri, sadəcə, erməni kəndlərinə çatdı. Buna səbəb də o kəndlərin kontrolsuz qalması oldu. Şəxsən mən heç vaxt o kəndlərə girməmişəm. Çünki onlara heç bir vəd vermək belə istəməmişəm. Təsəvvür edin ki, 1200 səs olan məntəqədən o sayda da səs çıxdı. Görün bunlar nə qədər aciz idilər. Gürcülər artıq nağıllarla yaşamaq istəmirlər. “Gürcü Arzusu”nun 6 il ərzində söylədiyi nağıllar bitdi. Onlar yalnız özləri üçün yaşadılar, ölkədaxili və xaricində villalar tikdilər, komfort həyat sürdülər, xalqı isə müflis etdilər. İvanişvili əgər saxtakarlığa gedərsə, həmin gün onun sonu olacaq. Yüz minlərlə insanı küçələrdən yığa bilməyəcək. 2012-ci ildə Saakaşvili məğlubiyyəti qəbul edib, xalqın önünə çıxdı, əks tərəfi təbrik etdi və hakimiyyətdən geri çəkildiklərini bəyan etdi. Saakaşvili Gürcüstanda inqilab yolu ilə deyil, seçki yolu ilə hakimiyyətə gəlməyin vacib olduğunu bildirmişdi. Demokratik yolla hakimiyyətə gəlmək lazımdır. Bizlər “Gürcü Arzusu”na çiçəklənmiş Gürcüstanı təhvil verib, hakimiyyətdən getdik. O çiçəklənən dövləti bunlar 90-cı illərə apardılar. İvanişvilinin beyninə ikinci turda yenə də axmaq fikirlər gəlsə, həmin İvanişvilinin ya həbsə düşməsinin, ya da Gürcüstanı tərk etməsinin hər kəs şahidi olacaq.

- İvanişvili seçki günü səs verdikdən sonra əminliklə qələbədən danışmış, ikinci turun olmayacağını bəyan etmişdi...

- İvanişvilinin gözündəki eynəyi çıxarmaq lazımdır. Onun öz kanalında baxdığı yalnız bir proqram var. Axşam saat 9-da zərurət şirəsini içir, onun yarısında yuxuya gedir və səhər də doqquzda oyanır. Reallıqdan çox uzaq bir adamdır. İnsanları yalnız pul gözündə görür. Çalışır ki, milyardlarını çirkli pullarla necə artırsın. Ona yaltaqlanan insanlar, görünür, reallığı danışmırlar. İvanişvili seçki axşamı reallıqları gördü. Bizdə olan məlumata görə, o, bir ay vaxt alıb və Gürcüstandan çıxmaq üçün bütün əşyalarını toplamağa başlayıb. Dünyanın harasına getsə belə, Gürcüstan qanunları ilə cavab verəcək. Çünki o, Gürcüstanı marixuana dövlətinə çevirdi, üzərində yüzlərlə insanın ölümünə səbəb olan məsuliyyət var. Cinayətlərinin hər birinə ayrı-ayrılıqda cavab verəcək.

- Belə çıxır ki, hakimiyyətə gəlsəniz, indiki iqtidarda təmsil olunan şəxslərin kütləvi həbslərinin şahidi olacağıq?

- Bunu deyə bilmərəm. Bizim sıravi insanlarla işimiz olmayacaq. Narkotik satanlar, dövlət büdcəsini talayanların hər biri cavab verəcək. Biz Gürcüstanı bu günə gətirənlərdən hesab soracağıq. Siyasi məhbuslar bundan sonra bir daha ölkəmizdə olmayacaq. Saakaşvili buraxdığı səhvlərini, günahlarını boynuna alır. Bir daha belə hallara yol verməyəcəyik. Çünki Gürcüstan 6 il ərzində 20 il geri düşdü. Qisas almaq zəiflik əlamətidir. İşimizlə qisas alacağıq. Hamı görəcək ki, qollarımızı çirmələyib Gürcüstanımızı yenidən dirçəldəcəyik. Ən böyük silahımız bu olacaq.

- Namizədlərdən Şalva Natelaşvili 3,76%, David Usupaşvili və Zurab Caparidze 2,26% səs topladılar. İkinci turda dəstək almaq üçün onlarla danışıqlar aparılır?

- Onların bizimlə birləşib-birləşməməsi önəmli deyil. Özləri bilərlər. Sonda özləri avtomatik yanımıza gələcəklər. Elə namizədlər var ki, yarım faiz səsləri var. Bu səslərə indi nə ehtiyacımız var? Xalqın durumunu bilirəm. Onlar ikinci turda bizə daha yüksək səs verəcəklər. Çünki gürcülər görüblər ki, 2003-12-ci illərdə biz necə bir dövlət idarə etdik. Saakaşvilinin yanında ən sadiq, layiqli insanlar qaldı. Biz hər insana əl uzadıb, Gürcüstanımızı dirçəltmək üçün çalışacağıq. Heç zaman heç kimdən qisas almaq niyyətində deyilik. Sadəcə, kriminal elementlərə bir neçə gün vaxt verəcəyik ki, Gürcüstanı tərk edin. Qısa müddətdə ölkəmiz Avropanın ən inkişaf etmiş dövlətlərindən biri olacaq.

- Gürcüstanda prezident postunun hakimiyyətdə olduğunuz illər kimi əhəmiyyətli olmadığını yaxşı bilirsiniz. Qalib gəlsəniz belə hökumətə “Gürcü Arzusu” rəhbərlik edəcək. Bu da ikili hakimiyyət anlamına gəlmirmi?

- Xeyr. Burada bir məsələni unutmayaq. Prezident seçkilərini udan kimi parlament seçkiləri tələbə edəcəyik. Nəticədə də parlamentdə çoxluq biz tərəfdə olacaq. “Gürcü Arzusu” tarixə belə düşməyəcək. Gürcüstanın qara ləkəsi oldular. Qısa bir vaxtda parlament seçkiləri olacaq. Ondan sonra baş nazir də bizdən olacaq. Həmin şəxs Gürcüstanı sevən birisi olacaq. Prezidentin səlahiyyətləri biz hakimiyyətə gəldikdən sonra artacaq. Parlament seçkiləri 2020-ci ildə olsa da, həmin vaxta qədər qətiyyən gözləməyi düşünmürük. Prezident seçkiləri ilə bağlı proseslər yeni prezidentin andiçməsi daxil, dekabrın sonlarına qədər bitəcək. Çox güman ki, gələn ilin ilk aylarının birində parlament seçkiləri keçiriləcək. Axının qarşısını heç kəs ala bilməz. Erkən parlament seçkiləri yüz minlərin tələbi olacaq.

- Baş nazirlikdən söz açdınız. Saakaşvili Gürcüstanın yeni baş naziri ola bilərmi?

- Bizlər vəzifə düşkünü deyilik. Əgər gürcü xalqı, komandımız istəsə, Saakaşvili menecer kimi gələ bilər. Bizim komanda vəzifə dalınca düşməyib. Yeganə məqsədimiz odur ki, Gürcüstanı yenidən bərpa edək. Saakaşvili prezidentlik başda olmaqla, çox vəzifə görüb. Heç zaman şəxsi mənafeyini güdməyib. O, prezident olub və necə işlər gördüyü bəllidir. Yarımçıq layihələrimiz qalıb, onları başa çatdıracağıq.

- İkinci tur öncəsi Rusiya amilini necə dəyərləndirirsiz? İvanişvili komandasına Kremldən dəstək gələcəkmi?

- Gürcüstanda Rusiya bitib. Bu ölkə ilə dostluq edə bilərik. Amma unutmayaq ki, Gürcüstanın 20%-ini Rusiya işğal edib. İşğalçı dövlətlə biz ancaq qonşu kimi rəftar edə bilərik. Bu ölkə imperiya xəyallarından əl çəkməsə, heç bir münasibətdən söhbət gedə bilməz. Artıq biz istəsək belə, gürcü xalqı bunu istəməz. Gürcüstan Avropa yolunu tutub.

- Abxaziya və Cənubi Osetiya sizlərin hakimiyyətdə olduğu ildə itirildi və 2012-ci ilin məğlubiyyəti daha çox bununla əlaqələndirilir. Əgər indi hakimiyyətə yenidən gəlsəniz, bu torpaqların geri qaytarılması üçün hansı addımları atacaqsınız?

- Bu ərazilər yenə də bizim əlimizdədir. Necə ki, Dağlıq Qarabağ Azərbaycanın əlindədir, bu da belədir. Bizlər o əraziləri silahla deyil, qəlbimizlə geri alacağıq. Hər bir abxaza, osetinə sərhədimizi açmışıq. Onlar bizim vətəndaşlardır. Bütün Gürcüstan xalqına aid hüquqlar onlara da aiddir. Gec-tez onların özləri də birləşmək istəyəcəklər.

- Saakaşvilinin Gürcüstana nə zaman dönəcəyi barədə nə deyərdiniz?

- Çox qısa bir vaxtda hər kəs Saakaşvilini Gürcüstanda görəcək./musavat.com