Azər Qasımlıdan “Əli Kərimlinin adamı” olmasına reaksiya

Milli Şuranın 8 aprel mitinqi öncəsi digər müxalif qurumlarla ciddi gərginliklər yaşadığı barədə xəbər vermişdik. Əksər siyasi təşkilatların mitinqə qoşulmayacaqları ilə bağlı mövqelərindən sonra narazılıq getdikcə dərinləşir.
Milli Şuranın günlər öncədən söz savaşına girdiyi REAL Hərəkatı ətrafında gərginliyin fonunda bir sıra iddialar meydana çıxır. AXCP sədri Əli Kərimlinin hərəkatı parçalamaq üçün hərəkətə keçdiyi bildirilir. Bununla bağlı “Yeni Müsavat”ın 6 aprel sayında yazı gedib. Adının açıqlanmasını istəməyən Milli Şuranın rəhbərliyinə daxil olan şəxslərdən biri verdiyi məlumatda bildirib ki, Ə.Kərimli REAL Hərəkatındakı “adamı” Azər Qasımlı vasitəsilə təşkilatı parçalamaq, onu həbsdəki lider İlqar Məmmədovun və digər “sözə qulaq asmayan” liderlərin nəzarətindən çıxartmaq istəyir. Bu cür fikirlərin günlər öncə Milli Şura funksioneri Eldəniz Quliyevin REAL rəhbərləri barədə facebookda yazdığı statusdan qaynaqlandığı deyilir.
Barəsindəki iddialarla bağlı A.Qasımlının mövqeyini aldıq. O, açıqlamasında deyilənləri təkzib etdi: “Həqiqətlə heç bir əlaqəsi olmayan fikirlərdir, cəfəngiyyatdır. Əvvəla, REAL Hərəkatına mitinqdə iştirak etməklə bağlı heç bir müraciət olunmayıb. İndiki mərhələdə mitinqlərin keçirilməsi bizim gündəliyimizdə olmadığına görə bu məsələ, ümumiyyətlə, REAL-da müzakirə olunmayıb. İlqar Məmmədovun, REAL funksionerlərinin nəzarətindən hərəkatı çıxarmaq qeyri-mümkündür. Kimin belə istəyi varsa, bunu yadından çıxarsın. Bu, sadəcə, istək kimi də qalacaq. Bir daha deyirəm ki, belə bir şey yoxdur, cəfəng nağıllardır. Milli Şura və Əli Kərimli ilə münasibətlərimiz normaldır, ”salam-sağ ol" deməyimiz var. Başqa nə münasibətlərimiz ola bilər ki? Digər siyasi qurumların rəhbərləri ilə münasibətlərimiz necədirsə, Əli Kərimli ilə də eyni şəkildədir, nə pis, nə də yaxşı. Bir məsələni də qeyd edim ki, REAL rəhbərliyində mitinqlərlə bağlı fikir ayrılığı yoxdur. Hamının düşüncəsi eynidir, iştirak etməyəcəyik".
Cavanşir ABBASLI