Azarbaycanlı və gürcü qadınlar bir arada - PARİSDƏ / FOTO

Baxış sayı:
182

Parisin Azərbaycan Mədəniyyət Mərkəzində Fransadakı səfirliyimizin dəstəyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə Azərbaycanda və Gürcüstanda qadınlara səsvermə hüququ verilməsinin 100 illiyi münasibəti ilə iki ölkənin incəsənət nümayəndələrinin birgə tədbiri keçirilib.
Muxalifet.az xəbər verir ki, ADFA-nın prezidenti Günel Səfərova çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, “Sülh uğrunda UNESKO artisti”, Fransanın İncəsənət və Filologiya Kavaleri ordeninə layiq görülmüş gürcü pianoçu Elisso Bolkvadzenin konserti və Azərbaycanın Əməkdar rəssamı, beynəlxalq sərgilər komissarı Əsmər Nərimanbəyovanın əsərlərindən ibarət sərgi Qafqazın iki xalqı arasındakı dostluğun bariz nümunəsidir. Azərbaycan qadınının şücaətindən, fədakarlığından söz açaraq qeyd edilib ki, ölkəmizdə qadınlar bütün sahələrdə təmsil olunur, ölkə həyatında fəal iştirak edirlər. Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizin tarixi, musiqisi, mədəniyyəti və ədəbiyyatının təşviqinə böyük töhfələr verdiyi diqqətə çatdırılıb, onun bütün qadınlarımıza örnək olduğu qeyd edilib. Səfirliyimizin konsulu Zaur Fərhadov çıxış edərək, ölkəmizin Dövlət Müstəqilliyi Günü, müstəqilliyimizin bərpasının ilk illərində üzləşilən çətinliklərdən danışıb, tədbirdə iştirak edən azərbaycanlıları Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib. Gürcüstanın Fransadakı səfirliyinin müşaviri Qoşa Javaxişvili iki ölkə arasındakı dostluq əlaqələrinə toxunub, Gürcüstan və Azərbaycanın strateji tərəfdaş ölkələr olduğunu vurğulayıb.
Sonra gürcü pianoçu Elisso Bolkvadzenin solo konserti baş tutub. Pianoçu Qara Qarayevin əsərlərini ifa edib. Konsertdən sonra Azərbaycanın Əməkdar rəssamı, beynəlxalq sərgilər komissarı Əsmər Nərimanbəyovanın əsərlərindən ibarət sərgi ziyarət olunub./ Publika.az