Ayətullanın ətəyindən öpməyi şərəf bilənlər… - VƏ YAXUD BAKI BİRLİK TƏŞKİLATININ SƏDRİNİ İRANLA NƏ BAĞLAYIR?

Baxış sayı:
5371

Ötən həftə mətbuatda Bakı Birlik Təşkilatı (BBT) adlı yeni bir qurumun yaradıldığı haqda informasiya verildi. Təbii ki, bir bakılı kimi bu informasiya diqqətimi cəlb etməyə bilməzdi. Odur ki, dərhal bu təşkilatın kimlər tərəfindən və hansı məqsədlə yarandığı ilə maraqlandım...
Öncə onu qeyd edim ki, üzvü olduğum Bakı Kəndlər Birliyi təşkilatı uzun illərdir öz fəaşliyyətini dayandırdığından və bir qrup üzvü də bu qurumun adından zaman-zaman müxtəlif siyasi qüvvələrlə alverə getdiyindən, çoxdandır bakılıların yeni bir təşkilatına ehtiyac olduğunu düşünürdüm. Cəmiyyətdə bölücülüyün tərəfdarı olmasam da, bir neçə dəfə öz dostlarıma da demişəm ki, əgər naxçıvanlılar, qərbi azərbaycanlılar, eləcə də digər bölgədən olan insanlar yeni-yeni təşkilatlar yardırsa, bakılıların niyə müstəqil bir birliyi olmasın?! Bu baxımdan, yuxarıda qeyd etdiyim kimi, Bakı Birlik Təşkilatı adlı yeni bir qurumun yaradıldığını eşidəndə sevinmişdim. Amma sonradan bu təşkilat və yaradıcıları haqqında əldə etdiyim informasiyalar məni xeyli məyus etdi.
İlk öncə onu qeyd edim ki, BBT-nin “təsis konfransı”nın dar bir otaqda və cəmi 5-6 nəfərin iştirakı ilə elan olunması hər  bir bakılı üçün çox utancverici bir mənzərə idi. Üstəlik, sədr seçkisi zamanı İctimai Birliklər haqqında qanunun bir çox tələblərinin kobud surətdə pozulması da diqqətdən qaçmadı. Sanki, hansısa qaranlıq qüvvələrdən bir qrup şəxsə göstəriş gəlib ki, bir neçə saat ərzində “Bakı Birlik Təşkilatı” adlı qurum yaradın, onlar da tələm-tələsik 2-3 nəfər dost-tanışı toplayıb, belə bir tədbir keçiriblər.
Əlbəttə, bütün bunlar bizim maraq dairəmizdə olan məsələ deyil. Qanuna əsasən, 2-3 nəfərin də təşkilat yaratmaq hüququ var. Bizi məyus edən odur ki, bakılıları öz ətrafında birləşdirmək məqsədilə yaradılan Bakı Birlik Təşkilatı ilk gündən parçalanmanın əsasını qoymuşdu. Ona görə ki, bu təşkilatı yaradanların bəzilərinin bakılı olduqları şübhə doğurmaqla yanaşı, onları fəaliyyətləri də kifayət qədər qaranlıqdır.
Məsələn, təşkilatın sədri Abid Qafarov haqqında internetin axtarış sistemlərində kiçik bir araşdırma aparanda, barəsində xeyli şübhəli informasiyalar ortaya çıxır. Onun haqqında sozcu.info saytında qarşıma çıxan bir məqalə isə xüsusilə diqqətimi cəlb etdi. Hansı ki, müəllif onun İran rejiminə bağlı olduğunu yazır və 9 fevral növbədənkənar parlament seçkilərinə də məhz bu qüvvələrin tövsiyyəsi ilə qatıldığını bildirir: Deyilənə görə, molla rejiminə bağlı olan və İrana böyük sipmatiya bəsləyən "Həci” Abid seçkiyə də məhz bu rejimin nümayəndələrinin tövsiyyəsi ilə qatılıb. Yeri gəlmişkən, onun özü də çıxışında bunu dolayısı ilə etiraf etdi ki, "noyabrın 1-dək seçkiyə qatılmaq ağlımdan belə keçmirdi. Sadəcə, mənə edilən təkliflərdən sonra bu haqda qərar verdim””.
Abid Qafarovun seçkiqabağı təşviqat kampaniyası zamanı Şüvəlanda seçicilərlə görüşündən bəhs edən müəllif qeyd edir: “Yazımın əvvəlində də qeyd etdim ki, şüvəlanlıları dini inancı yüksək və təmizqəlbli insanlar kimi tanıdım. Onu da əlavə edim ki, bu qəsəbənin sakinlərinin 100 faizə yaxını şiə inancına sahibdir. Bu baxımdan, şiə dövləti olan İranın istər Şüvəlana, istər də Bakının digər şiə inanclı kənd və qəsəbələrəinə hər zaman maraq göstərdiyi, islam faktorundan istifadə edərək onları ələ almağa çalışdığı heç də sirr deyil. Biz, ən azı Nardaran hadisələrində bunun şahidi olduq. Abid Qafarovun şüvəlanlılarla görüşündən isə bir daha aydın oldu ki, İran hər zaman olduğu kimi, yenə də Azərbaycanda keçirilən seçki prosesinə müdaxilə etməyə çalışır. Söhbət ondan gedir ki, fars rejiminin yetişdirdiyi insanlar "mələk” donunda seçicilərin qarşısına çıxarılır, Abid Qafarov kimi "mən sizdən biri deyiləm, mən elə sizin özünüzəm” deyərək, təmizqəlbli insanların səsini "oğurlayırlar”. Bəli, məhz oğurlayırlar. Çünki hakimiyyətin seçki qurusuna topa-topa bülleten atması ilə "mən sizin özünüzəm” deyib, seçiciləri aldatmaq elə onların səsini oğurlamaqdır!”
Əlbəttə, İran bizim düşmənimiz deyil. Əksinə, nəzərə alsaq ki, bu ölkədə 40 milyona yaxın Azərbaycan türkü yaşayır, onlarla dini inancımız, mədəniyyətimiz eynidir, deməli, bu ölkə bizə digər qonşularımızdan bütün mənalarda daha yaxın olmalıdı. Amma biz zaman-zaman fars rejiminin Azərbaycana qarşı düşmənçilik mövqeyinin də şahidi olmuşuq. Din adı altında ölkə daxilndə aşkar separatçılıq toxumu səpmələri bir yana, təkcə Ermənistana verdiyi maddi, hərbi dəstək dediklərimizin bariz nümunəsi hesab oluna bilər. Təbii ki, belə bir vəziyyətdə istənilən bakılı, istənilən Azərbaycan vətəndaşı fars rejiminə qarşı xoş münasibətdə ola bilməz. O cümlədən, İrana xidmət edən və hansısa ayətullanın ətəyindən öpməyi özünə şərəf bilən insanların da bakılılar adından danışması, onları təmsil etməsi qeyri-mümkündür.
Bu gün Bakı Birlik Təşkilatına rəhbərlik edən Abid Qafarovun İran rejimi ilə bağlantısı haqqından deyilənlər də həqiqətdirsə, şübhəsiz, onun cavabını ilk növbədə bakılılar verəcək. Çünki bu toplum illərdir belə insanların şəxsi maraqlarının girovuna çevriliblər. Hansı ki, bunun da ən böyük əzab-əziyyətini ilk növbədə elə bakılılar çəkib. Bu səbəbdən, artıq hansısa təşkilat, hansısa şəxs bakılıların dini inancı üzərindən öz çirkin niyyətlərini həyata keçirlə bilməyəcəklərinə əmin olmalıdırlar. Onu da bilməlidirlər ki, artıq “oyun oynama” zamanı bakılılarındır. Bu oyun isə heç bir halda dövlətçilik prinsiplərindən, milli maraqlardan kənara çıxmayacaq!

İradə MİSLİMOVA
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.