AYRISEÇKİLİK EDƏNLƏR

Sizlərə bir etirafımı söyləyim – xaraktercə mən qaraya qara tutanam və bu məsəli söyləmiş Atalardan dönə-dönə üzr istəyərək,  “...Yamanlığa yaxşılıq...” deyimi ilə razılaşmadığımı dostlarıma hər zaman açıqlamışam. Yaxşılığı onu qiymətləndirənə etmək lazımdır! – uzun illərdir ki, mənim həyat prinsipim bundan ibarət olub.
Finlərin bir gözəl məsəli var – ayıb olsun o kəsə ki, səni bir dəfə aldatdı və sənə də ayıb olsun ki, bir kəs səni iki dəfə aldatdı!
Məni də çox adam bir dəfə aldada bilər və belə hallar başıma az gəlməyib, lakin ondan sonra o adamın ağzından qan da gəlsə, qətiyyən onun and-amanına inanmamış, onu həndəvərimə belə yaxın qoymamışam. Bəlkə də bu zaman bəzi hallarda hədsiz ifratçılığa varmış, izafi qəddarlığa yol vermişəm. Ola bilər... Az miqdarda bağışladıqlarım, günahlarından keçdiklərim də olub və bir müddət ötdükdən sonra onların bir qisminə qarşı bu mərhəməti göstərdiyimə görə peşman olmuşam, çünki həmin bağışladıqlarım mənə qarşı etdikləri eyni pis əməli bir daha təkrar ediblər...
Rəhmətlik Ziya Bünyadovun Dağlıq Qarabağla bağlı məlum ilk mitinqlərdə söylədiyi məşhur deyimi yadınızdadır? “Os...nın qabağına sı...masan, deyərlər g..tü yoxdur!”
İnsanlarla bağlı bu fikirləri qoyuram bir kənara. Gəlin, hamımızın həmişə alçaldıcı mənada istehza obyektimiz olan EŞŞƏKLƏRİN bir xüsusiyyətini sizlərə xatırladım – EŞŞƏK BİR DƏFƏ BATDIĞI YERƏ İKİNCİ DƏFƏ HEÇ BİR ZAMAN AYAĞINI BASMAZ!
Bəs şüurlu insanlara nə gəlib ki, bizə qarşı haqsızlıq edənlərə mərhəmətli olaq?! Hansı məntiqlə, nə üçün?! O qədərmi rəzil olmuşuq?!
Bu gün çoxları, xüsusilə, siyasətçilər, tolerantlıqdan çox tez-tez dəm vururlar. Latın sözü olan  tolerantia – dözüm, dözümlülük, qəbul etmə, ağrıları könüllü yola vermək olsa da, bu sözü dilinə gətirənlərin heç də hamısı həmin prinsiplərin, dəyərlərin daşıyıcısı olmur.
2013-cü ilin yazında Gürcüstanın o zamankı baş naziri və iqtidarda olan “Gürcü arzusu”nun yönətimi Bidzina İvanişvili cənabları yekəxana-yekəxana bəyan eylədi ki, mən bir nəfər azərbaycanlını nazir vəzifəsində görmək istəyirəm və xəyalımda bir qadın namizəd də vardır... Bundan az sonra çox yaxşı tanıdığım həmin qadın “namizədin” Azərbaycan KİV-lərində, internet saytlarında-filanda ard-arda bir neçə öyüncək müsahibələri də verildi...
Bəndəniz elə həmin günlərdə “Hürriyyət” qəzetində “Biz gürcülərin son şansıyıq” adlı məqaləsini dərc etdirdi. Həmin məqaləmin əsas qayəsi o idi ki, ay Bidzina, bu cür populist sözlərlə bizlərin başını qatmağa çalışma, hansısa vəzifəyə, doğrudan da, bir soydaşımızı təyin etmək istəyirsinizsə, bunu “quş qoymaq” xatirinə etməyin, həmin vəzifəyə layiq olan insanımızı əyləşdirin... Və bilin ki, bunu etməklə bizlərə qarşı əsl dostluq münasibətinizi bildirmiş olarsınız... Və onu da bilin ki, bunu belə etmək bizdən çox, siz-gürcülərin özünə daha çox gərəklidir, çünki hazırda gürcü dövlətçiliyinə qarşı separat hərəkətlərə yol vermiş olan abxaz və osetin qardaşlarımız dörd gözlə sizin bizlərə bəslədiyiniz münasibətləri izləməkdədirlər... Və bilin ki, hər dəfə sizlər bizləri nədəsə hərifləyəndə onlar da sizlərdən daha min km uzaqlaşırlar... Və bilin ki, biz sizin son tarixi şansınızıq, bu şansı əldən verməyin!
Bizlər heç bir zaman ayrıseçkilik etməmişdik! Bu ayrıseçkiliyi bizlərə “Gürcü arzusu” yeritdi! Nə zaman? 2014-cü ildə yerli idarəetmə seçkiləri zamanı! Hansı addımı ilə? Ermənilərin sıx yaşadığı Samtxse-Cavaxetiya bölgəsinin bir rayonuna icra başçısı vəzifəsinə milliyyətcə erməni olan namizəd irəli sürdü, özlərinə rəva bilib azərbaycanlıların rayon əhalisinin 90 faizə qədərini təşkil etdiyi Marneulidən isə bir soydaşımızın namizədliyini elan etmədi...
Builki parlament seçkilərində də, çox qəribədir, məsələn, Axalkalakidə seçkiyə qatılan bütün partiyalardan majoritar namizəd olaraq milliyyətcə erməni qeydə alınıb, yenə Marneulidə “Gürcü arzusu”nun namizədi yaxın keçmişdə adı kriminal olaylarda hallanan bir nəfər gürcüdür (daha dəqiqi svan-gürcü!).
Nazir də qoyacaqmış?! Yaşadığım Rustavi şəhərində 300-dən artıq azərbaycanlı şagird gürcü ictimai orta məktəbində şöbə olaraq təhsil almaqdadır. Hər zaman azərbaycan şöbəsinə rəhbərlik etmək üçün bir nəfər müəllim soydaşımız direktor müavini olub, lakin 50 illik bu təcrübəyə səkkizinci ildir ki, xitam verilibvə hazırda o vəzifəni bir nəfər gürcü qadını icra etməkdədir... Və o zamandan hər seçkiöncəsi ixtiyar sahibi olan gürcü qardaşlarımız “kişi kimi” söz verirlər ki, “bu dəfə bizim partiyaya səs verin, mütləq sizin bu probleminizi həll edəcəyik...” O zamandan bəri 3 dəfə müxtəlif seçki keçirilib və hər üçündə də “kişilərin” sözləri havaya uçub...
Bizlər ayrıseçkilik edən deyildik... Ancaq bu dəfə AYRISEÇKİLİK ETMƏLİ OLACAĞIQ! Daha doğrusu, AYRISEÇKİLİK ETMƏLİYİK!!! Çünki təkcə erməni yox, Tanrının məzlum heyvanı EŞŞƏKDƏN DƏ ŞÜURSUZUQMU?!
 
Tapdıq YOLÇU,
Şair-publisist, Gürcüstan, Rustavi şəhəri