​Aygün Bəylərin qardaşının məhkəməsi: "Yerdə meyit gördüm, ağzından qan gəlirdi"

Baxış sayı: 162

Qətl törətməkdə təqsirləndirilən dəstənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovun məhkəməsinə hakim Cavid Hüseynov sədrlik edib.
Məhkəmədə dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər Elmir Alxasov və Ramil Əsirov özülərini qismən təqsirli bilib. Digər şəxslər isə özlərini qətiyyən təqsirli bilmədiklərini deyiblər.
Təqsirləndirilən şəxslərdən Elmir Alxasov vəsatət verərək prosesin qapalı keçirilməsini istəyib. O, bildirib ki, zalda adam olmasını istəmir. Digər təqsirləndirilən şəxslər də vəsatətin təmin olunmasını istəyiblər.
Mərhum Elnur Hümmətovun hüquqi nümayəndəsinin vəkili Bəylər Məmişov isə təqsirləndirilən şəxsin vəsatətinin təmin olunmamasını istəyib: "Təqsirləndirilən şəxs niyə görə qapalı prosesin keçirilməsini istədiyini izah edə bilmir. Əgər onlar istintaqdakı kimi bir-birinin əlehinə ifadə verəcəklərsə, o zaman qapalı keçirilə bilər. Lakin indiki halda prosesin qapalı keçirilməsinə heç bir səbəb yoxdur".
Məhkəmədə vəsatət təmin edilməyib.
Təqsirləndirilən şəxslərdən Fuad Məmmədzadə ifadəsində qeyd edib ki, birlikdə tutulduğu Elmir Alxosovla sinif yoldaşı olub: "Elmir bir gün zəng elədi ki, tanışın evini təmir edirlər. Pulları olmadığı üçün təmiri özləri edirlər. Kömək lazım idi. Bildirdim ki, işdən çıxandan sonra gəlib kömək edərəm. 2 gün gedib onlara kömək elədim. Palçıq qarışdırdım, daş daşıdım. Bu uşaqları da orada tanımışam. Evin də Cavidə məxsus olduğunu bildim. Evin təmiri başa çatmışdı. Elmir zəng elədi ki, "sən də təmir zamanı kömək eləməsən, gəl ye iç". Dedim işdən çıxandan gələrəm. Dedilər Abbas dalınca gələcək. Saat 2 idi. İş vaxtım qutardı. İşdən də tez çıxanda maaşım kəsilirdi deyə tam vaxtında çıxdım. Abbas gəldi, onun avtomobili ilə Qalaya gəldik. Evə çatmağımıza 100 metr qalmış Elmiri gördük. Rəngi ağappaq olmuşdu. Səbəbini soruşduq, heç nə demədi. Evə girən zaman otaqda yerdə meyit gördüm. Elnur Hümmətov yerdə uzanmışdı, ağzından köpük və qan gəlirdi. Heç nə soruşa bilmədim, ürəyim bulandı. Tualetə getdim. İçəridə Ramil vardı. Mənə dedi ki, sənlik bir şey yoxdu, qohumlar arasında söz-söhbət olub. Sən heç kimə heç nə demə. Desən səni də, ailəni də öldürərik. Mən Abbasdan xahiş elədim ki, məni evə aparsın. Biz ordan çıxdıq məni evə gətirdilər. O gündən bəri heç biri ilə görüşməmişəm, əlaqə saxlamışam. Ölkədən getmişdim, sonradan geri qayıtdım".
Zərərçəkmiş nümayəndəsi, vəkil Bəylər Məmişovun sualına cavab olaraq Fuad Məmmədzadə bildirib ki, qorxduğu üçün bu barədə heç kimə məlumat verməyib: "Məni təhdid eləmişdilər. Qorxuduğumdan bu barədə heç kimə heç nə deməmişəm. Ümumiyyətlə heç kimlə danışmamışam".
Məhkəmədə məlum olub ki, Fuad Məmmədzadə istintaqa ifadəsində bildirib ki, internet vasitəsi ilə bir sayta girməklə kod adı “AK-48” adlanan marixuana toxumlarını İngiltərə və Hollandiyadan öz adına sifariş edib. İnternetdən öyrəndiyi qaydada toxumları bir gün suda isladıb, hər dibçəyə bir toxum əkib. 25 ədəd dibçəkdə olan narkotik vasitəni sarı işıq verən projektorun altında becərib. Ramil, onun qardaşı Elnur, Abbas, Cavid və Elnur Hümmətov həmin evdə növbə ilə qalıb, bitkilərə nəzarət ediblər.
Təqsirləndirilən şəxsin istintaqa ifadəsinə görə, may ayının əvvəllərində marixuana əkməkdə şərikləri olan Elnur Hümmətov öz əsgərlik məsələsini həll etmək adı ilə ondan 500 manat borc alıb: “Bundan sonra bir müddət Elnur bizdən gizləndi. Günlərlə Elnuru tapa bilmədik. Bu səbəbdən onun bizi sata bilməsi şübhəsi yaratdı. Sonradan Elnurun yetişən kimi marixuananı oğurlayacağını, bizi polisə satacağını eşitdim. Buna görə də digər uşaqlara Elnurla ciddi söhbət etməyi təklif etdim”.
Təqsirləndirilən şəxs ifadələrində ziddiyyət olması ilə bağlı qeyd edib ki, ifadə verən zaman təzyiqi qalxdığından düzgün ifadə verə bilməyib.
Növbəti məhkəmə prosesi iyunun 16-da davam edəcək.
Bildirək ki, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonunda narkotik vasitə əkib, satıb pul qazanmaq qərarına gəliblər. Birlikdə iş gördükləri Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməsindən şübhələniblər və onu öldürüblər. Mərhum Elnur Hümmətov 2013-cü ilin may ayında itkin kimi axtarışda olub. Qətlin üstü 2016-cı ilin avqustun 30-da açılıb. Tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir./musavat.com/