Ay zəlilər, əl çəkin!

Fırfıradır bu dövran, ay zəlilər, əl çəkin!

Qalmadı millətdə qan, ay zəlilər, əl çəkin!

Şişdi tuluq qarnınız, turpa dönüb rənginiz,
Sahibi-imkansınız, başqadır ahənginiz.
Şah damarı tutmusuz, qopmadımı ənginiz?
Gözlərə çökmüş duman, ay zəlilər, əl çəkin!
Qalmadı millətdə qan, ay zəlilər, əl çəkin!

Boş, quru vədlər ilə kül üfürübsüz gözə,
Əyriyə meydan verib, əyri baxıbsız düzə.
Bizmi sizə borcluyuq, yoxsa görən siz bizə?
Biz bu yanıq, siz o yan, ay zəlilər, əl çəkin!
Qalmadı millətdə qan, ay zəlilər, əl çəkin!

Bəzi əsilzadələr pambıq ilə baş kəsir,
Bircə quruş xərcliyə, qardaşı qardaş kəsir.
Haqqı nahaq doğrayır, gah da ki, fərraş kəsir;
Ərşə çıxıb ah-fəğan, ay zəlilər, əl çəkin!
Qalmadı millətdə qan, ay zəlilər, əl çəkin!

Lap məəttəl qalmışam sizdəki bu xislətə,
İblis ilə bir olub, uymusunuz rüşvətə.
Aşkarı aşkar alıb, dürtmüsünüz xəlvətə,
Ya aşkar, ya da pünhan, ay zəlilər, əl çəkin!
Qalmadı millətdə qan, ay zəlilər, əl çəkin!

Neftim axır hər yana, az qala fontan vurur,
Özgələri qızdırır, evdə bizi don vurur,
Gör nə günə qalmışıq tülkülər aslan vurur;
Yağmalanıb dağ-aran, ay zəlilər, əl çəkin!
Qalmadı millətdə qan, ay zəlilər, əl çəkin!

Bir neçə dılğır dığa torpağımı bellədir,
Bizdəki bəyzadələr yambızını enlədir.
Altına sərvət yığır, pullarını çinlədir;
Astar alıb, üz satan, ay zəlilər, əl çəkin!
Qalmadı millətdə qan, ay zəlilər, əl çəkin!

Əsr bizi dindirir, dinməmişik biz hələ,
Şam kimi odlanmışıq, sönməmişik biz hələ,
Boynu bükük yurdlara dönməmişik biz hələ;
Gün gələr, keçər zaman, ay zəlilər, əl çəkin!
Qalmadı millətdə qan, ay zəlilər, əl çəkin!

Bəsti, yetər, oğrunu doğrulara qatdınız,
Fitnə-fəsad, fənd ilə arzunuza çatdınız.
Çox düşünən başları göylərə yollatdınız;
Almalını aldınız, satmalını satdınız.
Qaldı sarımsaq, soğan, ay zəlilər, əl çəkin!
Fırfıradır bu dövran, ay zəlilər, əl çəkin!
Qalmadı millətdə qan, ay zəlilər, əl çəkin!

Ənvər Ağamalızadə