"AXIRINCI DƏFƏ DƏMİRYOL STANSİYASININ YANINDA GÖRÜBLƏR..." - Ucarda naməlum varlıq axtarılır

Baxış sayı:
8386

Xəbər verdiyimiz kimi, bir neçə gündür ki, Ucar rayonunun Çiyni kəndinin sakinləri arasında kənddə qulyabaninin dolaşması ilə bağlı ciddi təşviş yaranıb. Kəndlilər kəndin gah bu, gah digər tərəfində gözə dəyən həmn əcaib canlının nə olduğunu bilmirlər. Hətta “qulyabani” adını eşidib halı pisləşən, təcili tibbi yardıma müraciət edən də var. İş o yerə çatıb ki, kəndin kişiləri gündüz saatlarında belə küçədə tək dolaşmaqdan çəkinir, naxıra belə getmək istəmirlər. Bütün kənd camaatı bir neçə gündür ki, başdan ayağa tüklü olan, çox sürətlə qaçan, hündür divarlara dırmaşan bu qəribə varlığın axtarışları üçün səfərbər olub. Bəs axtarışların nəticəsi necə olub, qulyabanini tutmaq mümkün olubmu? Çiyni kəndinin icra nümayəndəsi Vüqar Zeynalov hələ də axtarışların davam etdiyini deyir. Onun sözlərinə görə, sonuncu dəfə sözügedən əcaib məxluqu iki gün öncə görüblər. “Bütün kənd narahatdır, çünki indiyə kimi kənddə belə əcaib məxluq görünməyib. Axırıncı dəfə kənd camaatı həmin məxluqu iki gün əvvəl axşam hava qaralana yaxın müşahidə eləyiblər. Bu dəfə başqa yerdə, dəmir yolu stansiyasının yaxınlığında gözə görünüb. Axtarışlar davam edir, kəndə polis cəlb olunub, hər yeri axtarırlar”, -kəndin icra nümayəndəsi bildirir. V. Zeynalovun sözlərinə görə, inzibati ərazi dairəsi üzrə nümayəndəlik Çiyni və Qaradağlı kəndlərini əhatə edir. Kənd böyük kənddir və təxminən 4,3 min əhalisi var. Axtarışlar isə yalnız qulyabaninin müşahidə olunduğu Çiyni ərazisində aparılır. Qeyd edək ki, Azərbaycanın bəzi bölgələrində belə naməlum varlıqların, cinlərin, qulyabanilərinpeyda olması ilə bağlı vaxtaşırı xəbərlər yayılır. Bir neçə gün kənd əhalisi yerli polis qüvvələriilə birlikdə daşla, ağac parçaları ilə silahlanaraq onların axtarışlarına başlayır. Lakin bir müddətdən sonra təşviş keçir, əhali sakitləşir, qulyabaniləri isə nədənsə heç vaxt tutmaq mümkün olmur./Virtualaz.org