"AXI SƏN NECƏ XƏSTƏLƏNƏ BİLDİN?!" - Putinin koronavirusa yoluxan mətbuat katibini işdən qovmaq çağırışı

Baxış sayı:
2539

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov koronavirusa yoluxduğu üçün yerləşdirildiyi xəstəxanadan “Kommersant” a açıqlamasında həkimlərin onda ikitərəfli pnevmoniya aşkar etdiklərini deyib. Peskov bildirib ki, xəstəxanaya yerləşdirilməzdən əvvəl iki-üç gün evdə olub, həmin günlər onda bərk halsızlıq və hərarət müşahidə olunurdu.

Mətbuat katibi onu müalicə edən həkimlərin “İşini çox yaxşı bilən” adamlar olduğunu və beynəlxalq müalicə protokolları ilə işlədiklərini deyib.

Bu arada  Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri, Dövlət Duması spikerinin müavini Vladimir Jirinovski  Dmitry Peskovun işdən azad olunmasına çağırıb. Onun sözlərinə görə prezidentin mətbuat katibini koronavirusa yoluxduğuna görə vəzifəsindən qovmaq lazımdır.

Jirinovski  Dövlət Dumasının iclasında fikrini belə əsaslandırıb: “Baxın, indi prezidentin mətbuat katibi xəstələnib. Nə etmək lazımdır? Müalicə etmək? Bəli və sonra azad etmək. İşdən azad etmək! Axı sən necə xəstələnə bilərdin? Sənin belə sağlam jurnalist heyətin var. Onları da yığışdırmaq, on dəfə azaltmaq lazımdır. Deputatların sayını 2 dəfə azaltmaq lazımdır. Ölkədəki bütün məmurları ixtisar etmək lazımdır. Hər tərəf məmurdur, deputatdır, mətbuat xidmətləridir. Çox pisdir bu”.

Bu çıxışdan sonra Dövlət Dumasının spikeri Vyaçeslav Volodin qeyd edib ki, koronavirusa yoluxmuş beş deputatdan heç biri LDPR üzvü deyil. Onların üçü hakim Vahid Rusiya, ikisi isə Kommunist Partiyası fraksiyasının üzvüdür.

Rusiya mediasından məlumdur ki, Peskov özü  hələ 1993-cü ildən LDPR-ə üzv olub. Onun partiya ilə indiki münasibətləri barədə xəbər verilmir. Dmitri Peskovun COVID-19-a yoluxmasına dair xəbəri onun özü mayın 12-də təsdiqləyib. Peskov bildirib ki, o və arvadı Tatyana Navka virusa yoluxublar və hazırda xəstəxanada müalicə olunurlar. Peskov bunu da bildirmişdi ki, Rusiya prezidenti ilə sonuncu dəfə təmasda bir ay bundan əvvəl olub.

LDPR lideri sözü gedən çıxışında habelə deputatların sayını iki dəfə azaltmağı, məmur sayını ixtisar etməyi təklif edib.Jirinovski  özünün Twitter hesabında yazıb ki, bu tədbirlər qənaət üçün görülməlidir:“Həm pula qənaət edərik, həm də yerli parlamentlərdə sosial məsafəni saxlamaq asan olar”./virtualaz.org