“Axı o keyfiyyətli texnikanı kim bizə satacaqdı?...” - PAŞİNYAN YARARSIZ “İSGƏNDƏR”LƏR VƏ SƏRKİSYANIN İTTİHAMLARI HAQDA

Baxış sayı:
1007

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan 2021-ci ildə ilk müsahibəsini verib. 1in.am saytına müsahibəsində Paşinyan əsasən keçmiş prezident Serj Srkisyanın onun ünvanına səsləndirdiyi son ittihamlara cavab verib. Və silahlanma, hərbi məğlubiyyətin səbəbləri haqda danışıb, buna görə məsuliyyətin həm də keçmiş hakimiyyətlərin üzərində olduğunu deyib.

Paşinyanın müsahibəsinin ən maraqlı və belə demək olarsa, hətta ən sensasion məqamı onun “İsgəndər” operativ-taktiki raketlərinin Qarabağda döyüş tətbiqi haqda dedikləridir. Bundan əvvəl Serj Sərkisyan Paşinyanı “İsgəndər”ləri müharibənin birinci günlərində, məsələn, Horadizdə Azərbaycan qoşunlarının cəmləşmə rayonlarına və ya strateji neft-qaz obyektlərinə qarşı tətbiq etməməkdə qınayıb. Eyni zamanda S.Sərkisyan deyib ki, onun dəqiq məlumatına görə, “İsgəndər”ləri hər halda tətbiq ediblər, amma müharibənin sonuna yaxın. Və Şuşa istiqamətində. Sərkisyanın bildirdiyinə görə, “kapitulyant” (Paşinyanı belə adlandırıb,-red.) bununla Şuşanı geri qaytarmağa çalışırdı.

Paşinyan isə bu ittihamlara cavab olaraq deyib ki, “İsgəndər” raketləri tətbiq edilib, amma raketlər partlamayıb. “Yaxud belə demək olarsa, 10 faiz partlayıb. Bəlkə Serj Sərkisyan bunun səbəbini izah etsin?”,-o deyib.

 

Sərkisyanın “İsgəndər” raketlərinin yararsız olduğu haqda dedikləri Rusiya mediasferasında geniş rezonans doğurub və aydındır ki, Ermənistan baş naziri bununla Rusiyanın ən qorxunc silahlarından biri kimi təbliğ edilən raketləri açıq-aşkar gözdən salıb.

Paşinyan daha əvvəl onu kəskin tənqid edən digər keçmiş prezident Robert Köçəryana da cavab verib. Köçəryan demişdi ki, əgər o prezident olsaydı müharibə başlamazdı, başlasaydı belə, Ermənistan uduzmazdı. Paşinyan isə deyib ki, 2020-ci ilin sentyabr-noyabr aylarında kim Ermənistan rəhbəri olmayıbsa eyni şeyi deyə bilər. “Amma heç kim bunun əksini sübut edə bilməz”,-o, məğlubiyyətin istənilən halda qaçılmaz olduğuna eyhamla bildirib.

Jurnalist habelə Sərkisyanın bu bəyanatını xatırladıb ki, onun dövründə hərbi büdcədə silahlanmaya dair yeni proqram təsdiqlənmişdi və bu proqrama əsasən Ermənistan çoxsaylı pilotsuz aparatlar, o cümlədən zərbə pilotsuz aparatları almalıydı. Paşinyan bildirib ki, o hakimiyyətə gələndən sonra silahların və texnikanın alınması planlarında heç bir dəyişiklik edilməyib.

“Lakin bunu qeyd etmək çox mühümdür, bəs Baş qərargahın keçmiş rəisi nə dedi? Yaxşı, biz yazırıq ki, silahlar alınmalıydı. Bəs bizə lazım olan o keyfiyyətli texnikanı kim bizə satacaqdı? Bu da mühüm sualdır. Və həmin texnikanın alınması üçün siyasi və diplomatik addımlar atılmalıdır, hansı ki, bu addımlar müttəfiqlər və dostlar, digərləri tərəfindən birmənalı qarşılanmayacaqdı”,-Paşinyan Ermənistanın pilotsuz döyüş vasitələri almaq imkanının olmadığını etiraf edərək deyib.

 

Pilotsuz döyüş vasitələri o zaman əsasən İsrail və ABŞ-da istehsal olunurdu ki, Paşinyanın dediyi kimi, bu ölkələrin heç biri onları Ermənistana satmazdı. Məsələn, Azərbaycan İsraildən müxtəlif tipli pilotsuz təyyarələri, kamikadze-dronları ona görə ala bilib ki, bu ölkə ilə sıx müttəfiqlik, strateji tərəfdaşlıq münasibətləri qurub. Bu münasibətlər isə analoji silahların Ermənistana satılmasına imkan verə bilməzdi. Digər tərəfdən Paşinyan da təsdiq edir ki, əgər Ermənistan pul ödəyib qərb ölkələrindən keyfiyyətli silahlar alsaydı o zaman “keyfiyyətsiz silahlarını” ermənilərə pulsuz verən müttəfiq ölkə bunu yaxşı qarşılamazdı.

F.Məmmədov

Virtualaz.org