​AXCP sədrinin müşaviri Məmməd İbrahim azadlığa buraxıldı

Baxış sayı:
9121

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim məhkəmə zalından azadlığa buraxılıb.
 
Vəkil Cavad Cavadov bildirib ki, fevralın 13-də Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahimin Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) ilə məhkum edilməsinə dair Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il hökmündən verilmiş apellyasiya şikayətinə baxıb.
“Bizim tələbimiz bəraət olsa da, şikayətimiz qismən təmin olundu və ona təyin olunmuş beş ay iyirmi iki gün azadlıqdan məhrum etmə cəzası azaldılaraq, faktiki həbsdə yatdığı günlə əvəz olundu və o həbsdən azad olundu,” vəkil yazır.
Müdafiə tərəfi İbrahimə bəraət alınması üçün hüquqi müdafiə addımlarını davam etdirəcəyini bildirir.
Məmməd İbrahim Amerikanın Səsinə müsahibəsində bildirib ki, siyasi fəaliyyətini AXP sıralarında davam etdirəcək.
“Azərbaycanda demokratik rejim bərqərar olanadək müxalifət sıralarında mübarizəmi davam etdirəcəm. Bundan sonra siyasi məhbusların azadlığı uğrunda daha fəal mübarizə aparacam,” o qeyd edib.
Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib və xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Həbs müddətinin bitməsinə bir gün qalmış İbrahimə qarşı yeni ittiham irəli sürülüb. O bu dəfə həbsxanada yatağında qadağan olunmuş əşya,- bıçaq tiyəsi saxlamaqda günahlandırılıb.
Bakının Suraxanı Rayon Məhkəməsi hakim Ceyhun Qədimovun sədrliyi ilə 2019-cu il yanvarın 10-da Məmməd İbrahimə 5 ay 22 gün həbs verib.
AXCP sədrinin müşaviri həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Rəsmi Bakı ölkədə siyasi fəaliyyətə görə təqib olmadığını, bütün insanların qanun qarşısında bərabər olduğunu bildirir.
Eyni zamanda hazırda müxalifətdə olan AXCP sədri Əli Kərimlinin müavinləri Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Seymur Həzi, müşaviri Asif Yusifli, o cümlədən bu partiyanın ondan çox fəalı həbsdədir. Son günlər, 19 yanvar mitinqiindən sonra AXCP-nin 40 fəalı inzibati həbsə məhkum edilib.