AXCP-nin dörd fəalı həbs edilib

Baxış sayı:
17623

Martın 30-da və 31-də Azərbaycan Xalq Cəbhəsinin dörd fəalı, Milli Şuranın aprelin 6-na təyin etdiyi mitinqin təşkilatçısı olan Paşa Umudov, Ramid Nağıyev, Yalçın Abdullayev və Nicat Nizamov inzibati qaydada həbsə məhkum edilib. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Amerikanın Səsinə bildirib.
 
Onun sözlərinə görə, həbs edilənlərin hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlandırılıb.
“Xətai rayon Məhkəməsi Paşa Umudova 15 sutka, Binəqədi rayon Məhkəməsi Ramid Nağıyevə 30 sutka, Yalçın Abdullayevə 15 sutka, Suraxanı rayon Məhkəməsi isə Nicat Nizamova 15 sutka inzibati həbs verib,” o qeyd edib.
Bayramlı hesab edir ki, fəalların həbsi əvvəlcə hökumətdə mitinqə icazə verilib-verlməyəcəyi ilə bağlı vahid fikir olmamasından irəli gəlib.
“Bu səbəbdən ötən həftənin şənbə və bazar günü fəalların həbsi başladı. Hökumətdə mitinqə icazə verilməyəcəyi ilə bağlı vahid fikir formalaşdıqdan sonra isə həbslər dayandırıldı,” o qeyd edib.
AXCP sədri Əli Kərimli də fəalların həbsinə münasibət bildirib.
Əvvəllər hökumət mitnqə razılıq verəndə mitinqin əsas təşkilatçılarını həbs edirdi. Sonradan "islahatlar" başladı və hökumət razılıq vermədiyi mitinqin də təşkilatçılarını həbs etdi. Adamlar ciddiliklərini tamam itiriblər artıq.
 “Əvvəllər hökumət mitnqə razılıq verəndə mitinqin əsas təşkilatçılarını həbs edirdi. Sonradan "islahatlar" başladı və hökumət razılıq vermədiyi mitinqin də təşkilatçılarını həbs etdi. Adamlar ciddiliklərini tamam itiriblər artıq,” o qeyd edib.
Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın aprelin 6-na təyin etdiyi mitinqə razılıq verməyib.
Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində və mitinqdən sonra AXCP-nin altmışdan çox fəalı saxlanılıb. Onlardan 51 nəfəri 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Partiya fəallarından 5 nəfəri artıq təkrarən inizbati həbsə məhkum edilib. AXCP-nin 22 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə olunub.
Azərbaycan rəsmiləri insanların dinc siyasi fəaliyyətlərinə görə təzyiq və həbslərlə üzləşməsi ilə bağlı deyilənləri qəbul etmir.