"AXCP ilə Müsavat arasındakı düşmənçilik Elçibəy iqtidarını süquta uğratdı" - ADP SƏDRİ

Baxış sayı:
5791

"Bu partiyalar indi də bir-birini məhv etmək üçün bir araya gəlir"

“İlqar Məmmədovla Əli İnsanovun orda olmasını arzulamazdım” 

Müsavat Partiyasının başqanı Arif Hacılı bugünlərdə özünün "facebook" səhifəsində müxalifətin birliyi məsələsinə toxunub və bununla bağlı yeni təklif irəli sürüb. Belə ki, o, mövzunun yenidən aktuallaşdığını qeyd etməklə yanaşı, partiya rəhbərlərindən siyasi qüvvələrin əməkdaşlığının tələb olunduğunu bildirib:
"Bu təklifləri, eyni zamanda siyasi resursların toparlanması zərurətini nəzərə alaraq ölkədə yaranmış siyasi durumu dəyərləndirmək, yaranmış vəziyyətdən çıxış yolları barədə müzakirə aparmaq üçün Əli İnsanov, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, İlqar Məmmədov, Pənah Hüseyn, Mehman Əliyev, Hikmət Hacızadə və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakı ilə açıq dəyirmi masanın keçirilməsini təklif edirəm".
Müsavat Partiyasının başqanı, həmçinin, onu da vurğulayıb ki, dəyirmi masa keçirmək təklifi ilə müraciət etdiyi 8 siyasətçinin 5-dən müsbət cavab alıb. Onun bildirdiyinə görə, sözügedən dəyirmi masa noyabr ayının 5-də saat 14:00-da Müsavat Partiyasının qərargahında baş tutacaq.
Məsələnin maraqlı tərəfi ondadır ki, müxalifətin birliyinə həsr olunmuş dəyirmi masada sözügedən düşərgədə təmsil olunan bir çox siyasi təşkilatın iştirakı nəzərdə tutulmayıb. Elə bu səbəbdən də ADP sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə həm bu barədə, həm də müxalifətin birlik imkanları, bunun reallaşma yolları və digər mühüm mövzularla bağlı söhbətləşdik.
"Görünür, Arif Hacılı onun Müsavat Partiyasının rəhbərliyinə seçilməsiylə bağlı fikirlərimdən inciyib"
- Sərdar bəy, Arif Hacılının təşəbbüsü ilə müxalifətin birliyinə həsr olunacaq dəyirmi masaya dəvət olunanların siyahısında Sizin adınızın yer almamasına səbəb nədir?
- Açığı deyim ki, mən Arif Hacılının Müsavat Partiyasının rəhbərliyinə seçilməsiylə bağlı öz obyektiv münasibətimi bildirmişəm. Yəni İsa Qəmbərin Müsavatdan getdikdən sonra partiyanın tamamilə zəiflədiyini demişəm. Görünür, Arif Hacılı bu fikirlərimdən inciyib. Lakin bizim həmin tədbirdə iştirak edib-etməməyimizdən asılı olmayaraq, əgər doğrudan da Müsavat Partiyası səmimi şəkildə ən azı bu qüvvələrin birliyini istəyirsə, o zaman bunu alqışlamaq, dəstəkləmək lazımdır.
"Həmin dəyirmi masaya dəvət olunmuş şəxslərin çoxu AXCP və Müsavatdandır, odur ki, bunu müxalifətin birliyi kimi cəmiyyətə təqdim etmək doğru deyil"
- Necə düşünürsünüz, Arif Hacılının dəvət etdiyi şəxslər ümumi müxalifət düşərgəsinin adından qərar vermək iqtidarındadırmı?
- Diqqət yetirsəniz görərsiniz ki, burda 4 müsavatçı var. Arif Hacılı, İsa Qəmbər, Hikmət Hacızadə və Mehman Əliyev. 2 cəhbəçi var. Əli Kərimli və Cəmil Həsənli. Burda yalnız 3 nəfər kənar adam var ki, onlar Əli İnsanov, İlqar Məmmədov və Pənah Hüseyndir. Gördüyünüz kimi, həmin dəyirmi masaya dəvət olunmuş şəxslərin çoxu AXCP və Müsavatdandır. Odur ki, bunu müxalifətin birliyi kimi cəmiyyətə təqdim etmək doğru deyil. Bu da onların öz konyukturasıdır.
"AXCP ilə Müsavatın arasındakı düşmənçilik həm Əbülfəz Elçibəy iqtidarının süquta uğramasının əsas səbəblərindən biri oldu, həm də müxalifətin hakimiyyətə qarşı effektli mübarizə aparmasının qarşısını aldı"
- Yuxarıda adıçəkilən şəxslərin iştirakı ilə yaradılacaq birliyin ömrü uzun olacaqmı?
- Əvvəla, onu deməliyəm ki, indiyə qədər AXCP və Müsavat arasında dəfələrlə belə birliklər yaranıb. Bu birliklər xalqın narazı kütləsinin təşkilatlanması, xalqı doğrudan da gözləntilərə doğru aparmaq üçün yaranmayıb. Bu birliklər ona görə yaradılıb ki, bir-birini zəiflədib sıradan çıxarsınlar. Çünki AXCP ilə Müsavatın arasında hələ xalq hərəkatı dövründən başlayan bir düşmənçilik var. O düşmənçilik həm Əbülfəz Elçibəy iqtidarının süquta uğramasının əsas səbəblərindən biri oldu, həm də ondan sonrakı dövrdə Azərbaycan müxalifətinin təmərküzləşib konkret olaraq bu hakimiyyətə qarşı effektli mübarizə aparmasının qarşısını aldı. Bu gün də həmin oyun oynanılır. Baxın, Müsavat Partiyası Milli Şurada təmsil olunurdu. Niyə çıxdı? Bundan öncə isə AXCP və Müsavat birlikdə İctimai Palata yaratmışdı. Nə oldu? Bildiyiniz kimi, həmin palata da faktiki dağıldı. Yəni bunlar - AXCP və Müsavat ittifaq yaratmaq üçün deyil, həmin ittifaqda bacardığı qədər bir-birini məhv etmək üçün bir araya gəlirlər. Mən çox təəssüf edirəm ki, indi də həmin təşəbbüsdür. Elə proseslər var ki, onu ağılla, vətənpərvərliklə və s. yollarla qarşısını almaq mümkün deyil. Nə zamana qədər ki, AXCP və Müsavat Azərbaycan müxalifətinin avanqardı kimi çıxış edir, digər bütün partiyaları gözardı edib guya özlərini ölkənin ən güclü siyasi partiyaları kimi təqdim edirlər, Azərbaycanda heç bir hakimiyyət dəyişikliyi, demokratikləşmə olmayacaq, irəliyə doğru heç bir addım atılmayacaq. Lakin bununla yanaşı, onu da qeyd edim ki, bu işə, yəni AXCP və Müsavat birlik yaratmasına mane olmaq lazım deyil. Çünki onlar sonradan bu işin pozulmasına görə günahı kiminsə üstündə qoymaq üçün bir adam axtaracaqlar. Ona görə də mən görüşdüyüm digər partiya liderlərinə də deyirəm ki, qətiyyən buna qarışmaq lazım deyil. İmkan vermək lazımdır ki, görək onlar xalqın gözü qarşısında iddialarına uyğun addım ata biləcəklərmi. Sadəcə olaraq, burda söhbət ondan gedir ki, Əli Kərimli mitinq edib bir qədər qabağa düşdü. Əslində, bu, Əli Kərimlinin üsuludur. Belə ki, bundan qabaq da mitinq keçirdi, sonra Müsavat cəhd etdi ki, mitinq keçirsin. Daha sonra Müsavat xahiş etdi ki, gəl bir yerdə keçirək, lakin Əli Kərimli imtina etdi. Bundan sonra isə Əli Kərimli öz mitinq qərarını ləğv etdi. İndi də həmin proses gedir. Yəni Müsavat görür ki, AXCP ondan bir qədər qabağa çıxdı. Buna görə də istəyir ki, onun əldə etdiyi dividentləri bölüşdürsün. Baxın, indi də Arif Hacılının təşəbbüsü Əli Kərimli üçün cəlbedici, göydəndüşmə fürsət olduğu üçün mitinqi təxirə salır. Və xalqa belə bir mesaj verir ki, guya daha böyük birlik yaradırıq, yeni gələcəyə doğru planımız var. Yəni hazırda bu, onun maraqlarına cavab verir. Yoxsa, Əli Kərimli heç vaxt Müsavatla bir yerdə olmaq istəməz. Çünki 30 ildir ki, bunlar bir-birinə düşmən partiyadır. Onların arasında elə ədavət, kin, nifrət var ki, nəinki dost ola bilməzlər, hətta öz maraqları naminə müttəfiq də ola bilməzlər. Lakin bütün bunlara rəğmən, imkan vermək lazımdır ki, qurduqları oyunu özləri sonluğa aparsınlar, görək bunun axırı necə olacaq.
"AXCP və Müsavat 1988-ci ildən bu yana Azərbaycanın müxalifət cəbhəsini buxovlayıb saxlayıb"
- Sözlərinizdən belə qənaətə gəlmək olar ki, AXCP və Müsavatın "mənəm-mənəmlik" iddiaları ümumi müxalifət düşərgəsini zəiflədir. Bunun qarşısını almaq olmazmı?
- Bir məqamı qeyd edim ki, indiyədək Azərbaycanda yaradılan bütün müxalifət birliklərinin dağılmasının iki günahkarı olub. Ya AXCP dağıdıb, ya da Müsavat. Bu, ya onların hökumətlə oyuna getdiyi, ya bir-birinə paxıllıq etdiyi zaman baş verib. Belə ki, bir tərəf digərinin müəyyən nailiyyətlərinə dözə bilməyib əvəzini ittifaqdan çıxıb, ayrılıb və bununla da birlik dağılıb. Qeyd etdiyim kimi, indi də həmin oyun gedir. Çox təəssüf edirəm ki, hələlik biz bu oyunların qarşısını almaq gücünə malik deyilik. Çünki etiraf etmək lazımdır ki, əhalinin müəyyən siyasi aktiv kütləsi hələlik onların arxasınca gedir. Bu səbəbdən də gözləməliyik ki, hamı öz təcrübəsindən yanlış yolda olduğunu bilsin. Söz yox ki, AXCP və Müsavatın müxalifətə avanqardlıq etməsi düşərgənin keyfiyyətcə dəyişməsinə, inkişaf etməsinə imkan vermədi. Yəni faktiki olaraq, AXCP və Müsavat 1988-ci ildən bu yana Azərbaycanın müxalifət cəbhəsini buxovlayıb saxlayıb. Hətta iqtidar müəyyən mənada öz içində yeniləşib müasirləşsə də, siyasi texnologiyanı dəyişsə də AXCP-Müsavat cütlüyü 1988-ci ildən olan siyasi texnologiyanı dəyişməyə imkan vermir. Bundan başqa, Azərbaycan xalqını kimin hakimiyyətə gəlməsi deyil, demokratiyanın inkişafı maraqlandırır ki, üzərində olan ağır fiksal yük və digər problemlər aradan qalxsın. Demokratiya üçün ən vacib şərtlərdən biri isə iqtidarla müxalifətin hansısa nöqtələrdə həmrəyliyə hazır olmasıdır. Geridə qoyduğumuz 30 illik təcrübə göstərir ki, Azərbaycan müxalifəti ilə iqtidar arasında hər hansı bir müsbət münasibətin yaranmasının qarşısında bu iki qüvvə - AXCP və Müsavat dayanır. Belə ki, ya özləri gizlin danışıqlara gedib iqtidarla aşkar şəkildə hər hansı əməkdaşlığa imkan verməyiblər, ya da iqtidar aşkar əməkdaşlığa çağırdıqda bu qüvvələr bu və başqa şəkildə bəhanə edib aranı pozublar.
"Siyasi dialoq istəyən, özünün hakimiyyətə gəlməsindən öncə xalqın maraqlarını düşünən əsl müxalifət eqoistlik etməməlidir"
- Sizcə, bu gün səmimi, real müxalifət birliyi yaratmaq mümkündürmü? 
- Məşhur ingilis sosioloqu deyir ki, həqiqi siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları kənardan hökumətə işləyən qüvvələr kimi görünür. Çünki onlar radikal deyillər, yalnız öz maraqlarını qabartmır, əks tərəfindən də maraqlarını nəzərə alaraq, əsl dialoq mühitinin yaranmasına çalışırlar. Belə olduqda isə kənardan elə görünür ki, sanki bunlar hökumətə satılıblar. Ona görə də deyir ki, bir çox ölkələrdə liderlər qorxduğu üçün siyasi dialoqlar baş tutmur. Lakin şəxsən mən qorxmuram. Məsələn, əgər bu gün uşaq pulu problemini həll etməyə nail ola bilsəm, bu, mənim xalqıma ən böyük xidmətim olacaq. Xalqa lazımdır ki, o yaxşı yaşasın. Xalqı kimin yaxşı yaşatmasının isə onun üçün əhəmiyyəti yoxdur. Bu baxımından, siyasi dialoq istəyən, özünün hakimiyyətə gəlməsindən öncə xalqın maraqlarını düşünən əsl müxalifət eqoistlik etməməlidir. Kamyu deyir ki, eqoistlik maraqlarla çıxış edən qüvvələr siyasi həyatda heç bir dəyişikliyə nail ola bilməzlər. Qeyd edim ki, eqoist maraqlar ən çox AXCP və Müsavatda özünü büruzə verir. Vaxtilə hakimiyyətdə olduqları üçün onlara elə gəlir ki, hakimiyyət qayıdıb bunlara verilməlidir, üçüncü bir qüvvəyə verilə bilməz. Yəni burada söhbət Azərbaycanda hakimiyyətin dəyişilməsi vəzifəsindən getmir. AXCP-Müsavat cütlüyünün apardığı siyasətin mahiyyəti budur ki, hakimiyyət yalnız yenidən qayıdıb onlara verilməlidir. İnandırım sizi, əgər onlar da düşünsələr ki, kimin gəlməsindən asılı olmayaq, təki hakimiyyət dəyişilsin, o zaman Azərbaycanda tamamilə yeni bir müxalifət meydana çıxar. Amma nə qədər ki, məqsəd əldən verilmiş hakimiyyəti yenidən qaytarmaqdır, o proseslər ki demokratiyaya, xalqa xidmət edir, lakin AXCP-Müsavat cütlüyünü hakimiyyətə gətirmir, onlar bunun qəti əleyhinə olacaqlar. Ancaq əksinə, yəni xalqa və demokratiyaya zidd olan, lakin AXCP və Müsavatı yenidən hakimiyyətə gətirə bilən yolla gedəcəklər. Buna görə də həm cəmiyyətdə demokratikləşmə olmur, həm də hakimiyyət dəyişmir. Çünki hakimiyyət dəyişilmələri və demokratiya AXCP-Müsavat cütlüyünün hakimiyyətə gəlməsiylə indekslənməyib. Belə bir zərurət yoxdur ki, Azərbaycanda hakimiyyət dəyişsə, mütləq AXCP və Müsavat gəlməlidir, demokratikləşmə olsa, adıçəkilən siyasi partiyalar mütləq bundan bəhrələnməlidir. Bax, bu gün bizim düşdüyümüz vəziyyətin əsl siyasi mahiyyəti məhz budur.
"Biz də belə bir birlik yaratsaq, onda sabah AXCP və Müsavatın yaradacağı birlikdə hansısa dağılma olduqda və ya nəticə çıxmadıqda, deyəcəklər ki, baxın alternativ yaratdılar, bizi işləməyə qoymadılar"
- Arif Hacılının dəyirmi masada iştirak etmək üçün təqdim etdiyi siyahıdan kənarda qalan partiya liderləri özləri birləşib hansısa birlik yarada bilməzmi?
- Qeyd edim ki, bununla bağlı bir neçə yoldaş müraciət edib. Onlar bildiriblər ki, əgər AXCP və Müsavat belə hərəkət edirsə, o zaman biz yığışaq və birlik modeli ətrafında müzakirə aparaq. Şəxsən mən qətiyyən bunun əleyhinəyəm. Bir qədər öncə də dediyim kimi, AXCP-Müsavat cütlüyü öz uğursuzluqlarını kiminsə boynuna qoymaq üçün bir bəhanə axtarır. Odur ki, biz də belə bir birlik yaratsaq, onda sabah AXCP və Müsavatın yaradacağı birlikdə hansısa dağılma olduqda və ya nəticə çıxmadıqda, deyəcəklər ki, baxın alternativ yaratdılar, bizi işləməyə qoymadılar. Ona görə də belə bir bəhanəyə imkan vermək olmaz. Məsələn, Pənah bəy mənə dedi ki, siz də Əli Kərimlinin başlatdığı mitinqə qoşulun. Onda dedim ki, gəlin imkan verək, Əli Kərimli və Milli Şura prosesi düşündükləri nöqtəyə qədər aparsınlar. Dedim ki, onlara mane olmayaq, bəlkə doğrudan da elə bir yol bilirlər ki, bu yol düzgündür və qələbəyə gedir. Çünki biz qarışsaq, sonra deyəcəklər ki, siz gəlib işləri pozdunuz. Baxın, 30 il bundan qabaq hansı addımı atırdılarsa, indi də həmin addımı atdılar. Budur, bir mitinq keçirdilər, daha sonra razılaşdırılmış mitinqdən imtina etdilər və bildirdilər ki, camaat gəlmirsə biz nə edirik mitinqi. Əli Kərimlini tanıdığım üçün əminliklə deyə bilərəm ki, o, uzun müddətli aksiya aparmaqda maraqlı adam deyil. Məsələn, 2005-ci ildə İsa Qəmbər dedi ki, aksiyaları uzadaq, davam etdirək. Əli Kərimli isə dedi ki, bir dəfə çıxaq, oturaq mitinq elan edək, əgər otura bilsək, oturaq, alınmasa xalqa deyək ki, mitinqin mənası yoxdur, icazə vermirlər. Yəni Əli Kərimli uzun müddətli demokratik proseslərə hazır deyil və heç vaxt bunun tərəfdarı olmayıb. Ona görə də keçən il və bu il eyni hadisəni təkrar etdi. Çünki xalqda müəyyən bir narazılıq, enerji vardı, camaat yavaş-yavaş ümid edirdi ki, nəsə edəcəyik. Məhz bu məqamda Əli Kərimli mitinq qərarı verdi, lakin sonradan növbəti mitinqi təxirə saldı. Bu səbəbdən də bizim birlik təşəbbüsünə əl atmağımız AXCP və Müsavat üçün bəhanə olacaq. Buna görə də Müsavat və AXCP-yə bizdən kənarda öz oyununu oynamağa imkan vermək lazımdır.
Bu arada, onu da qeyd edim ki, mən İlqar Məmmədovla Əli İnsanovun orda olmasını arzulamazdım. Çünki onlar təzə adamlardır. Amma yerdə qalanlar AXCP və Müsavatdandır. İndi baxaq görək, nə edəcəklər. Şəxsən mən Azərbaycanda siyasi inkişafımızı tamamilə fərqli bir istiqamətdə görürüəm. Oxuduğum, bildiyim və 30 illik təcrübəmdən sonra gəldiyim nəticə budur ki, Azərbaycanda fundamental şəkildə yeni siyasət aparmaq lazımdır. Bu siyasətin hədəfi konkret olaraq kiminsə hakimiyyətə gəlməsi yox, xalqın maraqlarına xidmət etmək və demokratikləşməyə nail olamaq olmalıdır. Bu şərtlər daxilində kim hakimiyyətə gələ bilərsə gəlsin!
(Ardı var)
Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, 
Hurriyyet.org