AXCP fəalına 10 sutka həbs verildi

Oktyabrın 18-də saxlanılan AXCP fəalı Rəcəb Hüseynov məhkəmənin qərarı ilə inzibati qaydada 10 sutka həbs olunub.
 
Bu barədəTuran-a vəkil Əsabəli Mustafayev bildirib.
Cümə günü ona məlum olub ki, R.Hüseynov Binəqədi təcridxanasında saxlanılır.
Ancaq işin detalları - məhkəmənin nə zaman və hansı ittihamla həbs qərarı çıxarması hələlik məlum deyil.
Müdafiə tərəfi həbs qərarından şikayət vermək niyyətindədir.
AXCP Saatlı rayon təşkilatının Gənclər Komitəsinin fəalı Rəcəb Hüseynov oktyabrın 18-də Biləsuvarda saxlanılıb.
AXCP-də əmindirlər ki, R.Hüseynov oktyabrın 7-də müxalifətin Bakıda keçirdiyi mitinqdə iştiraka görə saxlanılıb.
Oktyabrın 9-10-da AXCP Şirvan təşkilatının fəalları Əlfaiq Abdullayev və Eldəniz Səmədov da inzibati həbsə məruz qalıblar. Onlar polisin tələblərinə tabe olmamaqda təqsirli biliniblər.
Partiyanın digər altı fəalı da mitinq ərəfəsində həmin ittihamla inzibati həbsə məruz qalıb.