AXCP fəalı Fuad Əhmədli 4 il müddətinə həbs edilib

Baxış sayı: 66

Bakı Ağır Cinayətlər Məhkəməsinin iclasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədliyə 4 il həbs cəzası verilib.
 
İyunun əvvəlində keçirilən məhkəmə prosesində dövlət ittihamçısı ona 7 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
Onun vəkili Əsabəli Mustafayev BBC Azərbaycancanın müxbiri Günel Səfərovaya bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.
"İttiham hökmündən razı deyilik. Məhkəmə istintaqı göstərdi ki, Fuad Əhmədlinin əməlində heç bir cinayət tərkibi yoxdur. Biz bunu dəfələrlə sübut etmişik", - vəkil deyib.
Fuad Əhmədli 2016-cı ilin 18 avqustunda saxlanılıb və o "Əməliyyat‐axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma" və "Vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə ittiham edilib.
İndiki məhkəmədə isə ona qarşı ittihamın biri "az ağır cinayətlər" kateqoriyasına tövsif edilib.
Human Rights Watch təşkilatının Fuad Əhmədli barədə bəyanatı
"Hakimlər belə qənaətə gəlib ki, Fuad Əhmədlinin törətdiyi əməl ağır nəticələrə səbəb olmayıb".
Buna görə də vəkil Mustafayev düşünür ki, Əhmədliyə şərti cəza da tətbiq oluna bilərdi.
Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildiriblər ki, 2016-cı ilin avqustunda saxlanılan Fuad Əhmədli "Azərfon" MMC-də çalışdığı müddətdə "abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb".
Bundan başqa fəalın həbsindən bir neçə gün sonra Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi xidmətinin mətbuat xidmətləri birgə bəyənat yayaraq, deyib ki, Fuad Əhmədl həbs edildikdən sonra evində aparılan axtarış zamanı orda Fethullah Gülenə aid materiallar aşkar edib.
"Fuad Əhmədlinin yaşadığı ünvana baxış zamanı Fetullah Gülenin çıxışları, "Gülən camaatı" adlandırılan qrupun üzvləri və "Hizmət imam"ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələri barədə sənədlər, müxtəlif təbliğat nəzərdə tutan ədəbiyyat və digər amteriallar aşkar edilib", dövlət qurumlarının bəyənatında bildirilib.
Lakin sonradan Əhmədliyə qarşı bununla bağlı hər hansə bir ittiham irəli sürülməyib, vəkil Əsabəli Mustafayev deyib.
AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədli isə ona qarşı olan bütün ittihamları rədd edir.