"AXC yıxılmasaydı, futbola da imzamızı ata bilərdik" - CƏMİL HƏSƏNLİ

Baxış sayı:
1288

"Futbol+" qəzetinin “Hərdən futboldan danış!” rubrikasının budəfəki qonağı 2013-cü ildə Milli Şura tərəfindən prezident seçkisində namizədliyi irəli sürülmüş tanınmış siyasətçi və tarixçi Cəmil Həsənlidir. Cəmil bəy futbola publisistik, tarixi və siyasi aspektdən nəzər saldıq və hətta Cümhuriyyət dövrünə gedib çıxıb. Muxalifet.az həmin müsahibəni oxucularına təqdim edir:
 
“Hərdən həyətdə uşaqlar və ya nəvələr oynayanda bizim də ayağımıza top dəyir”

- Yəqin yeniyetməlik və gənclik dönəminizdə sizin də ayağınıza top dəyib. Sonuncu dəfə nə vaxt futbol oynamısız?
- Hərdən həyətdə uşaqlar və ya nəvələr oynayanda bizim də ayağımıza top dəyir. Bu elə də çox uzaq dönəm deyil. Belə baxanda deməzdim ki, mən də futbol oynayıram, amma çimərlikdə- zadda bir tərəf olmalıdı, hərdən o tərəfdən biri mən oluram.
- Məktəb və universitet illərində futbol oynamağa marağınız olub?
- Əlbəttə, olub. Bizim uşaqlıq illərimizdə Azərbaycanda futbol kifayət qədər geniş yayılmışdı. Həmin dönəmdə “Neftçi”nin böyük uğurları var idi. Bütün uşaqlar və yeniyetmələr futbolun cazibəsindəydi. Ona görə də kənd stadionlarında, yaxud stadion olmasa da, hər hansı bir əlverişli məkanda həvəskar səviyyədə futbol oynayırdıq.
- Yəqin ki, daha çox hücumçu kimi oynayardız…
- Vallah, məhəllə futbolunda bir az mövqe müəyyənləşdirmək çətindi, kim harda nəyi bacarırdı, onu da edirdi (gülür).
- “Qarabağ”ın uğurları haqda sual vermək istərdim sizə. “Qarabağ”ın ÇL-in qrup mərhələsinə düşməsi Azərbaycan üçün hansı önəmi daşıdı?
- Əlbəttə, bu çox mühüm göstəricidi. Bu nəticə idman sahəsində çox böyük uğurdu. Ümumiyyətlə, “Qarabağ” ənənələri olan bir komandadı. Hələ sovet dövründən başlayaraq bu komanda müxtəlif adlarla respublika çempionatında iştirak edib. Mən səhv etmirəmsə, bu klub 1950-ci illərdə “Məhsul” adıyla çıxış edib. Sonrakı dövrlərdə də, 1992-ci, ya da 1993-cü illərin birində “Qarabağ” Azərbaycan çempionu oldu. Mən həmin dövrü yaşxı xatırlayıram. Sonra 20 illik susqunluqdan sonra 2014-cü ildə “Qarabağ” yenidən yaxşı nəticələr nümayiş etdirdi. Ümumiyyətlə, “Qarabağ”ın ÇL-in qrup mərhələsində oynamaq imkanı qazanması çox sevindirici bir hadisə oldu.
- Qarabağ həqiqətlərini dünyaya göstərmək baxımından hansı daha təsirlidi: hakimiyyət və müxalifətin apardığı kampaniya, yoxsa “Qarabağ”ın özünün Avropada o adı xatırlatması?
- Hər ikisi daha yaxşıdı, amma mən istəyirəm ki, biz bir məsələni aydın şəkildə dərk edək: Qarabağı qaytarmaq lazımdı. 25 il bir ölkənin torpaqlarının düşmən əsarətində qalması çox uzun vaxtdı. Hardasa bir kafeyə, restorana “Qarabağ” adı verməklə nəyə nail oluruq? Burda mən “Qarabağ” klubunun uğurlarına kölgə salmaq istəmirəm. “Qarabağ”ın qələbəsi bir idman uğurudu, amma bizim üçün vacib olan işğal altındakı torpaqları geri qaytarmaqdı, vətənin suverenliyini təmin etməkdi. Yəni biz gərək Avropada “Qarabağ” adlı restoran açmağa və ya bu adın rəmzləşdirilməsinə aludə olmayaq. Heç şübhəsiz, Qarabağın Azərbaycana məxsusluğu baxımından bir komandanın uğur qazanması təqdirəlayiq hadisədi. Amma mənim dediyim ondan ibarətdi ki, Qarabağın özünü qaytarmaq lazımdı.

“Mən bu hakimiyyətin idman siyasətini yanlış sayıram”

- Cəmil bəy, sizcə Azərbaycan yığmasını DÇ-yə vəsiqə qazanması daha inandırıcıdı, yoxsa müxalifətin hakimiyyətə gəlməsi?
- Məncə, hər ikisi inandırıcıdı. Bu məsələylə bağlı bir məqamı da vurğulamaq istərdim. Mən bu hakimiyyətin idman siyasətini yanlış sayıram. Elə komandalar var ki, başdan-ayağa legionerlərdən ibarətdi. Şükür Allaha, “Qarabağ” belə deyil. Yəni bu qədər vəsait xərcləyib baha qiymətə Azərbaycana heç bir aidiyyatı olmayan legionerləri gətirməkdənsə, Azərbaycanın himnini bilməyənlə uğur qazanmaqdansa, idmanı kütləviləşdirmək lazımdı. Hər bir bölgədə idmanın inkişafına ciddi qayğı göstəmək şərtdi. İdmançı Azərbaycanın içindən çıxmalıdı. Bir qadın voleybol klubunu bütünlüklə legionerlərdən təşkil etməkdənsə, Azərbaycanın özündə bu işi bacaracaq kifayət qədər yetkin qızları işə cəlb etmək lazımdı.
- Adətən, belə sualı hər siyasətçiyə ünvanlayıram, elə sizin də mövqeyinizi öyrənmək istərdim: futbol daha çirkin oyundu, yoxsa siyasət?
- Baxır kimin üçün?! Yaxşı oyunçu üçün futbol zövq mənbəyidi, yaxşı bir idman növüdü, yaxşı siyasətçi üçün siyasət əxlaq və mənəviyyat göstəricisidi. Hər kim idmandan sui-istifadə edirsə, hə onda siz deyən ola bilər. Xoşməramlı oyunçu üçün futbol, idman, əlbəttə, bir peşədi və hörmət mənbəyidi. Xoşməramlı siyasətçi üçün də bu belədi. Amma pisməramlı və bacarıqız siyasətçi üçün o hansısa bir formada çirkin oyunlar məcmusundan ibarətdi.
- Son vaxtlar dünya futbolunda qiymətlərin kəllə-çarxa çıxdığını göürürük. Məsələn, PSG Neymara görə “Barselona”ya 222 milyon avro ödəyir və ya elə “Barselona”nın özü “Liverpul”dan Koutinyonu 160 milyon avroya qoparır. Belə deyək də, kapitalizm tam cüssəsiylə futbolu boğur. Sizcə dünyanın sosial problemləri fonunda bu nə dərəcədə ədalətlidi? Məsələn, Afrika ölkələrində aclıq problemi var, bunlar isə böyük pullar xərcləyir…
- Bu bir az futbolun və ya idmanın kommersiya tərəfidi. Orda kommersiya əlamətləri var. Sosial ədalətsizlikdən danışmalı olsaq, dünyanın qlobal problemlərinin çoxluğunu etiraf etməliyik. Bu qlobal problemləri həll etmək üçün dünyada müəyyən proseslər gedir. Məsələn, BMT-nin aclığa, susuzluğa və ya təbii fəlakətlərin zərərlərinə qarşı proqramları var və onlardan istifadə olunur. Amma eyni zamanda futbola, idmana böyük vəsait xərcləyənlər heç kimin malını qəsb edib bu işə sərf eləmirlər. Bu ölkələr və onların komandaları özlərinin düzgün və demokratik inkişaf yolunu qurublar, azad bazar münasibətlərini formalaşdırıblar, öz ölkələrində işlək bir sistem yaradıblar və bu sistemin nəticəsində işgüzar münasibətlər yaranıb. Bu baxımdan da öz vəsaitlərini istədikləri kimi xərcləyirlər. Amma bu da ədalətli deyil ki, dünyanın bir hissəsi azad və liberal iqtisadiyyat qursun və yaxşı uğur qazansın, amma dünyanın o biri hissəsi acından öldüyü üçün bu qazandığı paraları ona versin. Afrikanın hansısa ölkəsində bir adam 30-40 il hakimiyyətdə oturub ölkəsini bədbəxtliyə düçar edirsə, korrupsiya şəbəkəsi yaradırsa, xalqın malını talan edirsə, normal həyat şəraiti qurmuş ölkələr onun məsuliyyətini daşımırlar axı.

“Elə o milli tərkibin ifadəsi kimi Banişevski meydana çıxmışdı”

- Cəmil bəy, sizi həm də Cümhuriyyət tarixçisi kimi tanıyırıq. Bu il də Cümhuriyyətin 100 illiyidi. Təsəvvür edin ki, 1920-ci ildə Rusiya Azərbaycanı işğal etmir və biz bu il müstəqilliyimizin 100 illiyini qeyd edirik. Təxəyyülünüzü işə saldıqda nə deyə bilərdiz, həmin olay yaşanmasaydı, futbolumuz daha da inkişaf edərdi, yoxsa elə sovet futbolumuzun eyblərini ört-basdır etdi?
- Bilirsiz, mən sizə belə bir şey deyim. Futbol da adından göründüyü kimi, ingilis sözüdü. Futbol qərb idman növlərindən biri kimi meydana gəlib. Azərbaycan Xalq Cümhuriyyətinin idealları dünyaya inteqrasiya olmaqdan ibarət idi. Hələ 1920-ci il yanvarın 11-də Azərbaycan Versal Ali Şurası tərəfindən tanındı. O dövrdə Azərbaycana gələn Avropa missiyaları var idi. Onlar da öz ölkələrinə yazırdılar ki, Xalq Cümhuriyyəti hakimiyyətinin idealları öz xalqının imzasını dünya xalqının imzaları içində görməkdən ibarət idi. Əminliklə deyə bilərəm ki, Xalq Cümhuriyyəti yaşasaydı, idman və futbol sahəsində də imzamızı atacaqdıq.
- Belə çıxır ki, sovet bizi dala saldı…
- Bilirsiz, tarixdə baş verməmiş məsələ haqda danışmaq bir az çətindi. Amma bütün hallarda SSRİ-nin idman siyasəti bütövlükdə slavyan xalqları üzərində qurulmuşdu. Qeyri-slavyan və qeyri-rus xalqlarına böyük imkanlar və imtiyazlar tanınmırdı. Hər halda, müstəqil dövlətin idman siyasəti və idman göstəriciləri milli iradənin ifadəsi kimi meydana çıxa bilərdi.
- Həmin bu 23 ay ərzində Müsavat hakimiyyətinin idmana və ya futbola qayğısı oldumu?
- Bu 23 ayın 4 ayı, yəni maydan sentyabra qədər olan müdddətdə ölkənin azadlığını təmin etmək, Bakı şəhərini azad etmək planları cızıldı. Bakı azad olunandan sonra gənclərdə orduya axın başladı və hərbi idman növləri gənclər arasında təşviqata çevrildi. Bakı, Gəncə və başqa şəhərlərdə ordunun formalaşmasında idman növlərindən geniş istifadə edilirdi. Məsələn, buna atıcılığı, güləşi, döyüş idman növlərini misal gətirmək olar.
- Dediz ki, SSRİ dövründə hakimiyyət daha çox slavyan xalqların marağına xidmət edirdi, amma mən sizə buna paralel məqamı xatırladım. Şura dövründə Tiflis “Dinamo”su gürcülərin, “Ararat” ermənilərin hesabına SSRİ çempionu olmuşdu. “Neftçi”də isə həmişə bizimkilərlə yanaşı, ruslar və ermənilər də oynayıb. Biz doğrudanmı ermənilər və gürcülər kimi millətçi olmalıydıq, yoxsa Bakının beynəlmiləl şəhər olması humanistliyimizdən xəbər verirdi?
- Yox, XX əsrin əvvəllərindən neft sənayesinin geniş inkişafı çörək, pul və macəra axtaranların Bakıya axışı ilə nəticələndi. Burda çoxlu qeyri-müsəlmanlar, qeyri-türklər məskunlaşmışdılar. Bu da Bakının milli-etnik tərkibinə kifayət qədər təsir etdi. O beynəlmiləlçilik, internasionalizm və bu kimi anlayışlar Bakıda neft sənayesinin inkişafı ilə bağlı Mərkəzi Rusiyadan, Qafqazdan və başqa yerlərdən iş axtaran adamların hesabına formalaşdı. 1939-cu ildə əhalinin siyahıya alınmasına görə Bakı şəhərinin əhalisinin 39 faizi azərbaycanlılar idi. Bu ölkənin idman həyatına da təsir göstərdi. Amma bir məqamı da etiraf etmək lazımdı ki, elə o milli tərkibin ifadəsi kimi Banişevski meydana çıxmışdı.

“Bizi Hafiz Hacıyevlə müqayisə etməyin!”

- Bu yaxınlarda mən Hafiz Hacıyevdən müsahibə götürəndə o mənə söyləmişdi ki, Çingiz Abdullayevi “Neftçi”də işləməyə qoymadılar. Bununla yanaşı, onun özü də qeyd etdi ki, bir siyasətçi olsa da, hansısa futbol klubunu idarə edə bilər. Necə fikirləşirsiz, doğrudanmı sıyasətçilər klub idarəçiliyinin öhdəsindən gələ bilər? Məsələn, siz belə bir məsuliyyəti üzərinizə götürə bilərsiz?
- Sizdən üzr istəyirəm, amma bu müqayisə qüsurludu. Bizi Hafiz Hacıyevlə müqayisə etməyin! Hafiz Hacıyev çox şey deyə bilər. Bilirsiz ki, cəmiyyətdə ona münasibət necədi. Mən onun dediklərini şərh etmək istəmirəm. Şəxsən mən futbol klubuna rəhbərlik edə bilmərəm. Mənim futbol klubuna rəhbərlik etmək və o istiqamətdə uğur qazanmaq imkanım yoxdu.
- Əslən cəlilabadlı olduğunuza görə sizə belə bir sual verəcəm: vaxtilə sizə doğma olan rayonun “Ümid” adlı komandası var idi. Özü də “Ümid” ilk illərdə Azərbaycan çempionatının güclülər dəstəsində çıxış edirdi. Amma sonradan komanda tarixin yaddaşına köçdü. Yəqin ki, belə bir komanda indi yaşasaydı, bir cəlilabadlı kimi ona simpatiyanız olardı…
- Bəli, vaxtilə Cəlilabadın belə bir komandası var idi. Mən həmin dönəmləri yaxşı xatırlayıram. Orda 1 nömrəli məktəbdə işləyən Tərlan müəllim var idi. Elə o məktəbin də yaxşı futbol komandası var idi. Məsələn, yaxşı futbol oynayan İsgəndər müəllimi də xatırlayıram. Mən o vaxt onların oyunlarını görmüşəm. Əlbəttə, futbol və idman üçün potensial var, sadəcə, bu potensialı hərəkətə gətirmək lazımdı.
- Ümumiyyətlə, indi cənub bölgəsində futbol yoxdu. Bir “Xəzər Lənkəran” var idi, Mübariz Mənsimov da kənara çəkildi. Hazırda cənub bölgəsində futbolun olmaması üzücü hadisədi…
- Elədi. Amma bu zonada potensial var və onu dirçəltmək lazımdı.
"Futbol+"