“AXC ÜZVLƏRİ ORDUDAN KƏNARLAŞDIRILMIŞDI...” – Laçını erməniyə verənlərin hamısı Azərbayacanda yüksək vəzifəyə gətirilib... / ŞOK AÇIQLAMALAR

Baxış sayı:
3967

Vaqif Əlisoy: “Mütəllibovun adamları Elbrus Orucovun göstərişi ilə döyüş bölgəsini tərk etmişdi”

Dünən Laçın rayonunun ermənilər tərəfindən işğal olunmasının 28 ili tamam oldu. Artıq rayonlarımızın işğal tarixlərini qeyd etməklə, illəri saymağımız adət halını alıb. Ötən müddət ərzində isə düşmən işğal olunan rayonlarımızda tarixi-mədəniyyət abidələrimizi məhv edib, özününküləşdirib, sərvətlərimzi talan edib. Təəssüf ki, bizim Xarici İşlər Nazirliyimiz isə işğal tarixlərində bəyanat verməklə, işini bitmiş hesab edir.
Cəmiyyət, xalq olaraq  isə hələ də torpaqlarımızın işğal edilməsində günahkar axtarırıq, həmin vaxtı döyüş iştirakçısı olanlar mətbuatda öz fikirlərini bölüşür, yenidən müzakirələr qızışır. Bugünlərdə elə Azərbaycanın ilk nizami hərbi hissəsi olan Laçın alayının komandiri, polkovnik Arif Paşanın mətbuatada açıqlamları da diqqəti çəkir. O, Şuşanın işğalından sonra Laçının saxlanılmasının mümkün olmadığını qeyd edib.

“Arif bəyin dedikləri tam həqiqətdir”

Azərbaycan Xalq Cəbhəsinin Cəbrayıl rayon şöbəsinin sədri, AXC Ali Məclisinin üzvü, Cəbrayl batalyonunun yaradıcısı, Əsir və Girovların Dəyişdirilməsi üzrə Dövlət Komitəsinin Cəbrayıl rayon şöbəsinin sədri Vaqif Əlisoy “Hürriyyət”ə bildirib ki, Arif Paşa tamamilə doğru deyir: “O, detallarına qədər izah edib. Biz həmin vaxtı Cəbrayılda, Şuşada, Laçında gedən prosesləri diqqətlə izləyirdik. Həmin ərəfədə Qurban Məmmədov, Arıf Hacılı, bir də Xalid Bahadur Cəbrayıla gəlmişdilər. Mən də onları Şuşa-Laçın istiqamətinə bizim uşaqlarla yola saldım, onlar da gedib orada yerində ətraflı vəziyyətlə tanış olmuşdular. Aydındır ki, Şuşa gedəndən sonra  Laçını qorumaq mümkün deyildi, Arif bəyin dedikləri tamamilə həqiqətdir”.

“Döyüşçü kimi qeydiyyatda olan AXC üzvlərinin hamısı ordudan kənarlaşdırılmışdı”

V. Əlisoy xatırladır ki, AXC Ali Məclisinin 7 avqust 1992-ci ildə qapalı iclası keçirilib: “AXC-yə məxsus olan dəstələrin, eyni zamanda müxtəlif batalyonların tərkibində olan keçmiş AXC üzvlərinin ordudan kənarlaşdırılması haqqında bir əmr olub. Bu iclasda məlum oldu ki, müdafiə naziri Rəhim Qazıyevin ondan xəbəri olmayıb. Onda da Arif bəy artıq Bakıda idi. O, Əbülfəz Elçibəyin Qarabağ üzrə müavini idi. O, əmr tək Arif bəy haqqında yox, ümumiyyətlə, guya, Azərbaycan Xalq Cəbhəsinə tabe olan qüvvələrin vahid komandanlıqda birləşdirilməsi məqsədilə olub. Amma çox təəssüf ki, bütün proseslərə Şahin Musayev rəhbərlik etdiyindən, həmin vaxtı Azərbaycan Xalq Cəbhəsinin üzvü olan və orduya daxil olandan sonra siyasi fəaliyyətdən əl çəkib, ancaq döyüşçü kimi qeydiyyatda olan AXC üzvlərinin hamısı ordudan kənarlaşdırılmışdı. Yəni bilərəkdən uzaqlaşdırmışdılar”.  

“Belə məlum olur ki, Şahin Musayevin ən inanılmış adamı elə Elbrus Orucovun özü imiş”

V.Əlisoy 811 nömrəli hərbi hissənin qərargah rəisi Rafiq Nağıyevin dünən yazdığı məqaləyə də toxunub: “O qeyd edir ki, “mən artıq mayın  8-9-da Şuşanın getdiyi haqqında Şahin Musayevə şəxsən məlumat verdim, amma ayın 11-də o, mənə zəng etdi, dedi ki, “orada təxribat yaratmayın, mənim adamlarımın dediyinə görə Şuşa bizdədir””.  Bu gün isə Rafiq qeyd edir ki, “Elbrus Orucov müsahibə verib deyir ki, mən ayın 8-9-da Şuşada idim”. Deməli, belə məlum olur ki, Şahin Musayevin ən inanılmış adamı elə Elbrus Orucovun özü imiş”.

“Azərbaycan Xalq Cəbhəsinə aid olan qüvvələr nə Laçında, nə də Şuşada döyüş bölgəsindən getməyib”

Vaqif Əlisoy

Əlisoy vurğulayıb ki, o, Şuşanın, Laçının verilməsində şəxsən Rəhim Qazıyevin heç bir rolunu görmür: “Şuşa-Laçın məhkəməsində də Rəhim Qazıyev ittiham olunub, söyülməyib. Mənim yadımdadır, o məhkəmə prosesi başlayanda Ağır Cinayətlər Məhkəməsinin köhnə binasında mən də şahid qismində ifadə verirdim. Mən məhkəmə başlamamışdan öncə, düşünürdüm ki, burada Laçının, Şuşanın adamlarının əlindən yer olmayacaq, hamı gələcək  ki, görsünlər Laçını kim verib. Ora daxil olanda baxdım ancaq Rəhim Qazıyevin, Arif Paşanın, Fəxrəddin Səfərovun, Zakir Sadıqovun, Rafiq Nağıyevin qohumlarıdır. Bu zaman Rəhim Qazıyev ikinci mərtəbədən pəncərəni açdı  və camaata dedi ki, “ay Şuşa, Laçın camaatı, gəlin, xainlərinizi görün”. Mənim şəxsən Rəhim Qazıyevlə çox kəskin münasibətlərim olub, amma bu Ramazan günündə Şuşa və Laçının işğalında Rəhim Qazıyevin iynənin ucu qədər günahını görmürəm, məsuliyyət də həmin bölgənin komendatı, həm də briqada komandiri olan Elbrus Orucovun üzərində idi. Bu gün Şuşanın, Laçının işğalı ilə bağlı məhkəmə prosesi “Youtube”də tam yerləşdirilib. 11 saatlıq video çəkiliş var, kimi maraqlandırırsa, baxsın. Orada belə bir epizod var. Ənvər Seyidov Tahir Əliyevə müraciət edir ki, “ifadənizdə göstərisinz ki, Turşsuda istənilən qədər texnika, hərbi sursat, canlı qüvvə var idi. Niyə Şuşaya hücum etmədiniz?” Onun cavabı bu oldu ki, “yaxşı etdim”. Şuşa gedəndən sonra isə Laçını saxlamaq mümkün deyildi. Mən şahid qismində məhkəmədə iştirak etmişəm, əlimdə olan video kasetləri də məhkəməyə təqdim etmişəm. May ayın 1-dən sonra bizim Cəbrayıl ərazisində Göyərçin Veysəlli kəndində post qurulmuşdu. Bu postda Şuşadan, Laçından, eyni zamanda Zəngilan, Qubadlı tərəfdən gələn qüvvələrə nəzarət edirdik. Ora da 96 nömrəli rota təhkim olunmuşdu. Mayın 1-dən 6-na qədər şəxsən Elbrus Orucovun 200-dən artıq əsgərin məzuniyyətə buraxılması haqqında əmri var idi. Onların bəzisi silahsız çıxıb gedirdi, bəzisi könüllü idi, silahlı gedirdi. Mayın 6-dən sonra artıq Şuşada intensiv döyüşlər gedirdi. Kim deyirsə ki, Şuşada döyüş getməyib, yalan söhbət edir. Orada  Azərbaycan Xalq Cəbhəsinin Şuşa şöbəsinin, Ramiz Qəmbərovun batalyonu axıra qədər kişi kimi döyüşüb. Şamil Basayev də bunu öz müsahibələrində qeyd edib. Oradan qüvvələr ayın 7-dən sonra bir-bir çıxmağa başladı. Mən tam məsuliyyətimlə deyirəm, Azərbaycan Xalq Cəbhəsinə aid olan qüvvələr nə Laçında, nə də Şuşada döyüş bölgəsindən getməyib. Döyüş bölgəsini qoyub gedən Mütəllibovun ora göndərdiyi adamlar idi. Onlar da Elbrus Orucov, 777 nömrəli xüsusi təyinatlı dəstənin komandiri Elçin Məmmədov, qərargah rəisi, bu gün hörmətli generalımız Rövşən Əkbərov, Gəncə OMON-u Teymurovun reyd briqadası idi. Bu çıxanların içərisində yeganə hərbi dəstə polkovnik-leytenant Teymurovun Gəncə reyd dəstəsi olub ki, onlar əmrə tabe oldular və Cərbayılda qalıb döyüşdülər. Bizim Cəbrayılın camaatı da təsdiq edər ki, onlar döyüşlərdə kişi kimi döyüşdülər. Mən düşünürəm ki, eyni müdafiə əmri, sərəncamları yerinə yetirilsəydi, həmin o Teymurovun  reyd briqadası kimi o uşaqlar ancaq oradan şəhid adı ilə çıxa bilərdilər. Çünki onlar çox qeyrətlə Cəbrayılda döyüşdülər”.

“Bunlar hamısı Elbrus Orucovun əmri ilə döyüş bölgəsini tərk etmişdilər”

“Bəs, Elçin Məmmədovun döyüşçülərinin Şuşada qeyrətlə döydüşdüklərini deyənlər var” dedikdə V. Əlisoy belə deyib: “Söhbət əmri verib döyüş bölgəsindən çıxmaqdan gedir. Həmin o xüsusi təyinatlı alayın 11 texnikasını, komandirini Qubadlıda iki gün saxlamışdılar, qalanını da biz saxlamışdıq. Bunlar əmrə tabe olmadılar, üzü Bakıya tərəf gəldilər. Ola bilər onların içərisində şəhid olanlar var, hamısının ruhu qarşısında baş əyirəm. Amma söhbət odur ki, əmrə tabe olmayanlar var idi. Müdafiə Nazirliyi əmr vermişdi ki, Şuşa, Laçın şəhərini tərk edin? Bunlar hamısı özbaşına, Elbrus Orucovun əmri ilə döyüş bölgəsini tərk etmişdilər. Nəticə də budur. İllərlə Laçını qoruyan Arif Paşayev, 811 nömrəli hərbi hissənin komandiri, qərargah rəisi mayor Rafiq Nağıyev, müavin Şakir Sadıqov, Şuşa batalyonun komandiri Fəxrəddin Səfərov- illərlə o torpağı qoruyan bu oğullar zinadana atıldı, amma o  torpağı qoyub qaçan Elbrus Orucov müdafiə nazirinin birinci müavin idi, bu yaxınlarda istefaya  getdi. Elçin Məmmədovun heç ayıq günü olmayıb. Onun döyüşçüləri necə deyirlər, bu adam ancaq narkotik qəbul edirdi, bunu desinlər də, halı özündə olmayıb. Gəldi Əzizbəyov rayonunun hərbi komissarı oldu. Rövşən Əkbərov bu gün hansı vəzifədədir, hamınız bilirsiniz”. 
“Adlarını sadaladığınız Şahin Musayev, Elbrus Orucov və digərləri Rusiyaya bağlı adamlar idimi” sualını isə V. Əlisoy belə cavablandırıb:“Birmənalı olaraq bunlar hamısı Rusiyanın adamları olub”.

“Heç kəs bizi rusla qorxutmasın”

V. Əlisoy onu da nəzərə çatdırıb ki, bu torpaqların sülhlə qaytarılması birmənalı olaraq mümkün deyil: “Bütün bunları izah etməkdə məqsədimiz buraxılan səhvləri təkrar etməmək və Azərbaycan Müdafiə Nazirliyini milli kadrlarla möhkəmləndirməkdir. Bəzən bizi Rusiya amili ilə qorxudurlar. 1991-ci ildə Qubadlı rayonunda Əfqanıstanda döyüş yolu keçmiş “Ryazan” alayı yerləşdirilmişdi. Cəbrayıl, Qubadlı, Laçın uşaqları bir güllə atmadan həmin alayın bütün hərbi texnikasını ələ keçirdik. Hansı haqla deyirlər ki, qabağımıza rus duracaq? Biz Qarabağ ərazisində anti-terror əməliyyatı deyilən bir əməliyyat aparacağıq. Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində o vaxtı müdaxilə edə bilər ki,  döyüş əməliyyatları Ermənistanda keçirilsin. Torpaqlarımızı işğaldan azad etməyin bir yolu var, ancaq müharibə. İnanıram ki, siyasi iradə olsa, biz  torpaqlarımızı azad edəcəyik. Heç kəs bizi rusla qorxutmasın”.

Şamo EMİN,
Hurriyyet.org

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etmıəyə hazırıq.