“Avtoşluq”, dələduzluq, bıçaqlama, fahişəlik... – Fədayəyə qədər olanlar

Baxış sayı:
3649

Xəbər verdiyimiz kimi, Bakıda məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən müğənni Fədayə Laçın bu gün azadlığa buraxılıb. Həbs müddəti başa çatan müğənni Bakı İstintaq Təcridxanasından çıxaraq evə yollanıb. 

Təbi ki, "eşq məhbusu" adlanan Fədayə həbs həyatı yaşayan ilk şou-biznes nümayəndəmiz deyil. Müxtəlif səbəblərdən həbsxanaya düşən məşhurlarımız da var. “Yeni Sabah” son illərdə adı cinayətdə  hallanan, həbsxanaya düşən bəzi məşhurlarımızı təqdim edir:

Mərhum meyxanaçı Bayram Kürdəxanlı məhkumluq həyatı yaşayıb. O, 2014-cü ildə şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən  1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.

Azərbaycanı ilk  “Eurovision” mahnı müsabiqəsinin təmsilçisi müğənni Samir Cavadzadə dostunu bıçaqladığına görə həbs olunub və iki ilə yaxın həbsxanada qalıb.

Maral Tahirqızı təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə maddəsi ilə təqsirli bilinib və  3 il müddətinə azadlıqdan məhrum edilib. Müğənni Maral Tahirqızı 2017-ci ildə həbsdən azad edilib.

Tanınmış rejissor Aqil M.Quliyev 2013-cü ildə 1 il 6 ay müdətinə həbs cəzasına məhkum edilib. Səbəb isə rejissorun aldığı pulu geri qaytarmaması idi.

Teleaparıcı İlham Mirzəyev  dələduzluq ittihamı ilə həbs olunub. 

Mərhum repçi Hüseyn Dərya  narkotik istifadə etməsi səbəbindən həbsdə yatıb.

Şou-biznesdə bir vaxtlar “at oynadan” prodüsser Nahid Emiloğlunun da adı dələduzluqda hallanıb. Onu dələduzluqda ittiham edən şəxs Xalq artisti Aygün Kazımova olub. Xalq artisti mətbuata açıqlamasında N.Emiloğlunun ona pul “atdığını” bildirib. Müğənni prodüsseri dələduzluqda ittiham edib. Bundan sonra “Bandotdel” Nahid Emiloğlunu saxlayıb. Bir müddət həbs həyatı yaşayan prodüsser azadlığa çıxıb.

Tanınmış reper Elşad Xose də narkotikdən müntəzəm istifadə etdiyinə görə, həbs olunub və bir müddət məhkumluq həyatı yaşayıb.

Prodüsser Təranə Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunub. O bu ilin may ayında azadlığa çıxıb.

“Azəri qızı” Günelin qardaşı, müğənni Tunar Rəhmanoğlu “avtoşluq” etməsi və polisin qanuni tələblərinə riayət etməməsi səbəbindən 10 gün müddətinə həbs cəzasına məhkum olunub.

Tanınmış idmançı Kamil Zeynallı 2 dəfə həbsdə olub. O davada yer aldığına görə 1 il müddətində azadlıqdan məhrum edilib.