Avtoqəzada iki nəfəri öldürən şəxs PENİTENSİAR XİDMƏTDƏ VƏZİFƏYƏ TƏYİN EDİLİB - İddia

Baxış sayı:
6637

Bu yaxınlarda “Akif Əsgərovun “Ərdoğan” planı” başlıqlı araşdırma yazım bir neçə internet portalında işıq üzü görmüşdür. “Tarixi Şəxsiyyətlər” jurnalının 2018-ci ilin aprelində işıq üzü görmüş 42-ci sayı da türk dünyasında böyük nüfuza malik olan Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunub. Jurnalda Ərdoğanın həyat yolu, siyasi fəaliyyəti barədə ətraflı məlumat və məqalələr yer alıb. Lakin mən məqalədə də qeyd etdiyim kimi, yazım belə bir jurnalın kimlərin məsləhəti və maliyyə dəstəyi ilə işıq üzü görməsinə, bu şəxslərin əsl niyyətlərinə həsr olunmuşdur. Belə ki, bu məqaləni yazmaqda məqsədimiz həqiqətən adları dəfələrlə ölkə mətbuatında qanun pozuntusu hallarına yol vermiş Sumqayıt Telekommunikasiya Qovşağının rəisi olmuş Akif Əsgərov və onun qohumu Respublika Hərbi Komissarının müavini olmuş polkovnik Rasim Sadıqovun bu jurnalın adından istifadə etməklə nəzərdə tutduqları və həyata keçirmək istədikləri “PLANLARI” oxuculara, yuxarı dairələrə çatdırmaqdan ibarət olmuşdur. Və məqalənin əvvəlində də jurnal barəsində qeyd etmişdik ki, Azərbaycanda nəşr olunan “Tarixi şəxsiyyətlər” jurnalının 2018-ci il aprel sayı qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunub. Turkiyənin rəsmi mətbuatında müxtəlif vaxtlarda dərc olunmuş məqalələri toplayaraq ”Çağdaş Türkəyinin fatihi” adlandırılmış Rəcəb Tayyib Ərdoğan haqqında olan bu jurnalda ilk baxışdan qeyri-adi heç nə yoxdur. Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanin bu ölkədə gördüyü işləri Azərbaycanda təbliğ etmək təqdirəlayiq bir haldır. Lakin bu niyyət xoşdursa. Maraqlı olan jurnalın kimlərin məsləhəti və maliyyə dəstəyi ilə işıq üzü görməsidir… Lakin jurnalın dəyərli baş redaktoru Xəlil Qarəhmədov rəhbərlik etdiyi jurnalın adının şəxsi niyyət güdən şəxslərlə əlaqədar hallanmasından narahat olmuşdur. Ona görə də bir daha qeyd etmək istəyirəm ki, mənim bu jurnalın özü və yaradıcı heyəti haqqında yalnız yüksək fikrim vardır. Araşdırma məqaləmizin geniş oxucu kütləsi arasında rezonansa səbəb olması A. Əsgərovu və R. Sadıqovu bərk narahat etmiş və onlar qərar almışlar ki, nəyin bahasına oluir olsun suya düşmüş “ƏRDOĞAN PLANLARI”nın əvəzinə məndən qisas alsınlar. Və dərhal “Tarixi şəxsiyyətlər” jurnalının baş redaktoru Xəlil müəllimə yağlı vədlər verərək, məni məhkəməyə vermələrini sifariş vermişlər. Və hətta özünü Ədliyyə naziri cənab Fikrət Məmmədovun doğma əmisioğlu kimi təqdim edən R.Sadıqov söz vermişdir ki, məhkəmənin udulması bizlikdir, sən qorxma.” Bu məsələdən sonra həqiqətən də hörmətli baş redaktor Xəlil Qarəhmədov “Təzadlar” qəzetinin redaksiyasına gələrək məqaləyə görə təkzib verilməsə məhkəməyə müraciət edəcəyi fikrini bildirmişdir. Və təbii ki, hörmətli baş redaktor Asif müəllim ona xatırlatmışdır ki, məqalənin konkret müəllifi vardır və gedib onunla söhbət edə bilərsiniz. Doğrudur, sonradan “Təzadlar” qəzetinin saytında mənim Rasim Sadıqov barəsində kiçik bir açıqlamam oldu. Amma görünən budur ki, o yenə bizə qarşı olan qisas planını arxalandığı dost-tanışına güvənərək həyata keçirmək istəyir. Odur ki, adi bir qələm sahibi kimi polkovnik R.Sadıqova bəzi xatırlamaları nəzərinə çatdırmaq istəyirəm: Əvvəlcə xatırladım ki, Rasim Sadıqov 1998-2009-cu illərdə qabiliyyətinə, bacarığına görə deyil, Baş nazirin oğlu Akiflə olan dostluq münasibətlərinə görə Respublika Hərbi Komissarının siyasi işlər üzrə müavini vəzifəsinə təyinat almışdır. POLKOVNİKİN PULA HƏRİSLİYİ 1999-cu ildə pula olan hərisliyinə görə qaynatası sabiq Rabitə naziri Nadir Əhmədovun adından istifadə edərək hər ay Bakı şəhəri üzrə rayon Telekommunikasiya Qovşaqlarına baş çəkməyə başlayır. Yasamal TQ-nin rəisi B.Hüseynovun onun çağrılmamış qonaq kimi idarəyə gəlməsini başa düşmədiyini nazirə bildirdikdən sonra Nadir müəllim kürəkəninə qəti olaraq hər hansı rabitə obyektinə burun soxmasını qadağan etmişdir. VƏZİFƏ HƏRİSLİYİ, YOXSA SİYASİ HOQQABAZLIĞI !?? R.Sadıqov 2003-cü ildə vəzifəyə olan hərisliyini həyata keçirmək üçün ölkədə baş verən siyasi böhrandan maksimum bəhrələnmək qərarına gəlmişdir. Burnunun ucundan o tərəfi görə bilmə qabiliyyəti olmayan bu adam tezliklə baş verəcək hakimiyyət dəyişikliyinə güvənərək “Musavat” partiyasının funksionerlərilə gizli sövdələşməyə başlamışdır. Və ona söz verilmişdir ki, müxalifət hakimiyyətə gələn kimi o dərhal Respublika Hərbi Komissarı vəzifəsində oturacaq və general rütbəsi alacaqdır. Bu sövdələşmədən sonra nazir qaynatasının qonşuluğunda yaşayan R.Sadıqov onun xidməti avtomobilində hər səhər işə gələrkən Şəhriyar adına klubun qarşısında düşüb işə piyada getməyi xoşladığını bildirmişdir. Əslində o Azərbaycan prospektində yerləşən Müsavat partiyasının o zamankı qərargahına daxil olub və 5-8 dəqiqədən sonra oranı tərk edib işə getmişdir. Bu hal bir neçə dəfə təkrarlanmışdır. 2003-cü ildə Prezident seçkiləri ərəfəsində onun belə şübhəli hərəkətləri Müsavat Partiyasının qarşı tərəfində olan binadan mütəmadi olaraq izlənilmiş və tezliklə onun şəxsiyyəti və niyyəti müəyyənləşmişdir. Və yuxarı dairələrdə R. Sadıqovun siyasi müxalifətlə əməkdaşlığını sabiq nazir Nadir Əhmədovun tapşırıqlarını yerinə yetirən birisi kimi qəbul etmişlər. Halbuki, Nadir müəllim bütün həyatını Azərbaycan rabitəsinin inkişafına həsr etmiş və buna nail də olmuşdur. O hardan biləydi ki, fərsiz kürəkənin vəzifə hərisliyi və savadsız hərəkətləri onun karyerasını zərbə altına qoyacaqdır. Hələ bu azmış kimi seçkilərə 1 ay qalmış R.Sadıqov özünü Şəki-Qax yolundakı kəndlərə yetirərək səsvermədə müxalifətin namizədinə səs vermələri barədə canfəşanlıqla təbliğat aparmışdır. Nəticə hamıya məlumdur. Seçkilərdən az sonra Rabitə naziri N.Əhmədov işdən azad edilir və ilk işdən çıxarılan yüksək vəzifəli məmur olur. Doğrudur, geniş ictimaiyyət və Nadir müəllim özü bu siyasi qərarın motivini bilməsələr də sonda uduzan Azərbaycan rabitəsi və peşəkar rabitəçiləri oldu. ÜÇLÜ AGENT, YOXSA... R.Sadıqov Respublika Hərbi Komissarlığında işlədiyi müddətdə komissarı general Ə.Hüseynov barəsində əldə etdiyi gizli məlumatları müxalifətə, mətbuata və Prezident Administrasiyasına ötürüdü.Onun Badamdar qəsəbəsindəki 5 qatlı villası barəsində, hansı vəzifəlilərin hərbi xidmətdə olmadıqları halda sonradan hərbi vəzifələrə təyin olunmaları, tanınmış şəxslərin hansı “xəstəlik” adı altında hərbi xidmətdən yayınmaları, bədbəxt hadislər və xəstəlikdən dünyasını dəyişmiş əsgərlərin sonradan qanunvericilik icazə vermədiyi halda “şəhid” kimi status verilməsi və digər ilginc məlumatlar yuxarılara ötürülürdü. Hətta qondarma “şəhidlər” barəsində olan rəsmi məlumatlara görə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkənin baş komissrı Əliağa Hüseynovu möhkəmcə danlamışdır. İki nəfərin ölümünə səbəbkar olmuş polkovnikin kürəkəni necə baş leytenant və vəzifə sahibi oldu? R.Sadıqov 2016-cı ildə ailəsilə istirahətdən qayıtdığı zaman idarə etdiyi şəxsi qara CİP avtomobili ilə ağır avtomobil qəzası törətmiş və nəticədə 34 yaşlı 2 uşaq atası və 43 yaşlı 3 uşaq atası həlak olmuşlar. Hadisənin ört-basdır edilməsi üçün R.Sadıqov avtomobildə olan sərnişin kürəkəni Raufu dilə tumuşdur ki, qəzanı öz boynuna götürsün. Dayın Akif Əsgərov səni bu vəziyyətdən qurtara bilər. Kürəkən də naəlac qalıb sükanın arxasında onun olduğunu etiraf etmişdir. Nəticədə Akif Əsgərov iki nəfərin ölümüilə nəticələnən bu hadisənin ört-basdır edilməsi üçün 70000 AZN pul xərcləmişdir.Rasim hətta utanmadan yarasız vəziyyətə düşən avtomobilinə görə A.Əsgərovdan ona 30000 manat da əlavə pul ödənilməsini istəyirdi. 2 ay öncə isə Akif bu məsələnin qurama olduğunu bilmiş və Rasimin kələyi nəticəsində 70000 manat ziyana düşdüyünü gec də olsa anlamışdır. Rəsmən ölümlə nəticələnən ağır yol qəzası “ törətmiş” R.Sadıqovun kürəkəni Rauf isə aradn keçən iki ay ərzində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində birbaşa leytenat rütbəsi alaraq vəzifəyə təyin edilmişdir. Hazırda baş leytenant kimi vəzifəsi yüksəlişini davam etdirir. “Qaçqınkom” Əli Həsənovun nəvəsinə şükür! QAZANDIĞI ÇİRKLİ PULLARLA ÇOXSAYLI OBYEKTLƏR ƏLDƏ EDİB, vergidən yayınmaqla məşğuldur Hərbi Komissarlıqda işlədiyi müddət ərzində polkovnik R.Sadıqov Bakıda, Qaxda və Şəki rayonunda 10- yaxın obyektlərin sahibinə çevrilmişdir. Məsələn, Şəki-Qax yolunun 18-ci km-də inşa etdirdiyi Şadlıq Sarayı 16 ildir ki, yaxın ərazilərdə yaşayan 20000 nəfər əhaliyə xidmət göstərsə də, bu günədək külli-miqdarda vergidən yayınmışdır. Obyektdə işlətdiyi 12 nəfər personalla isə əmək müqaviləsi indiyədək bağlanmamışdır. Eləcə də Şəki-Qax yolunun Baş Layısqı kəndinə dönən hissəsindəki avtotəmir məntəqəsi də eyni qayda ilə fəaliyyət göstərir. Ən maraqlısı isə budur ki, Ulu öndərin 1998-ci ildən Azərbaycanda qumarxanaları fəaliyyətinə qadağa qoymasına baxmayaraq ona məxsus Aşağı Göynük ərazisində yerləşən Şadlıq sarayı gündüz saat 13- 18-dək xeyir iş üçün gələnləri qəbul edir, gecə 23-dən sonra isə şər iş üçün gələnləri, yəni qumarbazları, əyyaşları və s. tipləri. Biz polkovnik R. Sadıqova bu xatırlamalardan 8 faizini ona görə yada salmağa məcbur olduq ki, kimə hədə qorxu gəlməsini əvvəlcədən bir az fərqinə varsın, daşınıb düşünsün və ağıllı olsun. Hələlik bu qədər. Məmməd ƏHMƏDOĞLU Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.