Avtobuslarda kondisioner işləməsə nə edək? - Sürücülər üçün sərt tələblər

Baxış sayı:
517

ay mövsümünün gəlməsi, havaların istiləşməsi ilə əlaqədar avtobuslarda kondisioner sistemi yenidən gündəmə gəlir. Yeni avtobuslarda kondisioner sistemi olsa da bəzilərində işlək vəziyyətdə olmaması sərnişinlərin narazılığına səbəb olur. Köhnə avtobuslarda isə demək olar ki, havalandırma sistemi yoxdur. Bu da avtobus parkının yenilənməsi məsələsini ortaya qoyur.

Məsələylə bağlı “Yeni Sabah”a danışan nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, bu gün avtobusların kondisionerlə təchizi məsələsi aktualdır. Onun sözlərinə görə, sosial şəbəkələrdə gedən narazı statuslardan da bəlli olur ki, bu gün xətlərdə bir çox avtobuslar hələ ki, kondisioner sistemini işə salmayıblar:

“Halbuki, iyunun 15-dən rəsmi olaraq yay fəslinə keçid baş verdi. Bu gün “BakuBus”lardan istifadə zamanı da müşahidə etdim ki, hamısında kondisioner sistemi işləyir. “BakuBus”a aid avtobusların hamısında demək olar ki, bu problem həllini tapıb. Bu yaxınlarda sərnişinlər şikayət edirdi ki, “BakuBus”da kondisioner işləmir və bilərəkdən qoşulmur. Bu məsələ həllini tapdı. İyunun 15-dən yalnız “BakuBus”a deyil, digər daşıyıcı şirkətlərə də tapşırılıb ki, kondisioner sistemi işə salınsın. Amma reallıq bundan ibarətdir ki, bu gün Bakı şəhərində 2200-dən çox avtobus sərnişindaşıma xidmətlərini həyata keçirir və bunların yarıdan çoxunda kondisioner yoxdur. Hətta keçən il 400 avtobusda soyutma sisteminin olması bildirildi. Bu da əsasən, “BakuBus”a və Xalid Faiqoğlu şirkətinə məxsus avtobuslar idi.

Birmənalı şəkildə deyim ki, Bakı Nəqliyyat Agentliyi (BNA) əvvəlki illərdə bu məsələyə bir qədər liberal yanaşırdısa, tövsiyə olunur, tapşırıqlar verilirdi, bir çox daşıyıcı şirkətlər buna əhəmiyyət vermirdi. Amma bu il bu məsələni xüsusi nəzarətə götürüblər. Hətta avtobus şirkətləri qarşısında tələblər qoyulub ki, onların avtobuslarında havalandırma sistemi işlək vəziyyətdə olsun. Yəni söhbət yalnız yay fəslindən getmir. Eyni zamanda qışda da isti hava buraxmaq funksiyasına malik olan sistemlər təchiz edilməlidir.

Əks halda belə avtobuslar xəttə buraxılmayacaq. Bu gün BNA bununla bağlı nəzarət funksiyasını yerinə yetirməyə çalışır”.

Ekspert əlavə edib ki, bəzi avtobuslar istismar olunsa da kifayət qədər köhnə modifikasiyadadır:

“Demək olar ki, onlarda kondisioner sistemi ümumiyyətlə yoxdur. Belə olduğu təqdirdə təbii ki, avtobus parkının yenilənməsi məsələsi gündəmə gəlir. Müəyyən sayda avtobuslar sifariş olunub və Azərbaycana gətirilir. Müxtəlif mənbələrdə 300-ə qədər avtobusun gələcəyi bildirilir. Təbii ki, bu avtobuslar hamısı tələb olunan şərtlərə cavab verəcək tərzdədirlər. Yəni soyutma, isitmə sistemi normal vəziyyətdədir. Bunlar yeni istehsal olunmuş avtobuslardır.

Bu gün tövsiyə olunur ki, köhnə avtobuslar da zəruri avadanlıqlarla təchiz edilsinlər. Məsələn, kondisioner, qışda isitmə sistemiylə. Çox zaman daşıyıcı şirkətlər bu tövsiyələrə elə də əhəmiyyət vermirlər. Nəticə etibarilə bu gün bizim yollarda hələ ki, həmin tələblərə cavab verməyən sərnişindaşıma xidmətlərini həyata keçirən avtobusların olduğunu görürük. Düşünürəm ki, BNA istər köhnə, istərsə də yeni avtobuslarda soyutma sistemini təmin edəcək kondisionerlərin quraşdırılması və ya isitmə sistemi üzərində nəzarəti bir qədər də gücləndirəcək”.

A.Allahverənovun sözlərinə görə, bəzi şirkətlər məsrəflərə qənaət etmək üçün soyutma sistemini işə salmırlar:

“Avtobuslarda kondisioner sistemi olsa da onları işlək vəziyyətdə saxlamırlar. Yalnız əhali narazı olduğu təqdirdə müəyyən mənada o sistem işə salınır. Bu, xoşagələn hal deyil. İstənilən halda bu gün kimsə məsrəflərdən yayınırsa, o əhalinin kəskin narazılığına səbəb olur, bu da sonradan onları daha ağır nəticələrə gətirib çıxara bilər. Ən azından bu və ya digər şirkətə məxsus marşrut onun əlindən alınıb başqa şirkətə həvalə edilə bilər”.

O avtobus parkının yenilənməsi prosesindən də danışıb:

“Avtobus parkının yenilənməsi prosesi gedir. Bəzi şirkətlər var ki, bu sahəyə sərmayə yatırmalıdırlar. Hansı şirkət sərmayə yatıracaq, təbii ki, onlar avtobus parkını yeniləyə biləcək. Sərmayə yatırmayanlar üçün bir qədər çətin ola bilər. Amma bu gün sifariş olunmuş avtobusların hesabına bizim avtobus parkında yenilənmə prosesi gedir. Düşünürəm ki, yaxın bir neçə il ərzində bu olacaq. Eyni zamanda Azərbaycanda vacib bir sənəd qəbul olunub.

“Yol hərəkətinin təhlükəsizliyinə” dair 2019-2020 ci illəri əhatə edən sənəddə də göstərilir ki, Bakı şəhərində sərnişindaşımanı həyata keçirən avtobuslar müasir təhlükəsizlik tələblərinə cavab verməlidir. Bu da təbii ki, avtobus parkının yenilənməsini zəruri edən bir haldır. Əgər söhbət tək Bakı və ətraf kəndlərdə ekspres avtobuslarının artırılmasını nəzərdə tutursa, bu həm də yeni avtobusların şəhərə gətirilməsini tələb edir. Xətlər artırılırsa, bu, müasir tələblərə cavab verən avtobusların ölkəyə gətirilməsi hesabına baş verir. Düşünürəm ki, bu məsələ dövlət proqramında öz əksini tapırsa, icrası mütləqdir, bu da avtobus parkının yenilənməsini tələb edir”.