​Avtobuslarda gediş haqqı artacaq? - RƏSMİ CAVAB

Bakı Nəqliyyat Agentliyi son dövrlər müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı qiymətlərinin artırılacağı ilə bağlı yayılan məlumatlara cavab verib.
BNA-dan Muxalifət.az-a verilən məlumatda bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır. Ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Tarif Şurasıdır.
Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil.