​Avstriya hökuməti Suriya danışıqlarında vasitəçilik təklif edir - BMT-yə MÜRACİƏT

Baxış sayı:
1712

Avstriya hökuməti Suriya münaqişəsi ilə bağlı danışıqlar prosesində vasitəçilik missiyasını davam etdirməkdə maraqlıdır.
 
Muxalifət.az xəbər verir ki, bununla bağlı Avstriyanın kansleri Sebastian Kurts BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturaya müraciət edib. Federal Kansler Aparatından verilən məlumatda qeyd edilir ki, Avstriya bundan sonra da hərbi həll yolu olmayan Suriya münaqişəsində BMT-nin sülh danışıqlarını tam gücü ilə dəstəkləməyə hazırdır.
Avstriya kansleri müraciətində mümkün etimad quruculuğu tədbirləri və münaqişənin sülh yolu ilə həlli istiqamətində ilk addımların atılmasından bəhs edib, artıq sağlam düşüncə ilə hərəkət etmək və diplomatik kanallarla sülh prosesini irəli aparmaq üçün vaxtın yetişdiyi qeyd edilib: “Yeni bir gərginliyin, xüsusilə də ABŞ və Rusiya kimi supergüclər arasında gərginliyin qarşısını almaq üçün bütün müvafiq addımların atılması zəruridir”.
Buna görə də Avstriya tərəfi ölkənin dialoq məkanı və körpü qurucusu kimi ənənəvi rolunu nəzərə alaraq, Suriya danışıqlarında fəal vasitəçiliyini BMT-nin xüsusi elçisinə təklif edib. İranın nüvə proqramı və Suriyada sülhün bərqərar olması ilə bağlı danışıqların Vyanada keçirilməsi Avstriyanın bu sahədə geniş təcrübəsindən xəbər verir.
Eyni zamanda, Avstriyanın xarici işlər naziri Karin Knayssl verdiyi açıqlamada bildirib ki, Avstriya danışıqlar məkanı kimi öz missiyasını icra etməyə hazırdır və ilk növbədə əsas hədəf de Misturanı öz fəaliyyətində yaxından dəstəkləməkdən ibarətdir./Azərtac/