Avropanın səhvi - BU, "MƏHV" KİMİ XARAKTERİZƏ OLUNA BİLMƏZ

Çağımızın düşünəri (mütəfəkkiri) Əlisa  Nicatın  “Hürriyyət” qəzetinin 29-31 mart 2016-cı il tarixli sayında çap olunmuş  “Avropanın  məhvi”  adlı yazısını oxuduqca mövziya uyğun düşünəsi oldum.
Öncə, mən də Əlisa müəllimə qoşulub, bu, “həddindən  artıq” humanist avropalıları o ki var qınayıram. Qınayıram ona görə ki, axı niyə bu mən deyənlər, onları kafir, pis sayan müsəlmanların və digərlərinin ağıldan maylflarlna  qucaq açırlar? Ay bunların  “beləsi, belə...” (Məmməd Araz).
Hörmətli müəllifin vurğuladığı, 100 il qabaq  Oskar Şpenqlerin  yazdlğı, Avropanı saracaq  “qorxunc və nəhəng bir əsarət  və köləlik” gətirən  “kommunizm kabusu” (Karl Marks), elə öz içində (İtalya, Almaniya) yaranan digər, birincinin astar üzü olan faşizm kabusu (1941-ci ildə Alman-Sovet müharibəsi) ilə önləndi və böyük itkilərlə də olsa  səhv düşüncədən, yaşam tərzindən , yəni kommunizm, sosializm xülyasından xilas oldu (Əslində, bu proses daha öncə, Birinci dünya müharibəsində, Alman kəşfiyyatının Lenini  Rusiyaya ötürməsi, sırıması ilə başlamışdı).
Müəllif daha sonra  “Lakin ən böyük təhlükə irəlidə idi. Ona görə bu təhlükə daha qorxulu idi ki, qitənin özündən gəlir, daha doğrusu, bətnində yetişirdi. Bu təhlükə müasir Avropa liberalizmi, humanizmi və əndazə bilməyən insan hüquqları xəstəliyi idi.” deyə, vurğulayır.
Bildiyimiz kimi, hər üç dəyər  - Kommunuzm (sosializm), faşizm  və liberalizm (hüquqi dövlət idarəçiliyi mexanizmi), humanizm (insan huquqları adlı dəyərlər toplusu, sonuncu “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” adıyla BMT-nin Baş Məclisi tərəfindən 1948-ci il dekabrın 10-da 30 maddədən ibarət, “İnsan hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya” isə 4 noyabr 1950-ci ildə 59 maddədən ibarət  Qərbi Avropa ölkələri tərəfindən qəbul olunmuşdur.) Avropada meydana gəlmişdir.
Müəllifin fikrincə, Avropa ona görə “...çürüməyə, məhvə  doğru getməkdədir” ki, “...əndazə bilməyən insan hüquqları xəstəliyi”nə yoluxub və o da sonradan çökən Roma İmperiyasl kimi “Avropa İttifaqı adlı yeni bir qəribə, amma müsbət bir imperiya şəklində birləşmiş”dir.
Əvvəla, təbii qanuna uyğundur ki,  cisim və hadisələrin, təsisatların yaranışını, yaşamasını şərtləndirən amillər aradan yox olduqca, köhnənin məhvi, yeninin yaranması şərtlənmiş olur. Bəşər tarixindəki olaylar buna sübutdur. Bu olaylar kimlərinsə taleyində mənfi rol oynasa da ümumilikdə müsbət sonuclanıb.
Sonrası da, imperiya anlayışı ilə, tərəflərin bərabərhüquqlu ittifaq anlayışını əsla qarışdırmamalıyıq. Aİ, elə ABŞ da formaca imperiyaya oxşasalar da, mahiyyətcə əsla imperiya sayıla bilməzlər. Əgər bunları imperiya saysaq, onda bu anlayış özünün bu günədək daşıdığı mahiyyətini, məzmununu dəyişmiş olar. Müəllifin yazdığı kimi Aİ “...müsbət bir  imperiya şəklində”dirsə, deməli, ən azı ondan ziyan gəlməz. Unutmayaq ki, liberalizm, özünün bütün çatışmazlıqlarına baxmayaraq, bəşəriyyətin bu günə yetirdiyi ən optimal dövlət idarəçiliyi üsulu, yaşam tərzidir. Libaralizmi “yıxıb sürüyənlər” onu əvəz edəcək daha üstün yaşam tərzini ortaya qoymadıqlarından, bu baş verənədək qüvvədə qalacağı, fikrindəyəm.
Hörmətli Əlisa müəllimin bəyənmədiyi Angela Merkellə, Barak Obama isə öz cəmiyyətlərinin (digərlərinə nümunə olacaq ən optimal yaşam tərzinin)  ən optimal seçim nümunələridir.  Məsələn, buna əmin olmaq üçün onlardan birinin – ABŞ pezidenti Barak Obamanın BMT Baş Assambleyasının 30.09.2015-ci ildə Nyu-Yorkda keçirilən yubiley toplantısındakı çıxışını oxumaq yetər.
Əlbəttə, AŞ və Aİ-nın dövlətlər arası münasibətlərdə eyni  cinslərin (adamların) qeyri-təbii intim əlaqəsinin qəbul olunmasını məcburi şərt kimi irəli sürməsi – xəstəliyin, normal həyat tərzi kimi qəbul etdirmək cəhdindən başqa bir şey deyil. Əlisa müəllimin  bu fikrin tərəfdarlarını “insan hüquqlarının manyakları” adlandırması  da tam  anlaşılandır. Lakin, bu xəstəlik cəmiyyətin, dövlətin birliyində, həyatında hansı əsas yeri tuta, çəkiyə malik ola bilər  ki, onun bir xəstəlik kimi mövcudluğu, cəmiyyət olaraq Avropanın məhvinə səbəb olsun? İnsan birliklərinin hər birinin özəl yaranma və dağılma səbəbini şərtləndirən əsas tərkib ayrıca iqtisadi, siyasi və hərbi amillərdir. Bu əsas amillər yarandıqca insan birliyi formaları yaranır, aradan getdikcə, dağılır.
Məntiqlə, ilk olaraq insan birliyi əxlaqı formalaşdıra bildiyindən əsas, əxlaqsa əlavə olay, faktor rolunu oynayır. Lakin, əxlaq oturaqlaşdıqdan sonra toplumun, dövlətin  idarəsində, formalaşmasında önə çıxır, yeri gəldikcə qanunları da əvəz edir və bəzən bu birliklərin müdafiəsində həlledici rol oynaylr. Beləliklə, əxlaq pozulduqda, yaranmış aşırı əxlaqsızlıq bumeranq effekti ilə qayıdıb insan birliiyinin əsas tərkib hissələrini – iqtisadi, siyasi və hərbi amilləri dağldlr. Nəticədə cəmiyyət müdafiə qabiliyyətini itirir, qoruna bilmədiyindən digər üstün qüvvələrin yemi olur. Elə bu səbəbdən də əxlaqsızlıq mövzusu, haqlı olaraq daima əxlaqa dəyər verənlərin çağrışlarında həyacan təbili kimi yer alır. Bu cəmiyyətin özünüqoruma instikdindən irəli gəlir.
İnsan hüquqları sağlam düşüncəlilərin can atdığı optimal idarəçilik forması, sağlam yaşam tərzidir, lakin həddi aşılanda cəmiyyətin özülünü dağıdacaq qədər əks effektli olur. Hər bir normal insan öz həyatını, yalnız, sağlam ictimai mühitdə daha dolğun yaşaya bilir. Bu cür səhvlər də, onlardan  təcrübə nümunıəsi kimi ibrət dərsi almağa ən yaxşı həyat materialı kimi istifadə olunacaq faktordur. Mədəni dünyamıza dahilər, optimal yaşam tərzi verən Avropa yəqin ki, özünü islaha da güc tapar. Məncə, bu toplumlarda görünən məlum çatışmazlıqlar – Avropanın, ABŞ-ın düzələsi mümkün olan səhvi kimi xarakterizə oluna bilər, məhvi kimi yox.
Müəllifin Avropanı bürüyən  miqrantlarla bağlı narahatlığını tam bölüşürəm.  Yazdlğı kimi, belə getsə Avropada “...5-10 ildən sonra yeni, nəhəng, tamamilə pozğun və mənəviyyatsız bir metis millət-Avropa milləti meydana” çıxa bilər. Müəllifin haqlı olduğunu  hələ XX əsrin əvvəllərində fransız dahisi Qustav Le Bon özünün “Sosializm psixologiyası” əsərində belə göstərir  “Xalqların məhvinin səbəbi heç vaxt əqli süqut yox, həmişə onların xarakterinin süqutu olmuşdur.” (Bakı, “Zəkioğlu” nəşriyyatı, 2011,səh.412.) Xarakter isə genlə müəyyənləşir, genin kütləvi qarışması  xarakterin qarışması və itməsi ilə nəticələnə bilər.
Qaçqınlar barədə  23.10.2015-ci il tarixdə “Bəşəri dəyərlərimizi yox edəcək... xeyrxahlıq?!” adlı (“Hürriyyət” qəzetinin 23-25 0ktyabr 2015-ci il və “Müxalifət.az” saytının 26.10.2015-ci il tarixli sayında  yayımlanmışdır) yazımda münasibətimi  və təklifimi bildirmişəm:-“Digər tərəfdən, Avropanı  sosial bataqlığa göməcək bir yükün altına vermək... bu gün, öz üstün dəyərləriylə bəşərin inkişaf bələdçisi sayılan bir ünvanı batırmaqdan başqa bir şey deyil.”,“Məncə, Avropa ölkələrinə lazım olan qədər qaçqın qəbul etdikdən sonra, qalanlarını öz ölkələrinə qaytarmaq, BMT-nin təşkilatçılığı ilə döyüş gedən ölkələrdə neytral zonalar yaratmaq, təlükəsizliyini, təchizatını təmin etməklə, hər ölkənin qaçqınını, öz ölkəsinin ərazisində yerləşdirmək, düzgün və mümkün olardı. Beləliklə, biz, həm məsələni mahiyyətcə həll edər, həm də digər xoşniyyət ölkələri “humanizm bataqlığına”  sürükləməkdən yan keçə bilərdik.”
Mən bu yazını Türkiyə mətbuatına göndərsəm də, lakin üzə çıxarılmadığından Türkiyə və Avropa hökumətləri bu təklifdən xəbərsiz qaldılar. Nəticədə, AŞ ilə Türkiyə arasında mənim təklifimə oxşar, lakin,  qardaş ölkənin ziyanına, yarımçıq razılıq əldə edildi: - Avropaya gedən qaçqınlar Türkiyəyə qaytarılsın, orada yerləşdirilsin, əvəzində ona maddi yardım edilsin. Əslində Avropa bir qədər gec də olsa durumun fəsadlarını anıadığından tədbirli tərpəndi və onu çökdürəcək yükü çiynindən... sadəlövh AKP iqtidarı vasitəsiylə Türk xalqının üzərinə atdı. Böyük uğur qazandığını zənn edən AKP iqtidarından soruşan da yoxdur ki, o, türkün əkmədiyi, doğmadığı yadelliləri (ən çoxu,Osmanlını, ingilislərə satan ərəbləri)  hansı haqla, ixtiyarla Türk xalqına boğaz ortağı edir? Artıq, durum humanist yardımlaşma həddini, borcunu çoxdan  keçib, sosial fəlakətə çevrilmişdir.
Əgər, ölkənin əli yetənləri, informasiya vasitələri özlərinə rəva bilsələr bu təklifi Türkiyə və Avropa gündəminə çıxara bilərlər, bəlkə gərəyləri oldu.

Məmmədxan Əzizxanlı