AVROPALI LİDERLƏRLƏ DANIŞIQLARDA UĞURSUZLUQ RUHANİNİN İSTEFASI İLƏ NƏTİCƏLƏNƏCƏK –"Əl-Cəzirə"dən PROQNOZ

Baxış sayı:
265

İranın xarici işlər naziri ABŞ-ın 2015-ci ilin nüvə razılaşmasından çıxmasından sonra dünya paytaxtlarını gəzib-dolaşır. Çin və Rusiyanın sazişi davamlı dəstəklə təmin etməsi təəccüblü deyil. Hətta Avropa Birliyinin xarici siyasət şefi Federika Moqerininin sazişi dəstəkləməsi gözlənilən idi; o, müqavilənin açıq tərəfdarıdır və rəyi Moqerinini İranda populyar şəxs halına gətirib.
Ancaq önümüzdəki həftə Almaniya, Fransa və Böyük Britaniya liderləri ilə danışıqlar daha mürəkkəb olacaq.
ABŞ prezidenti Donald Tramp hələ prezidentliyə namizəd olduğu dövrdə İranın Yaxın Şərqdəki münaqişələrə cəlb olunmasının tənqidçisi olub. Odur ki, avropalı liderlər amerikalıları sakitləşdirmək üçün İranın ballistik raket proqramına güzəşt axtarır və ehtimal ki, Tehranın Suriyada prezident Bəşər Əsəd, Livanda “Hizbullah” kimi qruplar və Yəməndə husi üsyançılarını dəstəkləməsi məsələsinə toxunacaqlar.
İran liderləri deyir ki, bu münasibətlər müdafiə strategiyasının bir hissəsidir, gərgin bölgədə ballistik raketlər ABŞ və digər güclü ölkələrə qarşı zərurətdir.
Sazişi imzalayan avropalıların təkliflərinə baxmayaraq, öz müdafiə qabiliyyətinin zəiflədilməsi məsələsi masa arxasında müzakirəyə çıxarılarsa, İran nüvə razılaşmasından çıxacaq.
İslami Şura Məclisinin üzvü, milli təhlükəsizlik və xarici siyasət üzrə parlament komitəsinin sədr müavini Kamal Dehqani deyib ki, “milli təhlükəsizlik istənilən ölkədə hər hansı bir fəaliyyətdən daha zəruridir”.
“Əgər milli təhlükəsizliyə təminat verə bilməriksə, heç vaxt iqtisadi inkişafa və ictimai rifaha sahib ola bilmərik, – Dehqani əlavə edib. – Bir ölkə üçün ilk addım və təməl – milli təhlükəsizlikdir və milli maraqlar milli təhlükəsizliyin kölgəsi altında təmin edilə bilər”.
 
Təhlükəsizlik kəsiri
 
Dünya liderlərini İran raketlərinin nüvə başlığı daşıya biləcəyi narahat edir. Ancaq İran bu mövzuda aydın cavab verir: Tehran nüvə bombası yaratmaq niyyətində deyil. Ancaq bir çox dünya liderlərinin bunu dinləmək istəmədiyi də aydın görünür.
Dehqani deyir: “İranın heç vaxt nüvə silahına sahib olmayacaq. Biz nüvə enerjisindən sülh naminə, dinc məqsədlər üçün istifadə etmək istəyirik və kifayət qədər nüvə biliklərinə sahibik”.
Beləliklə, nə üçün heç kim İrana inanmır?
Tehran Universitetində siyasi elmlər professoru Həmid Musəvinin sözlərinə görə, problem ismarışların çatdırılmasındadır. Amerika prezidentinin qəzəbli ritorikası qarşısında İran səsini eşitdirmək üçün mübarizə aparır. “İranın ictimai əlaqələr kampaniyası israillilər və amerikalıların media quruluşlarından daha zəifdir. İranı ittiham etmək üçün onların hər cür vasitələri var. Dünyaya mesaj verməkdə, həqiqətən, son 40 ildə heç nə edə bilməmişik”.
İranın təhlükəsizliyini təmin etmək arzusu İslam Respublikasının başlanğıcından yaranıb. 1979-cu ildəki inqilabdan qısa bir müddət sonra Səddam Hüseyn İran ərazisini işğal etdi. Səkkiz illik münaqişədə ABŞ və İranın Körfəz üzrə ərəb qonşularının bir çoxu Hüseyni dəstəklədi.
İnqilabdan sonrakı dövrdə İran daha müasir hərbi maşına, eləcə də qısa və uzunmənzilli raketlərə malik düşmənə hücum etməyə hazır deyildi. Münaqişə nəhayət, sona çatdı və hər iki tərəf yüz minlərlə qurban verdi.
İranlılar deyir ki, hələ də İraq təyyarələrinin hücumları və ya ballistik raketlərinin İran şəhərinə tuşlanması ilə bağlı siren səslərinin radio və televiziyada səslənməsini xatırlayırlar. İnsanlar səkkiz il daimi qorxu ilə səmaya baxdıqlarını söyləyirlər.
Bu münaqişə İranın milli təhlükəsizlik məsələsinə baxışını formalaşdırıb. Ölkənin kollektiv travması mülki və hərbi liderlərin müasir müdafiə səyləri ilə bağlı qərar qəbul etmə baxışını dəyişdirib.
İranlılar daha heç vaxt cavab vermədən hücum altında olma mövqeyində qalmaq istəmədiklərini söyləyirlər. Beləliklə, bu, bəraət olsa da, Avropa liderləri İrandan uzaqlaşmaq üçün ballistik raket proqramından bəhanə kimi istifadə edirlər.
 
Ruhaninin gələcəyi
 
ABŞ-ın sazişdən çıxması İrana mənəvi yüksəliş vermiş olsa da, bu, Ruhani administrasiyasına şamil deyil. Zərifin səfəri İran iqtisadiyyatı üçün hətta kiçik ölçülə bilən qazanc əldə etməkdə uğursuz olsa, iqtidar dəyişikliyi labüddür.
Parlamentin üzvü Cavad Karimi Hodzui bildirib: “Özüm Ruhaninin əsas tənqidçilərindənəm, amma impiçment haqqında düşünməmişəm, ya da bunun lazım olduğunu fikirləşmirəm… Amma əgər Ruhani belə davam etmək istəyirsə, problemlərlə qarşılaşacaq və hökumət böhranla üzləşəcək. Administrasiyada böyük dəyişikliklər gözlənilir və məncə, Ruhaninin özü istefa verəcək”.
Lakin Hodzui İranı saya almayanların pərişan olacağını söyləyib. O deyib ki, sanksiya qəbuluna baxmayaraq, İranın qonşuları ilə sıx əməkdaşlıqda Birləşmiş Ştatların “psixoloji əməliyyatlar”ının təsirinin qarşını alacaq.
Millət vəkili sanksiyalar dövründə, 1982-1992-ci illərdə İranın 100 milyard dollar dəyərində neft satdığını qeyd edib. “Harada olursa-olsun, iranlıların ayaqları altında sərvət var. Üstəgəl bilik, sivilizasiya, təcrübə, güc, məntiq və təhlükəsizliyimiz. Əvvəlki dövrdə olduğu kimi, sanksiyaların öhdəsindən gələ bilərik”.
Tərcümə: Strateq.az