​AVROPADAN NETANYAHUYA DİRSƏK - İsrail lideri "qoca qitə"dən umduğu dəstəyi ala bilməyib

Baxış sayı:
4748

Lakin Avropa Birliyinin özündə məsələ ilə bağlı həmrəylik yoxdur; Yaxın Şərqin yeni oyunçusu Rusiya üçün əla fürsət yaranıb

Xəbər verdiyimiz kimi, İsrail baş naziri Benyamin Netanyahu Qüdslə bağlı ölkəsinin mövqeyini çatdırmaq məqsədilə Avropa Birliyinin xarici siyasət idarələrinin başçıları ilə görüşüb.
Lakin xarici mətbautın yazdığına görə, İsrail lideri burada umduğu dəstəyi tapmayıb. Avropa diplomatları Yerusəlimin İsrailin paytaxtı olaraq tanımaq məsələsində ən azı formal olaraq həmrəylik nümayiş etdirərək bununla bağlı etirazlarını Netanyahunun diqqətinə çatdırıblar.
Almaniyanın “Handelsblatt” qəzetində çıxan bir məqalədə Netanyahunun Brüsseldə (yəni Avropa Birliyində) xarici işlər nazirləri tərəfindən olduqca isti qarşılandığı, lakin bir o qədər də müzakirələrin soyuq keçdiyi bildirlir.

Birliyə daxil olan dövlətlərin xarici siyasət təmsilçiləri ABŞ prezidenti Donald Trampın son Qüds qərarını tanımadıqlarını bildiriblər. “Bununla bağlı səslənn fikirlər kəskiniyinə görə fərqlənsə də, məzmun etibarilə eyni olub”, - məqalədə deyilir.
Yazıda Birlik daxilində olan bu həmrəyliyin əslində üzdə olduğu vurğulanıb. Çünki son günlərə qədər Avropa ölkələrindən məsələ ilə əlaqədar olduqca ziddiyətli siqnallar gəlirdi. 
Məsələn Macarıstan Trampın qərarını pisləyən ümumi bəyanatın qəbul olunmasına veto qoymuşdu.
Buna görə də Avropa Birliyi xarici siyasət məsələləri üzrə ali komissarı Federika Mogerini bəyanatı ancaq öz adından verməli olmuşdu. Çexiya Xarici İşlər Nazirliyi isə ölkəsinin səfirliyinin Tel-Əvivdən Yerusəlimin köçürülməsi fikrini düşündüklərini bildirmişdi.
 
“Lakin bazar ertəsi hər iki “dezertir” Avropa Birliyinin Yaxın Şərq üzrə ümumi mövqeyinə qatıldıqlarını elan etdilər”,- yazıda qeyd olunur. Diplomatların sözlərinə görə, Birliyin əvvəlki bəyanatına Macarıstan tərəfindən veto qoyulmasının həmin vaxt heç bir mənası olmayıb. Macar baş nazir Viktor Orban sadəcə olaraq Netanyahu və Trampa özünü göstərmək istəyib. 
Mogerini münaqişənin “iki xalq-iki dövlət” prinsipi ilə həllinin yeganə gerçəkci variant olduğunu bildirib.
Bundan əlavə, Mogerini ABŞ hökumətindən gələcəkdəki sülh prosesini və danışıqlar formatının məqsədlərini müəyyən edə biləcək nizamlama planının təqdim olunmasını tələb edib. Lakin Mogerini Trampın kürəkəni və müşaviri Cared Kuşnerlə olan söhbətindən Ağ Ev administrasiyasında bununla bağlı hər hansı bir təsəvvürün olmadığı təəssüratı ilə ayırlıb.
 
“Avropa ölkələri üçün Donald Tramp və Benyamin Netanyahunun konfrontasiyalı siyasəti eyni zamanda həm şans, həm də problemdir. Avropa İsrailin ən böyük ticari partnyoru sayılsa da, Fələstinin də əsas maliyyə donorudur. Lakin buna rəğmən “qoca qitə” Yaxın Şərqdəki proseslərə keçmiş prezident Barak Obamaya arxalanaraq olduqca az təsir göstərirdi. İndi Trampın dövründə Avropa özünü daha ucadan dilə gətirməlidir. Bu səbəbdən Birlik dövlətləri sonuncu məsələdə Fələstindən yana mövqe tutublar”, - məqalədə yazılır.
Yazıda Netanyahunun Trampa güvəndiyi müddətcə güzəştə getməsinin çətin olduğu göstərilib. Bundan başqa, qitə dövlətlərinin bu məsələdə ayrı-ayrı strategiyalar izləməsi Brüsselin əlini xeyli zəiflədir. Avropa Birliyi “iki dövlətli” həlldən yana olsa da, bu həllin necə olacağı və hansı yolla əldə ediləcəyi barədə vahid mövqe yoxdur. Macarıstan, Polşa, Çexiya, Slovakiya daha çox İsrailin tərəfini tutur. Fransa və bir sıra dövlətlər isə Fələstinin tərəfindədir.
Məqalədə bu mənzərənin ən çox Yaxın Şərqdə əsas oyunçu olmaq yolunda irəliləyən Putinə yaradığı vurğulanır. Yazıda Rusiya prezidentinin bölgədə problemə mühüm təsir göstərən Türkiyə, Suriya və Misir kimi ölkələri bir gündə ziyarət etməsi xatırladılır. /Musavat.com/