Avropadan İKİÜZLÜ DAVRANIŞ: Menyudə GÖRÜLƏN KATALONİYA, GÖRÜLMƏYƏN QARABAĞ VƏ PKK-FETO VAR

Natiq Miri

Türkiyədə PKK terrorçularına qarşı alınan tədbirləri demokratiyaya zidd addım kimi dəyərləndirən Avropa Birliyi, Kataloniya liderlərinə qarşı çıxarılan həbs qərarlarının qarşısında səsini belə çıxarmadı.
 
Katalonyanın müstəqillik elanından sonra İspaniya Məhkəməsi, muxtar hakimiyyətin keçmiş lideri Carles Puçdemont ilə 4 nazir haqqında "Üsyan və üsyana təşviq" kimi cinayətlərdən dolayı saxlanma qərarı çıxararaq, 8 naziri həbs edib. Maraqlıdır ki, dünyanın gözü qarşısında separat qərarlardan dolayı 8 naziri həbs etdilər, dünyaya demokratiya dərsi keçən Avropa Birliyinin səsi çıxmadı.
Terror təşkilatı PKK-nın siyasi uzantısı HDP və FETÖ üzərindən Türkiyədə terror törədilir, dövlətə qarşı üsyan və qanuni hakimiyyəti devirməyə cəhd edilir, kütləvi insanlar öldürülür, bunun müqabilində hüquq mühafizə orqanları qanuna uyğun olaraq addımlar atdığı təqdirdə dərhal Avropa Birliyi insan hüquqlarının carçısına çevrilir və Türkiyə hakimiyyətinə qarşı olunmayan basqılar həyata keçirirlər. Maraqlıdır ki, Türkiyədə yüzlərlə insan hərbi çevrilişin qurbanı olsa da, buna adekvat addımlar atılan kimi, bunun adı diktatura, prezident isə diktator olur. Avropanın göbəyində, Kataloniyada bir nəfərin burnu qanamasa da 8 nazir həbs olunur, bunun adı isə demokratiya, hüququn aliliyi olur.
Necə olur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yanaşı 7 rayonu Ermənistan tərəfindən işğal edilir, Avropa Birliyinin beynəlxalq hüququ gözardı edərək bunu öz adı ilə çağırmaması bir yana, üstəlik ermənilərə öz müqəddərratını təyin etmə haqqı tanıyır və bunun referendum yolu ilə həyata keçirilməsini istəyir. Hansı ki, Qarabağda bir separatizm deyil, işğal faktı var və işğal separatizmdən daha ağır cinayət hərəkəti sayılır. Çünki işğal nəticəsində 10 minlərlə insan həyatına son qoyulub. Kataloniyada isə səsvermə(referendum) keçirməklə ayrılmaq istədiklərini bəyan ediblər, Kataloniya hökümətində həbs olunmayan adam buraxmayıblar və Avropa Birliyi də buna qarşılıq susur.
Açığı Avropa adına yuxarıda sadaladığım paralellər böyük utancdır və hüquq adına müqayisəyə belə gəlməz. Amma buna rəğmən heç olmazsa Kataloniya prosesindən sonra Dağlıq Qarabağ probleminin həlli üçün yanaşma tərzində bir dəyişiklik varmı? Yox, təbii. Çünki biz xristian deyilik və Qarabağ cəbhəsində Azərbaycan insanının ölməsi, vətənindən qovulması Avropa Birliyinin maraq dairəsində deyil. Ancaq qalxıb da cəbhədə 10 erməni öldürsən, yaxud bir bölgəni erməni işğalçılarından təmizləsən, üstünə gəlməyən və deyilməyən həqarətlər qalmayacaq. Bu bir şikayət deyil, sadəcə gerçəyin özüdür və həqiqəti görmək üçün Avropa Birliyinin siyasətinə ayna tutmaq istədik. O ki qaldı bizə, deyildiyi kimi, “vuran oğul dayısına yanaşmaz”. Biz proses yaratmadıqca, bizim üçün proseslər yaradılacaq və biz də bunun ardınca sürünməli olacağıq. Eynən 25 ildə olduğu kimi.
Müxalifət.az