Avropada Laçın Məmişovla bağlı kampaniya başlayıb

Jurnalist ölkəyə təhlükəsiz qayıda bilmək üçün Azərbaycan rəhbərliyindən əməli addımlar gözləyir

Avropa və dünyanın bir çox ölkələrində tanınmış insan haqları müdafiəsi təşkilatı olan ACAT jurnalist, "Mühacirlər" sənədli serialının müəllifi Laçın Məmişova qarşı təzyiq və təhdidlərlə bağlı geniş kampaniyaya başlayıb. ACAT-in Almaniya, Niderland, İsvecrə, Fransa, Belçika, Lüksemburq təşkilatları ardıcıl olaraq Azərbaycan prezidenti İlham Əliyevə müraciətlər ünvanlayırlar. Müraciətlərin surəti həmin ölkədə fəlaiyyət göstərən Azərbaycan səfirliyinə də təqdim edilir. Təşkilat fəaliyyət göstərdiyi ölkələrdə başqa nüfuzlu qurumları da imzatoplama kampaniyasına cəlb edir. Müraciətdə jurnalistin barəsində açılan cinayət işinə xitam verilməsi, təqiblərə son qoyulması və onun ölkəyə qayıtması üçün təcili tədbirlərin görülməsi istənilir.

Bununla bağlı Laçın Məmişov yaydığı yazılı açıqlamada bildirir ki, hazırda üzərində işlədiyi "Mühacirlər" sənədli serialının çəkilişləri ilə əlaqədar sentyabrda Avropaya səfər etməli olub. Avropada olarkən Binəqədi Polis İdarəsinin baş müstəntiqi Kərim Xələfov ona zəng edərək polisə gəlməsini tələb edib. Jurnalist ölkədə olmadığını dedikdə cavab alıb ki, gəlməsə, məcburi gətiriləcək. Sonra onun telefonuna sms yazaraq, polisə getməyəcəyi təqdirdə barəsində məcburi gətirilmə haqqında qərar veriləcəyini bildirib. 20 oktyabr 2014-cü il tarixində isə Laçın Məmişovun e-mail ünvanına müstəntiqin adından təhdid məktubu göndərilib.

“20 iyul 2012-ci il tarixdə naməlum şəxslər tərəfindən mənə olunan hücumun da istintaqı Binəqədi Rayon Polis İdarəsi tərəfindən qeyri-obyektiv aparılıb. Hücum zamanı ağır xəsarətlər alaraq reanimasiyaya yerləşdirildim. Xəstəxanadan çıxandan sonra isə həmin ərəfədə yaşadığım Yeni Yasamal ərazisindəki evimin pəncərəsinin güllələndiyini aşkar etdim. Hadisə ilə bağlı 102-ə zəng vurduqda, onlar mənə işi aparan müstəntiqlə əlaqə saxlamağımı tövsiyyə etdilər. Müstəntiq Elçin Əliyev isə həmin ərazinin onlara aid olmadığı üçün Yasamal polisinə müraciət etməli olduğumu bildirdi. Yasamal rayonunun ərazi üzrə olan bölməsində isə ümumiyyətlə ərizəmi qəbul etmədilər. Yenidən 102 xidmətinə zəng vurduqda eyni qaydada polis bölməsinə getməli olduğumu bildirdilər. Həmin hücumu əks etdirən təhlükəsiz şəhər kameralarına düşən video görüntülər ilkin təhqiqat zamanı mənə nümayiş etdirilsə də, sonradan ümumiyyətlə polis əməkdaşları tərəfindən işin içərisindən çıxarıldı. Həmin kadrlarda hücum edən şəxslərin üzləri və baş verən olay aydın görünürdü”, - deyə jurnalsit açıqlamasında bildirir.

Laçin Məmişov qeyd edir ki, hazırda heç bir ölkədə siyasi və ya humanitar sığınacaq üçün müraciət etməyib, bir neçə hüquq müdafiə təşkilatları bu istiqamətdə ona yardım təklif etsələr də, belə bir niyyətdə deyil. “Çünki Azərbaycana qayıtmaq və öz fəaliyyətimi davam etdirmək niyyətindəyəm”, - deyə o bildirir.

Laçın Məmişov xatırladır ki, həmkarı İdrak Abbasovun SOCAR əməkdaşları tərəfindən döyülməsi faktı üzrə cinayət işini də Kərim Xələfov aparırdı. Lakin İdrak Abbasova hücum edənlərin kimliyi bu günə kimi açılmayıb.