Avropa Türkiyədən asılı vəziyyətdə...

Avropa Birliyi Türkiyə ilə “bazarlıq” edib, köçkün krizisini həll etmək istəyir

Avropa siyasətinin ən ağır toplarından biri, bəlkə də birincisi Almaniyanın baş kansleri Angela Merkel Türkiyəyə gəlir. Yanlış düşünməyin, bu səfər Türkiyə tarixinin ən qanlı terror hadisəsində həyatını itirənlər üçün taziyə səfəri deyil. Bu gəliş terror hadisəsinə görə Türkiyənin “yanında olma” diplomatik jesti də deyil. Angela Merkel Türkiyəyə sadəcə siyasi bazarlığa gəlir. Çox düşünsəm də bunun başqa ifadə formasını tapa bilmədiyimdən elə hər şeyin öz adıyla çağrılmasının doğru olacağına qərar verdim.
Bəli, Merkel Türkiyəyə rüşvət təklif etməyə gəlir ki, bunun müqabilində Suriya və Yaxın Şərqdən Avropaya köç edənlərin qarşısını alsın. Çünki qorxurlar. Özü də köç edənlər müsəlman olduqları üçün qorxurlar. Düşünürlər ki, müsəlman toplumu Avropa cəmiyyətlərinə inteqrasiya oluna bilməyəcək, bu da toplumda qütbləşmə yaradacaq və dağıdıcı rol oynayacaq.
Təbii ki, burda başqa səbəblər də yox deyil. Haqlı olaraq düşünürlər ki, əgər yarım milyonluq müsəlman köçkünləri qəbul etsələr bunun arxası gələcək. Çünki Yaxın Şərq ölkələrində savaş, xaos, terror davam edirkən yaxşı gələcək haqda düşünənlərin də Avropa Birliyi ölkələrinə köç etmələrinin qarşısını almaq mümkün olmayacaq.
Ancaq başqa və bəlkə də ən əsas səbəb var ki, bu haqda Avropada rəsmi olaraq heç kim danışmaq istəmir. Bu da milyonlarla müsəlman toplumunun Avropaya köç etdiyi təqdirdə yaxın 10 illiklərdə xristian və müsəlman cəmiyyətlərinin qarşılıqlı qaynayıb-qarışması, inteqrasiyasıdır. Anlayırlar ki, Avropa toplumu getdikcə dinamikliyini itirir, qocalır, doğum səviyyəsi aşağı düşür və ideoloji və inanc sistemində müəyyən boşluqlar yaranır. Buna paralel olaraq xristian Avropa toplumunda İslama meyllilik artır. Xristianlıqda axtardıqlarını İslamda tapanlar çox sürətlə müsəlman olurlar ki, bu da Avropa baş bilənlərini narahat etməyə bilməz. Belə bir dururm isə bu boşluğun məhz müsəlmanlar tərəfindən doldurulacağı “təhlükəsi” yaradır.
Türkiyə yenidən Avropaya qayıdır
Köçkünlər krizi Türkiyə ilə Avropanı yenidən yaxınlaşdırdı. Bir müddət Rusiya ilə strateji tərəfdaşlıq görüntüsü yaratmaq istəyən Türkiyə rəsmi Moskvanın ipinin üstünə odun yığılmayacağını görüncə, yenidən üzünü Avropaya çevirdi. Bu, qərarı o zaman verdi ki, Avropanın Türkiyəyə ehtiyacı yarandı və bu ehtiyacların qarşılanması müqabilində qoca Avropa qitəsi bir çox həssas bildiyi xətlərdən geri çəkilməyə hazır olduğunu göstərdi. Çünki Avropa üçün seçim o qədər də çox deyildi. Ona görə də zaman qazanmaq üçün daha az zərər hesab etdikləri məsələlərdə Türkiyəyə güzəştə getməyə qərar verdilər.
Türkiyədən nələr istədilər və əvəzində nələr vəd etdilər?
Avropa Birliyi zirvəsinin sonunda verilən açıqlamaya görə, Türkiyə Avropaya köç etmək istəyən insan axınını öz sərhədləri daxilində ciddi nəzarətə almalı, bunun qarşılığı olaraq AB Türkiyəyə maddi yardım edəcək və İttifaqla münasibətlərdə bəzi üstünlüklər saxlayacaq. Bunlar sadəcə yol xəritəsinin ilkin razılaşdırılmış prinsipial məqamlarıdır və bu sənədin içinin doldururlması üçün AB Merkeli Türkiyəyə göndərir. Və Merkelin İstanbulda türk liderləriylə görüşləri Türkiyə-AB arasında başlanan yeni bazarlıq dönəminin bir hissəsi olacaq.
Türkiyə hansı məsuliyyətin altına girir?
Bundan sonra Türkiyə Avropaya köç hərəkatının qarşısını almaq məsuliyyətini öz üzərinə götürür. Sərhəd və sahillərin nəzarət olunmasında Türkiyə AB-la əməkdaşlıq edəcək. Köçkünlərin Türkiyədə yerləşdirilməsi üçün yeni düşərgələr qurulacaq. Bu isə 2 milyon yarım köçkünün Türkiyədə qalması anlamına gəlir. Təbii ki, bunun üstünə yeni köçkün dalğasını da əlavə etsək, Türkiyənin nə boyda məsuliyyətin altına girdiyi anlaşılar.
Bu arada Türkiyədən qanunsuz yollarla Avropaya keçən köçkünlərin də yenidən Türkiyəyə qaytarılması məsələsi rəsmi Ankaradan istənilir ki, bu da əlavə məsuliyyət, problemlər deməkdir.
Türkiyənin bu prosesdən qazancı nə olacaq?
Təbii ki,Türkiyə təkcə problemlərlə əhatə olunmayacaq, bunun müqabilində bəzi üstünlüklər də əldə edəcək. Məsələn, bütün bunlara qarşılıq olaraq Türkiyəyə 3 milyard avro yardım edilməsi müzakirə obyektidir. Bundan başqa, Türkiyənin illərdir tələb etdiyi 2 məsələni qəbul etmək üçün AB bəzi addımlar atmalı olacaq. Bunlardan biri, viza sərbəstliyinin tətbiq olunması qərarının daha yaxın bir zamana, 2016-cı ilə çəkilməsi, digəri isə Avropa Birliyinə üzv olma müzakirələrində yeni bir fəslin açılmasıdır.
Reallıq və gözləntilər
Bunlar gələcəkdə müzakirə olunacaq məsələlərdir və açığı bu yöndə müsbət bir qərara varılacağını bəri başdan gözləmək doğru olmazdı. Çünki Avropa Türkiyəni öz içərilərinə almaması üçün Kipr və qondarma “erməni soyqırımı” kimi bir xeyli bəhanə səbəbləri mövcuddur. Sadəcə Avropa üçün indiki kritik məqamda Türkiyə ilə danışıqların başlanması və bəzi verilən vədlər AB ölkələrinə müəyyən zaman qazandıra bilər ki, o zamana qədər də Suriyadan köçkün axınının səngiyəcəyi ehtimal olunur.
Ancaq bunlara rəğmən Türkiyə-AB münasibətlərində yeni bir səhifə açıldığını demək olar. Hansıki, bu da hər iki tərəf adına müsbət bir tendensiyanın başlanğıcı hesab oluna bilər. Ən azından artıq AB-nin Türkiyəyə baxış bucağı dəyişir və Avropa üçün nə qədər gərəkli bir ölkə olduğu gerçəyi ortaya çıxır. Bunun sayəsində AB-nin Türkiyəyə marağı artır.
Siyasi anlamda bir məqamı da vurğulamaq yerinə düşərdi. Belə ki, Angela Merkelin səfəri məhz seçki öncəsinə təsadüf edir. Və təbii ki, bu səfərin terrordan sonra baş tutması seçki öncəsində AKP hakimiyyətinin siyasi təbliği üçün işə yarayacaq. Ona görə də bu səfərin məhz indiyə təsadüf etməsi elə belə deyil və kimin nə deməsindən asılı olmayaraq seçki öncəsində ictimai rəydə AKP hakimiyyətinə dəstək xarakteri daşıyacaq.
Natiq Miri