"Avropa Şurasından çıxmaq Azərbaycan üçün uğurlu variant deyil" - KEÇMİŞ DEPUTAT

Qulamhüseyn Əlibəyli: Avropa Şurasından çıxmaq Azərbaycan dövlətçiliyi üçün uğurlu variant deyil
 
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) daimi nümayəndə heyətinin keçmiş üzvü Qulamhüseyn Əlibəyli "Amerikanın Səsi"nə müsahibəsində AŞPA ilə Azərbaycan arasında yaranmış problemlərdən danışıb.
- Avropa Şurası ilə Azərbaycanın münasibətlərində yaranan gərginliyin səbəbləri nədir?
Bu səbəblər çox müxtəlifdir. Birinci növbədə Azərbaycan Avropa Şurasına daxil olarkən üzərinə demokratiya, insan hüquqları, qanunvericilik sahəsində müəyyən öhdəliklər götürüb. Çox təəssüf ki, həmin öhdəliklər tam şəkildə yerinə yetirilmir. Düzdür, qanunvericiliklə bağlı xeyli dəyişikliklər olub, qanunlar formal cəhətdən bəzi Avropa standartlarına uyğunlaşdırılıb. Amma, demokratiya və insan hüquqları sahəsində xeyli problemlər var. Bu da daim Avropa Şurasının narazılığına səbəb olur. Avropa Şurasının Nazirlər Komitəsində də, Parlament Assambleyasında da bu məsələ dəfələrlə müzakirə olunub. Azərbaycan isə sadəcə olaraq demokratik ənənələrə sadiqliyini nümayiş etdirmək istəmir.
- AŞPA Azərbaycanda demokratik təsisatlar və insan hüquqları ilə bağlı iki qətnamə qəbul edib. Rəsmi Bakının bu qətnamələrlə bağlı mövqeyi qanedicidirmi?
Azərbaycan Avropa Şurası qarşısında müəyyən öhdəliklər götürdüyü üçün vaxtaşırı olaraq monitorinq proseduruna cəlb olunur. Həm demokratik təsisatlar, həm insan hüquqlarının vəziyyəti ilə bağlı məsələ Parlament Assambleyasında müzakirə olunur. Çox təəssüf ki, bu müzakirələrdə əksər hallarda Azərbaycan tərəfi bir növ çox cığal xarakter daşıyan mövqe tutur. Yəni, məruzadə göstərilən fikirləri sadəcə inkar etməklə, bəzən də Avropa Şurasına hədə-qorxu gəlməknən (bu qurumun tərkibindən çıxacağıq və sair) öhdəliklərini yerinə yetirmədiyini ört-basdır etmək istəyir. Hesab edirəm ki, Azərbaycanın mövqeyi bu dəfəki müzakirələrdə də, qəbul edilmiş qətnamələrə münasibətdə də əvvəlkindən ciddi şəkildə fərqlənmir. Müəyyən nəticə çıxarmaq əvəzinə, öz siyasi dəst-xətlərində korrektələr etmək əvəzinə Avropa Şurasını şərləməklə və bir qədər də hədələməklə məşğuldurlar.
- Sizcəş Azərbaycan beynəlxalq tənqidləri liberallaşdırmaq üçün hansı addımları atmalıdır?
Hesab edirəm ki, birinci növbədə demokratik təsisatlarla bağlı məsələlər, - seçkilər, insan hüquqları, mətbuat azadlığı, jurnalistlərə basqılarla bağlı, o cümlədən Turan İnformasiya Agentliyinə son dövrlər olan basqılarla bağlı məsələlər ciddi müzakirə olunmalı və ciddi nəticələr çıxarılmalıdır. Azərbaycan hakimiyyəti Avropa Şurası ilə münasibətlərdə ilk növbədə elə bil daxili auditoriyaya yönəlmiş addımlar atır. Mənə elə gəlir ki, bundan qaçmaq lazımdır. İnsan hüquqları sahəsində gec-tez liberallaşma getməlidir. İnsanların şərlənib həbs olunması praktikasına son qoyulmalıdır. Qanunsuz həbsə alınmış şəxslər azad olunmalıdır. Digər demokratik təsisatların fəaliyyəti ilə bağlı, - seçki hüququnun bərpası, sərbəst toplaşmaq azadlığı (son dövrlərdə iki mitinqin keçirilməsinə icazə veriblər, amma mitinqlərin təşkilində nə qədər problemlər yaranır, mitinqin təşkilatçıları həbsə alınır), bu kimi məsələlərdə Azərbaycan real addımlar atmalıdır. Deklorativ addımlar yox, real addımlar atılmalıdır.
- Azərbaycanın Avropa Şurasından çıxacağı ilə bağlı fikrilər səslənməkdədir? Sizcə Azərbaycanın bu qurumu tərk etməsi ölkə üçün nə qədər sərfəlidir?
- Hesab edirəm ki, istənilən beynəlxalq təşkilatın tərkibində qalıb fəaliyyət göstərmək, ondan kənarda fəaliyyət göstərməkdən qat-qat sərfəlidir. Istisna etmirəm ki, bəzən münasibətlərin gərginləşməsi bizim hakimiyyəti belə addımlar atmağa, belə çağırışlar etməyə məcbur edə bilər. Hesab edirəm ki, əməkdaşlıq mövqeyi tutulmalıdır. Avropa Şurası hər halda Avropada müəyyən nüfuz sahibi olan bir təşkilatdır. Ən azı Azərbaycan haqqında, başqa ölkələr haqqında xeyli müzakirələr aparılır. Azərbaycan bu müzakirələrdə iştirak edir. Ölkə dialoqda iştirak etmək əvəzinə oradan çıxırsa sadəcə itirmiş olacaq. Azərbaycan dövlətçiliyi üçün bir o qədər də uğurlu variant olmayacaq.
Qeyd: Öz növbəsində Azərbaycan rəsmiləri ölkədə tam demokratik mühitin yaradıldığını, qanunsuz həbslərin olmadığını, Azərbaycanın Avropa hüquq məkanında olduğunu bildirir.