“Avropa Şurasından çıxarılan Azərbaycan iqtidarı olmayacaq, Azərbaycan dövləti olacaq” - BƏYANAT

Ümid Partiyası Avropa Şurası ilə Azərbaycan arasındakı gərginliklə bağlı bəyanat qəbul edib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a daxil olan bəyanatda bildirilir:
“Avropa Şurası Parlament Assambleyasında oktyabrın 11-də Azərbaycanda insan haqlarıyla bağlı iki qətnamə qəbul olunub. Qətnamələrdə Azərbaycan hakimiyyəti Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməməkdə, siyasi məhbus məsələsində, insan haqları sahəsində baş verən neqativ hallara görə ciddi tənqid edilib. Bu qətnamələrdən əvvəl də Azərbaycan rəsmiləri Avropa Şurasının rəhbərliyini anti-Azərbaycan mövqe tutmaqda ittiham edirdilər. Çünki Avropa Şurasının baş katibi Tornbörn Yaqland uzun müddətdir ki, Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirmədiyini  deyir, Azərbaycanı Avropa Şurasından çıxarmaqla hədələyir. Azərbaycan rəsmilərinin və hakim partiya təmsilçilərinin açıqlamaları da Rəsmi Bakı ilə Strasburq arasında münasibətləri daha da gərginləşdirir. Artıq Azərbaycanın Avropa Şurasından çıxması ilə bağlı bəyanatlar səsləndirilir.
Ümid partiyası olaraq hesab edirik ki, bu baş verənlər Azərbaycanın demokratik dünyada təcrid olmasına gətirib çıxara bilər. Azərbaycan Avropa Şurasından çıxarsa, bu Azərbaycanla Avropa və beynəlxalq təşkilatlar arasında münasibətlərin soyumasına gətirib çıxaracaq. Digər bir tərəfdən ölkənin  ağır vəziyyətdə olan iqtisadiyyatına daha da zərbə vuracaq, çünki  iqtisadi səbəbdən də Azərbaycan Avropadan uzaqlaşa bilməz. Azərbaycanın əsas ticarət tərəfdaşları Avropa İttifaqı ölkələridir, yeni tikilən boru xətləri ilə daşınacaq Azərbaycan qazının da son ünvanı avropadır. Azərbaycanın Avropa Şurasından çıxması Rusiyanın Azərbaycandakı mövqelərinin güclənməsinə səbəb olacaq. Bütün bunlar isə Ermənistanın və erməni lobbisinin maraqlarına cavab verəcək.
Ümid Partiyası Azərbaycanı Avropanın bir parçası hesab edir, münasibətlərdəki gərginliyə son qoymaq üçün hər iki tərəfi - rəsmi Bakını və Strasburqu qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək dialoqa çağırır. Hesab edirik ki, AŞPA rəsmiləri Azərbaycan əleyhinə sərt addımlardan çəkinməli, hər hansı qətnamə qəbul etmədən əvvəl Bakı ilə dialoqu genişləndirməkdə maraqlı olmalıdır. Rəsmi Bakı isə üzərinə götürdüyü öhtəliklərə əməl etməli,siyasi məhbuslar azad olunmalıdır.Hakimiyyəti dövlət maraqlarını hər şeydən üstün tutulmağa, siyasi məhbus məsələsinə şəxsi qərəz və kin-kudurətlə yanaşmamağa, bu gərginliyin azalması üçün lazımı addımlar atmağa çağırırıq.
Ümid Partiyası digər siyasi qüvvələri  və vətəndaş cəmiyyəti nümayəndələrini də bu həssas dönəmdə, xüsusilə Qarabağ kimi ümummilli bir problemi olduğunu nəzərə alaraq diqqətli olmağa çağırır. Çünki, Avropa Şurasının Azərbaycan əleyhinə çıxardığı qətnamələr yalnız hakimiyyətə qarşı yönəlməyib, bu həm də dövlətə və dövlətçiliyə böyük ziyan vura bilər. Avropa Şurasından çıxarılan Azərbaycan iqtidarı olmayacaq, Azərbaycan dövləti olacaq.
Hər kəsi Azərbaycan dövləti naminə birliyə, üzərinə düşən məsuliyyəti dərk etməyə çağırırıq”.

Muxalifet.az