Avropa Şurasında siyasi komediyalar...

Və yaxud Türk parlamentarilərin Azərbaycana dəstək verməməsinin sirri...

...bizim hakimiyyət də mələk deyil və zamanında Şimali Kiprlə bağlı qətnamənin səsverməsində Türkiyənin yanında olmadığımız bir gerçəkdir. Ancaq bu, qosqoca Türkiyənin də adekvat addım atmasını gərəkdirməz...

Artıq ATƏT və Avropa Şurasının bir işə yaramadığına əmin olan Azərbaycan, müharibə də daxil, başqa alternativlər haqda düşünmək məcburiyyəti ilə üz-üzə qaldı. Bu alternativlərdən biri də Minsk qrupundan fərqli formatlar ola bilər.
 
Avropa Şurası “sinifdə qaldı”

Avropa Şurası Parlament Assambleyasının plenar iclasında Azərbaycanla bağlı iki hesabat müzakirə olundu. Bunlar AŞPA-nın Siyasi Məsələlər Komitəsi tərəfindən britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması”, digəri isə Sosial Məsələlər komitəsi adından Bosniya və Herseqovinadan olan parlamentar Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabatlardı. Birinci sənədin müzakirəsi zamanı ermənilər və əsasən solçu qruplar qətnamənin qəbul edilməməsi ilə bağlı öz təzyiqlərini göstərdilər. Nəticədə lehinə 66 nəfər, əleyhinə isə 70 nəfər olmaqla birinci qətnamə qəbul edilmədi.
Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabatın müzakirəsi zamanı isə bir sıra maddələrin dəyişdirilməsi ilə bağlı deputatlar arasında fikir ayrılığı yaransa da, sonda 98 səs lehinə, 71 səs əleyhinə olmaqla “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabat qəbul edilib.

AŞPA-da səsvermə zamanı siyasi komediya oynanılıb

Plenar iclası AŞPA-nın yeni seçilən prezidenti Aqramunt aparıb. Bu isim Azərbaycan ictimaiyyətinə ölkəmizdə apardığı monitorinqlərlə bağlı yaxşı tanışdır. Amma bu tanışlıq heç də Aqramuntun xeyrinə olan münasibətlə tamamlanmır. Xüsusilə də ölkə müxalifəti Aqramuntu Azərbaycan hakimiyyətilə sövdələşmədə olan bir şəxs olaraq dəyərləndirir. Məhz bunlardan dolayı Aqramuntun Azərbaycanda müsbət və ədalətli bir imicinin olduğunu qətiyyən iddia etmək mümkün deyil.
Ancaq hakimiyyətimizə yaxınlığı ilə tanınan AŞPA sədri plenar iclasa sədrlik etsə də, Azərbaycandan gördüyü “isti” münasibətlərin qarşılığını verə bilməyib. Səsvərmə ərəfəsində Aqramunt çağrılmaq bəhanəsilə sədarət kreslosunu tərk edib, onun yerini isə vitse-prezident tutub. O da təbii ki, əvvəlcədən səhnələşdirilən bu siyasi komediyanın oynanılması üçün pərdələri qaldırıb. Səsvermənin gedişində hələ nəticə görünməmiş elan edib ki, 24 nəfər səsvermədə iştirak etmir və buna görə səsvermə uzadılır. Uzadılan səsvermənin onları qane edən kvorumu əldə ediləndən sonra Robert Volterin məruzəsi səsə qoyulub və 66 lehinə, 70 əleyhinə olmaqla, rədd edilib.
Bu siyasi komediyada siyasilərdən tutmuş Polşa katoliklərinə qədər hər kəs öz rolunu oynayıb. Və bütün bunlar bir niyyətə xidmət edib - həqiqəti ört-basdır etməyə.
 
AŞPA-dakı səsvermədə Türkiyənin eyibi
 
Nəticəyə baxıldığında hiss olunur ki, AŞPA rəhbərliyi qətnamənin qəbul olunmaması üçün çox böyük tər tökməli olublar. Çünki qətnamənin keçməməsi cəmi 4 səslə müəyyən olunub. Və bu 4 səs heç də uzaqda deyil, elə bizim türk qardaşlarımızın vermədiyi səslərdə gizlidir. Görsənir ki, səsvermənin nəticələrinə görə, Türkiyə parlamentarilərindən hamısı qətnamənin lehinə səs vermiş olsalardı, təbii ki, siyasi nəticə də lehimizə olacaqdı. Ancaq təəssüf ki, Türkiyədə olan barışmazlıq və prinsipsizlik burada da özünü göstərib. Heyətdən 2 nəfər PKK-nı dəstəkləyən partiyadan olduğuna görə, ermənilərə simpatiyalarını gizlətməyiblər və ən azından öz sifətlərini ortaya qoyublar. Ancaq buna rəğmən digər 16 nəfərin hamısı səs versəydi, yenə də qətnamə xeyrimizə qəbul olunardı. Ancaq təəssüf ki, bunların içərisində də çatlaq səslər tapılıb və nəticədə 12 nəfər lehimizə səs verib. Çatlaq səslər isə hakim AKP və CHP-dən çıxıb. AKP-dən 2, CHP-dən də 2 nəfər səsvermədə iştirak etməyib. Nəticədə bu 4 səs qətnamənin taleyini həll edib. AKP-dən hətta nümayəndə heyətinin rəhbəri səsvermədə iştirak etməyib. Yəni bu proseslərə bilavasitə məsuliyyət daşıyan şəxs.
Bunun adı qardaşlığa xəyanət deyilsə, bəs nədir görəsən? Düşünürük ki, buna AKP hakimiyyətinin tutarlı cavab verməsi gərəkəcək. Doğrudur, bizim hakimiyyət də mələk deyil və zamanında Şimali Kiprlə bağlı qətnamənin səsverməsində Türkiyənin yanında olmadığımız bir gerçəkdir. Ancaq bu, qosqoca Türkiyənin də adekvat addım atmasını gərəkdirməz ki. Çünki Türkiyədə bir yanlışın başqa bir yanlışla düzəldilə bilməyəcəyini bilməmiş deyillər.
Ayrıca bu yöndə strateji səsvermələr hər zaman keçirilmir və məhz bu qətnamənin qəbulu Qarabağ prosesində kiçik də olsa daşırıcı mahiyyət daşıya biləcəyi gözardı edilməməliydi. Ona görə də Türkiyənin bir türk dövləti olaraq başqa bir türk dövləti olan qardaş Azərbaycana etdiyi yanlışın miqyasını tarix müəyyənləşdirəcək.
Mən qətiyyən irqçi, filan deyiləm və hansısa irqin, millətin başqalarından üstün olmasını da qəbul etmirəm. Çünki hər bir insanın üstünlüyü onun hansı irqə, millətə məxsus edilməsində deyil, Yaradanın insanlıq üçün müəyyən etdiyi qaydalara uyğun yaşayıb, yaşamamasındadır. Buna dinimizdə təqva deyərlər. O üzdən türk deputatların soy qardaşları olan Azərbaycan türklərini türk olduqlarından dolayı gözüyumulu müdafiə etmədikləri üçün qınamıram. Əksinə, soy qardaşılarının haqlı davasında onların səsinə səs vermədikləri üçün qınayıram. Xüsusilə də AKP mənsublarını. Çünki bu partiya İslamın qaydalarını, əxlaqını gözətən bir siyasi güc mərkəzidir.  Belə olduğu təqdirdə məhz İslam ədalətini gözə alaraq, müsəlman qardaşlarının haqlı davasını müdafiə etmək gərəkməzdimi?
Səsvermədə qətnamənin əleyhinə səs vermədiklərini arqument kimi gətirə bilərlər və bu haqqı kimsə onlardan almayıb. Amma onlar bir islamçı olaraq bilməmiş deyillər ki, səs verməmək, bitərəf qalmaq və münasibət bildirməmək passiv davranışdır. Passiv davranışın, passiv yaxşı olmağın isə şərrə, pisliyə yol açdığını kimsə bilməmiş deyil. Bunu da belə bilsinlər və etdiklərinin nələrə səbəb olacaqlarını da anlasınlar. Yoxsa ki, hər şeyi “dövlətin maraqları bunu gərəkdirirdi” kimi İslam əxlaqına zidd davranışlara bağlamaq doğru deyil.

AŞPA da siyasi komediyanın ikinci pərdəsi

AŞPA rəhbərliyi istədiklərinə nail olandan sonra geriyə bir məsələ qalırdı, o da Azərbaycanı küsdürməmək və Ermənistanla Azərbaycan arasında bir balans yaratmaq. Bu da təbii ki, sessiyada qəbul edilən Sərsəng su anbarı ilə bağlı Markoviçin məruzəsi ola bilərdi. Doğrudur, bu sənəddə də işğalla bağlı bəzi müddəalar yer alırdı. Ancaq mahiyyət etibarı ilə bu sənəd siyasi deyil, ekoloji, humanitar xarakterli idi. Ona görə də balansı saxlamaq üçün ikinci sənədə birinci qədər sərt əngəl yaratmadılar. Markoviçin hazırladığı qətnamə 98 lehinə, 71 əleyhinə olmaqla, səs çoxluğu ilə qəbul edildi.
Diqqət etdinizsə, bu səsvermədə də sənədin əleyhinə olan səsin miqdarı 70 civarından o yana keçmir və bu, erməni və havadarlarının Azərbaycan əleyhinə olan potensialın həddini göstərir. Və o da görsənir ki, AŞPA rəhbərliyi əsasən 30-a yaxın deputatın üzərində işləyib. Məhz bu miqyasda olan deputatların səsvermədə iştirak edib-etməməsi qətnamələrin taleyini həll edib. Təəssüf ki, bu böyük oyunun içərisində qardaş Türkiyənin deputat heyətinin rəhbəri və digər şəxslər də iştirak edib.
Əslində, bu sənədin qəbul edilməməsilə AŞPA onsuz da itirmiş olduğu nüfuzuna daha bir zərbə vurmuş oldu. O mənada ki, AŞPA-nın Ermənistanın bir işğalçı ölkə olması ilə bağlı qəbul etdiyi qətnamə mövcuddur. İndi bu gerçəyi təkzib etməklə Avropa Şurası hansı sifətini ortalığa qoydu? Bundan sonra bu qurumun mötəbərliliyinə hansı ölkəni inandırmaq olar? Öz-özünü təkzib edən bir qurumun ədalətinə hörmət olunmasına kimi məcbur etmək olar?
Əslində, bu siyasi komediya ilə AŞ gerçək üzünü ortaya qoymuş oldu və dünya güclərinin geosiyasi maraqlarına, dini təəssübkeşliyə xidmət etdiyini sübut etdi. Və 20-ci əsrin 70-ci illərində Sovet-Amerika qarşıdurmasının məhsulu olan və heç bir işə yaramayan ATƏT kimi qısır qurumdan heç də üstün olmadıqlarını ortaya qoydular. Halbuki Avropa Şurasının Qarabağ kimi problemlərin çözülməsində ATƏT-ə ciddi bir alternativ və ondan üstün olduğunu göstərmək imkanı vardı ki, bunu qaçırdı.
Eyni zamanda prosesə də ciddi ziyan vurdu. Çünki artıq ATƏT və Avropa Şurasının bir işə yaramadığına əmin olan Azərbaycan müharibə də daxil başqa alternativlər haqda düşünmək məcburiyyəti ilə üz-üzə qaldı. Və bu alternativlərdən biri də Minsk qrupundan fərqli formatlar ola bilər. Artıq bu yöndə qonşu İran qolunu çırmayıb və vasitəçi olmağa hazırlaşır. Bu yöndə İran-Rusiya danışıqları olub və savaş tərəfləri də razı olduğu təqdirdə regional bir formatın dövriyyəyə girməsi mümkün ola bilər. Niyə də olmasın!?
Məsələn, Rusiya, İran, Türkiyə, Almaniya, Azərbaycan və Ermənistanın iştirak etdiyi altılıq formatı ola bilər. Eynən Ukrayna prosesində Normand dördlüyü formatı kimi. Maraqlıdır ki, Normand formatında ABŞ yer almır və prosesdə bilavasitə Avropa məkanı ölkələri iştirak edir. O baxımdan ABŞ bir Avropa ölkəsi olmadığından ATƏT-in Minsk qrupunda iştirakı da o qədər doğru və vacib deyil. Sadəcə köməkçi vasitə kimi prosesdə iştirak edə bilər ki, bu da Uorlik kimi tormozlayıcı, zərərverici fəaliyyətin qarşısını almış olar. Və bu mexanizm Minsk qrupuna alternativ olduğu üçün prosesi aktivləşdirə bilər. Bu gecikmiş bir məsələ olsa da artıq alternativlərin dövriyyəyə girmə və Qarabağ prosesini Minsk qrupunun inhisarından çıxarılma zamanının gəldiyini birmənalı demək olar.

Xanım Qafarovanın AŞPA rəhbərliyinə seçilməsi uğurdurmu?

AŞPA-nın sessiyası təkcə əleyhimizə olan hadisələrlə müşayiət olunmayıb, sevindirici məqamlar da olub. Bu, ekoloji xarakterli olsa da Markoviçin məruzəsinin qəbul olunması və xanım millət vəkilimiz Sahibə Qafarovanın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri seçilməsi ilə olub. Ancaq bu olayı həddən artıq şişirtməyin tərəfdarı da deyilik. Çünki qarşı rəqib tərəfin uğurları bu yöndə bizdən artıq və tutarlı olması göz önündədir. Belə ki, Azərbaycana humanitar yönlü bir komitə rəhbərliyi tapşırılırkən, Ermənistan nümayəndə heyətinin başçısı Ərminə Naqdalyana vitse-prezident vəzifəsi layiq görülüb. O baxımdan bu yöndə də balansın ermənilərin xeyrinə dəyişdiyi ortadadır.  

Birinci qətnamənin qəbul olumamasının səbəbləri

Birinci qətnamənin qəbul olunması üçün şərtlər və imkanın olması gerçəyi danılmazdır. Əgər bu, baş verməyibsə, demək ki, ortada ciddi səbəblər toplusu mövcuddur. Birinci səbəb təbii ki, AŞPA rəhbərliyinin də rol olduğu bu siyasi komediyada dünya güclərinin siyasi iradəsidir, hansı ki, qətnamənin qarşısının alınmasında həlledici rol oynadı.
 İkinci və ən tutarlı səbəblərdən biri Azərbaycanın hakimiyyət qollarının birgə sistemli çalışmaq qabiliyyətinin olmamasıdır. Bu gerçəyi qətnamələrin ərsəyə gəlməsində böyük çalışmaları olan millər vəkili Elxan Süleymanov da etiraf edib. Türkiyəli deputatların hamılıqla səsvermədə iştirak etməməsi də bu boşluqları açıqca ortaya qoyur. Xüsusilə də Azərbaycan XİN-in nə qədər yararsız bir qurum olduğu da bu prosesdə də özünü biruzə verdi.
Üçüncüsü, zamanında Azərbaycanın AŞPA da keçirilən səsvermədə prinsipial mövqe qoya bilməməsi də öz təsirini göstərdi. Belə ki, Ukrayna ilə bağlı səsvermədə Rusiyadan yana səsverən Azərbaycan bunun qarşılığını gözləməliydi ki, buna da Ukrayna deputatlarının həvəssiz səsverməsində  gördük.
Dördüncüsü, ATƏT-in Minsk Qrupu həmsədrlərinin sessiyadan öncə verdiyi bəyanatı da bir çağırış idi ki, bu işdə də ən böyük zərbəni o vurdu.
 Beşincisi, Avropanın ən böyük partiyası olan Avropa Xalq Partiyasının sədrinə erməni prezident Sərkisyanın yazdığı məktub da öz təsirini göstərdi. Bunun müqabilində o da öz qrupuna bu hesabata səs verməməyə çağırdı.
Altıncısı, Azərbaycandan fərqli olaraq Ermənistan Avropa Şurasına üzv dövlətlərin prezidentlərini, baş nazirlərini, xarici işlər nazirlərini, hökumət nümayəndələrini bu hesabatın ləğvinə cəlb edə bilmişdilər ki, bu da AŞPA da təmsil olunan hakimiyyət deputatlarının səsvermədə iştirakına təsir etdi.
Yeddincisi, bu qətnamənin qəbul olunmaması həm də Azərbaycanın ABŞ-ın təklif etdiyi atəşkəsin pozulmasını müəyyən edən mexanizmləri qəbul etməməsi ilə əlaqəli ola bilər. Və qətnamənin rədd olunmasını da əslində Azərbaycan hakimiyyətinə təklifin qəbul olunması üçün təzyiq vasitəsi kimi qəbul etmək lazımdır.

Nəticə

AŞPA 2 qətnamənin birini qəbul edib, digərini rədd etməklə əslində siyasətlə humanizm arasında bir nisbət ortalığa qoymuş oldu. Siyasi haqqı Ermənistana tanıyırkən, humanist dəyərləri isə zərərçəkmiş Azərbaycana tanımaqla sifətini qorumağa cəhd etdi.
Başqa tərəfdən, AŞPA-nın bu cür davranışı birmənalı olaraq Qarabağ məsələsində status-kvonun qorunmasına xidmət etdi. Və bundan sonra diqqətləri daha çox atəşkəsin qorunmasına və sakitliyi saxlamaq üçün mexanizmlərin yaradılmasına yönəltmiş oldu. Belə vəziyyət isə təbii ki, Azərbaycanı qane edəcək durum olmadığından alternativlər düşünmək məcburiyyəti yaratdı.
Daha bir nəticə AŞPA-nın bu cür mövqe tutması nə Azərbaycanda, nə də Ermənistanda təqdir olunmadı. Ən azından bunu Ermənistanın müdafiə naziri Ohanyanın AŞPA-nın qərarına münasibətində də görmək olar.
Belə ki, Ohanyan qətnamənin ciddi qəbul edilməməsini məsləhət görüb və AŞPA-da qəbul edilən sənədləri yalan adlandırıb. Bu, əslində Ermənistana havadarlıq edən AŞ-na elə o ölkə rəsmisinin ən gözəl cavab və qiymətidir.
 Ayrıca Nazir Qarabağ separatçılarına “su siyasəti”ni davam etdirməyi də məsləhət görüb. Bu isə o anlama gəlir ki, ATƏT və Avropa Şurası kimi lüzumsuz beynəlxalq qurumların qərarları Ermənistan üçün keçərsizdir. Bu da təbii ki, cəzasızlıq mühiti ilə bağlıdır. Ona görə də bundan sonra Qarabağ probleminin həlli yollarını bu qurumlar çərçivəsində aramağın nə qədər yararsız bir iş olduğu gerçəyi ortaya çıxmış oldu. Və bir sözlə Avropa Şurası bu imtahanda sinifdə qaldı.
Ancaq bu hadisələrdə hər şey təkcə qara rəngdən ibarət deyil. Hər bir işdə bir xeyir olduğu üçün, bu hadisədə də yeni bir xeyir qapısının açıldığını demək olar. Qalır bu xeyir qapısından içəri girmək. Burada da bir çətinlik yoxdur, çünki xeyir qapıları heç zaman qapanmaz. Bizə düşən bu xeyir qapısından içəri girib, Minsk qrupunun yaratdığı statik vəziyyəti dəyişmək üçün alternativlərə baş vurmaqdan ibarətdir.
 
Natiq Miri