​"Avropa Şurası Ermənistanı buna vadar etməlidir" - DEPUTAT

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında “Azərbaycanda demokratik təsisatların fəaliyyətləri” və “Azərbaycanın Avropa Şurasında həmsədrliyi – insan haqlarına münasibətdə gözlənilən inkişaf” adlı məruzələrlə bağlı müzakirələr zamanı bu təşkilatdakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynovun fikirləri Assambleyanın katibliyi tərəfindən nəşr edilərək yayılıb.
Muxalifet.az xəbər verir ki, bəyanatının əvvəlində Rafael Hüseynov Azərbaycanın müstəqillik illərində qazandığı uğurlardan və Avropa Şurası ilə ölkəmiz arasındakı əlaqələrin səmərəli nəticələrindən bəhs edib.
“Düz bir həftə sonra Azərbaycanın ictimai-siyasi həyatında son dərəcə əlamətdar hadisə baş verəcək, ölkə öz dövlət müstəqilliyini bərpa etməsinin 26-cı il dönümünü qeyd edəcək. Gələn il Azərbaycan Respublikasının 100 illiyi təntənə ilə bayram ediləcək. Azərbaycan maddi və mənəvi sərvətlərlə zəngin ölkədir. Lakin bütün sərvətlərin zirvəsində dayanan məhz bu nemət - ölkənin müstəqilliyi, xalqın istiqlal içərisində yaşamasıdır. Son 26 il ərzində Azərbaycan dövlət müstəqilliyi, aparılan müstəqil siyasət sayəsində çox böyük inkişafa nail olub. Ancaq müstəqil dövlət kimi tanınan, təşkilatımızın üzvü olan dövlətlərin hamısı tam müstəqil siyasət yürüdə bilmir, bəzilərinin müstəqilliyi sırf rəmzi səciyyə daşıyır, onlar kənardan idarə edilir, etiraf etdikləri kimi qonşu dövlətin forpostu funksiyasını yerinə yetirirlər.
Ötən illərə nəzər salsaq görərik ki, Azərbaycan Avropa Şurasına üzv olduğu 16 il ərzində demokratik təsisatların inkişafı baxımından böyük irəliləyişlərə nail olub. 70 il qapalı rejim içərisində yaşamış ölkənin qazandığı bu nailiyyətləri xüsusi qeyd etmək lazımdır. Avropa Şurasındakı fəaliyyətinin ilk vaxtlarından Azərbaycana qarşı müstəqillik və demokratik inkişaf tarixi ondan qat-qat uzun olan ölkələrlə eyni tələblər irəli sürülüb. Əlbəttə, bu həm doğru, həm də müəyyən qədər maksimalist yanaşmadır. Yəni demokratiya yolunu tutmusansa, digərləri ilə eyni müstəvidəsən, onlarla ayaqlaşmaq, dəyərlər baxımından onlarla eyniləşmək borcundur. Ancaq müstəqillik, demokratik inkişafa uzun illərdir başlayan ölkələrin daha təcrübəli olmaları, Azərbaycan kimi yeni müstəqil dövlətlərin, gənc demokratiyaların isə bu çətin yolda köməyə daha çox ehtiyac duymaları da nəzərə alınmalıdır. Azərbaycanı öz siyasi təsir dairəsinə qatmağa çalışan dövlətlər və güclərin onu daim kənardan müxtəlif iqtisadi və siyasi təzyiqlərə məruz qoyması da unudulmamalı, Azərbaycan kimi ölkələrə daha həssas münasibət və dəstək göstərilməlidir. Lakin təəssüf ki, bəzən elə həmin qüvvələrin təsiri ilə Avropa Şurasında da zahirən onların özlərinin iştirakı olmadan, lakin onların bilavasitə təsiri ilə güclü təzyiqlər təşkil olunur. Azərbaycan nümunəsində bunu xüsusilə son dövrdə bütün aydınlığı ilə hiss edirik”-, deyə Milli Məclisin deputatı vurğulayıb.
Avropa Şurasının da Azərbaycan qarşısında öhdəliyinin olduğunu bildirən Rafael Hüseynov illərdən bəri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Dağlıq Qarabağ problemi ilə bağlı qurumun özünün qəbul etdiyi qətnamənin real həllini tapması istiqamətində kəsərli addım atmadığına təəssüflənib.
“Azərbaycanın nəyə nail olub, hansı kəsirlərinin hələ də qalması məsələsini araşdırarkən həmişə ölkənin müharibə vəziyyətində olması, 25 ildən artıq müddətdə ərazilərinin beşdə bir hissəsinin işğal altında saxlanması, 1 milyondan çox qaçqın və köçkünün saysız problemləri ilə hər gün üz-üzə qalması da nəzərə alınmalıdır. Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri daim tam şəkildə yerinə yetirməyə səy göstərib. Amma Avropa Şurasının da Azərbaycan qarşısında böyük bir öhdəliyi var. Azərbaycan ərazilərinin işğalının müəllifi olan digər üzv dövləti bu təcavüzə son qoymağa vadar etmək. Təəssüf ki, Avropa Şurası bu haqda hələ 2005-ci ildə rəsmən qətnamə qəbul etsə də, həmin sənədin icrası ilə bağlı son 10 ildən artıq dövrdə bircə addım da irəliləməyib. Başqalarından öhdəliklərini, vəzifələrini yerinə yetirməyi tələb edərkən, bir özünə də baxmalısan. Terrorizmi dövlət siyasətinə çevirmiş, kriminal rejim tərəfindən idarə olunan, iqtisadiyyatı çökmüş, əhalisi gündən-günə daha dərin səfalətə uğrayan Ermənistan nümayəndələrinin Avropa Şurasında hər dəfə yüksələn, irəliləyən Azərbaycan və onun rəhbərliyi haqqında yalanlar, böhtanlarla dolu sayıqlamaları ikrah və gülüş doğurur. Bu saxta çıxışları edənlər öz ölkələrini yaxşı tanıyırlar, əziyyət içərisində olan, ölkədəki səfalətə dözməyərək axın-axın Ermənistanı birdəfəlik tərk edən naəlac ermənilər də onların bu sözlərini eşidirlər. Belə bir məsəl var: “Utanmasan oynamağa nə var ki!” və həmin sözlər bu qəbil çürük bəyanat və çıxışlara çox yaraşır”.
“Azərbaycanın demokratik dəyərlərə sadiq və xalqını sevən ləyaqətli rəhbərliyi, əzmkar xalqı var və kimlərinsə tələblərindən asılı olmayaraq ölkəmizin müasir dünya tələbləri ilə yüksəlməsi yolunda ardıcılıq. Heç bir qərəzli, ədalətsiz yanaşma, heç bir qarayaxma və şər kampaniyası, heç bir bədxah təzyiq Azərbaycanı bu doğru yolundan döndərə bilməz”,- deyə R.Hüseynov Azərbaycanın bütün təzyiqlərə və yaradılan maneələrə baxmayaraq, seçdiyi demokratik inkişaf yolundan dönməyəcəyinə əminliyini bildirib.